Ağlarsan (Teymur Kərimli)
Görünüş
Ağlarsan (30.08.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Vaqiflə Vidadinin məşhur deyişməsini oxuyarkən |
Elə ki yazıldı pensiya kartın,
Ha dur özünü cır, ya da ha dartın.
Həmdəmin olanda telesmartın,
Cavanlıq yadına düşər, ağlarsan...
Ağ saçın başını yasdığa çəkər,
Nəvələr başında yaxşı turp əkər.
Bir yandan podaqra, bir yandan şəkər,
Əllərin, ayağın şişər, ağlarsan...
Elə ki dönüşdü saqqalın yuna,
Gözünü silməyə axtar ağ cuna.
Axırda bənzərsən qoca meymuna,
Sənə kimsə deməz bəşər, ağlarsan...
Ürəyin istəsə balınan kərə,
Deyərlər, ziyandır, yemə, şəkərə.
Daha çağırmazlar xeyirə-şərə,
Nə xeyir bilərsən nə şər, ağlarsan...
Teymur, uşaq olma, su ver gözünə,
Tanrı qismətidir, döymə dizinə.
Kimsə qulaq asmaz haqlı sözünə,
Düz söz ürəyini deşər, ağlarsan...