Məzmuna keç

Ağlayıb

Vikimənbə saytından
Ağlayıb
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Bir cavan ölübdü qürbət diyarda,
Vətənin torpağı, daşı ağlayıb.
Bir bağ saralıbdı bahar çağında,
Aqil nalə çəkib, naşı ağlayıb.
 
Nə ucuzmuş bu dünyanın vəfası,
Bir ömrün yoxluğu, bir elin yası.
Dumandan geyinib matəm libası,
Qocaman dağların başı ağlayıb.
 
Atalıq niyyəti yetməmiş sona,
Üç körpə taleyi yaxılıb şama.
Kişnəyib buludlar, tutulub səma,
Tökülüb gözünün yaşı, ağlayıb.
 
Bayraməli, sən də “igidəm”, – deyə,
Çox da bel bağlama namərd fələyə,
“Mənəm” – deyənləri salıb lərzəyə,
Çoxlarının qələm qaşı ağlayıb.