Ağlasın (Aşıq Heydər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlasın (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Sallana-sallana gələn gözəlin,
Dördü qahqah çəksin, biri ağlasın.
Bir azca toxdasın, gəlsin özünə,
Verməsin özgəyə siri, ağlasın.

Çıxarsın qaranı, geyməsin qara,
Qara olan salıb onu azara.
Al-yaşıl geyinib çıxsın bazara,
Dərdi olan gəlsin bəri, ağlasın.

Aşıq Heydər deyər, hər vaxt gördüyün,
Kor olsun düz işə salan kor düyün.
Allah qismət etsin barı toy-düyün,
Adını deyirəm Pəri ağlasın.