Ağrı dağı (Aşıq Alı)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağrı dağı
Müəllif: Aşıq Alı
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Havalanıb ərş üzünə qalxıbsan,
Dağların sərdarı, nər Ağrı Dağı.
Payızın, baharın olur zimistan,
Səndən əskik olmaz qar, Ağrı Dağı.

Ətəyinə xan atdanır, xun düşür,
Böyük adın mahallara ün düşür,
Hər dağdan irəli sənə gün düşür,
Nə vaxtı açılar dar, Ağrı Dağı.

Səkkizi rizvandı Cənnətin bağı,
Neçə hanası var, neçə otağı,
Nuh gəmisi, Peyğəmbərin bulağı,
Səndə çox nişana var, Ağrı Dağı.

Göstərdin cahanı necə sirr idi,
Tozun qalxdı, İrəvanı bürüdü,
Axşam üstü hər tərəfdən yeridi,
Batırdı ölkəni Pir, Ağrı Dağı.

Əvvəl səndə olub Rüstəm pəhlivan,
Gəzib şahi-mərdan nişanbanişan,
Aşıq Alı təəccübdü hər zaman,
Yarın qardı, yarın nar, Ağrı Dağı.

Xarici keçidlər[redaktə]