Aşıq Ələsgərin Gəncə səfəri
| Aşıq Ələsgərin Gəncə səfəri Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Vüqar Kərimli. "Ozanların söyləmələri". Limit (az.). aab.az. 2005-03-25. 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24. |
Payızın son ayı idi. Aşıq Ələsgər qış tədarükünü görüb anbarları doldurandan sonra şəyirdi Mikailə deyir ki, oğul atları yəhərlə, gedək Gəncədən uşaqlara çılpaqlıq alaq. Mikayıl atları yəhərləyir. Usta-şəyird atlanıb yola düşəndə Ələsgər dillənir ki, a bala, Mikail, sazları da götür. Igidin yaraşığı onun silahıdı, aşığınkı da sazıdı.
Onlar хеyli yol getdikdən sonra Murğuz dağlarını aşıb Göyçədən birbaşa Gəncəyə gəlib çıxırlar. Atları karvansaraya salıb, özləri gecələmək üçün mehmanxanaya yollanırlar. Səhər qalxanda görürlər ki, yaman qar yağıb. Xülasə, gün bir çatı boyu qalxır, günorta olur, hava bir az açılır. Bir qədər bazarlıq eyləyib qurtarandan sonra Ələsgər Mikailə deyir:
— Oğul, ay Mikail, geri getməyə başıqarlı Murğuz dağları bizə imkan verməyəcək. Gərək Şəmkirdən, Tatlıdan, Qovlardan, Qaraqoyunlu dərəsindən keçib Göyçəyə gedək, bu da bir həftəlik yoldur.
Mikail bir qədər narahatlıq keçirərək bildirir ki, bilmirəm, istər bir aylıq olsun, mənim işim var, mütləq getməliyik. Odur ki, yola düşürlər, axşamadək yol gedirlər. Şərin qarışan vaxtı Mikail yorulub əldən düşdüyündən dözməyib dillənir:
— Ələsgər əmi, ay Ələsgər əmi!
— Nədir, ay oğul? — Ələsgər soruşur.
— Deyirəm, adın məğrubla məşruqa dastan olub, bəs buralarda bir dostun, tanışın yoxdumu ki, gedək qızınaq. Dizim əldən getdi ki…
Ələsgər gülümsəyib cavab verir:
— Oğul, bəzi kəndləri artıq keçmişik. Üzümüzə gələn kəndlərdə dost tapıb, isti ocaqda qızınarıq. Əgər tapmasaq, bu sazlar karımıza gəlib kömək olar.
Gethaget, nəhayət, bir kəndin kənarında dana otaran bir oğlana rast olurlar. Ələsgər oglanla salamlaşıb, hal-əhval tutduqdan sonra soruşur:
— Oğul, bizi bu axşam qonaq eyləyən tapılarmı?
— Əmi, bu kəndə "Tatar" kəndi deyirlər. Heç bu kəndin falını açma, qonaqsevər deyillər. Mən özüm bu kəndin ağası Qayım (Çətin) ağanın nökəriyəm. O, eşidə- bilə ki, mən sizi ora qonaq aparmışam, məni qapıdan iti qovan kimi qovar. Amma neyləyim, sizə də kömək etmək lazımdır. Arxamca gəlin. Ağa qapıda olmasa sizi həyətə buraxacam.
Onlar bir qədər yol gedib mənzilbaşına çatırlar. Oğlan tapşırır ki, siz burada gözləyin, danaları danalığa salım, ağa qapıda olmasa içəri keçərsiniz. Oglan dediyi kimi də edir. Aganın görünmədiyini görüb gələnləri həyətə aparır, atları tövləyə salır.
— Əmi, sizi aparacam, amma olmaya-olmaya ağaya deyəsiniz ki, bizi nökər gətirib. Özünüz, görürəm, aşıqsınız. Bilirəm, ağa sizi çaldırıb-oxutduracaq, ancaq mənim də dərdimdən deyərsiniz.
Ələsgərin dərdi bir idi oldu iki. Görəsən, bu oglanın dərdi nədir? Nökər hər ikisini evə aparıb içəri salandan sonra qapını arxasınca bağladı. Ələsgərlə Mikail içəri girib nə görsələr yaxşıdır. Ağsaqqal, qocalmış bir kişi taxtın üstə dirsəklənib, ayaq tərəfində isə cavan bir qız oturub. Sanki Allahın könlü olanda bu qızı suyun qüdrətindən yaradıb. Qızın 18–20 yaşı ola, ya olmaya.
Qonaqlar ela içəri daxil olmuşdular ki, Ağa qışqırdı:
-Aya, kimsiniz, belə düz-düzünə girirsiniz? Bir xəbər almaq yoxdumu?
Ələsgər dillənir:
— Ağa, başına dönüm, yol adamıyıq, yoldan keçirdik, gördük ki, belə bir imarət var. Fikirlaşdim ki, bu cür imarətin sahibinin səxavətli də ürəyi olar. Onun üçün də, soyuq bizi təntitmişdi deyə, birbaşa, soruşmadan girdik içəri. Münkünsə, bizi qonaq edin.
Ağa qonaqları təpədən-dırnağa süzüb deyir:
— Elə yaxşı bəhanə tapdınız.
Bu vaxt qız yerindən qalxıb ağanın qulağına nə pıçıldayırsa ağanın həniri batır. Gələnlərə yer göstərirlər. Yemək vaxtı gəlir. Allah verəndən gətirirlər süfrəyə, nuşhallıq edirlər. Yatmaq vədəsi çatanda keçə-küçədən yerə töküb yer salırlar. Ələsgər baxır ki, axşamkı qız (hansı ki, Ələsgər elə bilib ki, ağanın qızıdı) gedib ağa ilə yatdı. Mikail xor-xor başladı yatmağa, amma ilan vuran yatdı Ələsgər yatmadı. Gecədən az keçmiş qapı açıldı, nökər içəri girdi. Ələsgər soruşdu:
— Oğul, deyirdin dərdin var, bəs dərdin nədir?
Oğlan astadan cavab verdi:
— Əmi, başına dönüm, o qızı gördünmü, ağa mənə gətirmişdi. Gözəlliyinə susyuyub onu da mənə çox gördü, özünə arvad elədi.
Sanki Ələsgərin başına bir qazan qaynar su tökdün. Üzünü oglana tutub soruşdu:
— Oğul, ağanın sənəti nədir?
— Molladı.
Ələsgər köksünü ötürüb dedi:
— Vay… oxuduğu belini qırsın! Oğul, bəs sənin adın nədir?
— Adım Əhməddir. Nökər Əhməd deyirlər.
Ələsgər Mikaili dümsüklədi ki:
— Oğul, sinəm yandı, qalx o sazı bura gətir.
Hər şeydən xəbərsiz olan Mikail tənbəl-tənbəl dilləndi:
— Ələsgər əmi, gecənin bu vədəsi dəli-zad olmamısan ki. Vallah, dizim yenicə qızıb. Eşikdəki çovqundan xəbərin varmı?
Ələsgər nə qədər eylədisə Mikail durmadı. Nökər Əhməd işi belə görüb, sazı gətirməyə özü getdi. Heç beş dəqiqə keçməmiş Ələsgərin sazını gətirib ona verdi. Ələsgər elə yenicə zil bəndinə kök vurmuşdu ki, ağa yuxudan oyandı:
— Ayə, bu nə səsdi?
O, lampaya xod verəndə gördü ki, axşamkı qonağı sinəsində də saz dayanıb orta dirəyin dibində, Əhməd də çənəsinin altını kəsib. Aga başa düşür ki, gələnlər aşıq imişlər. Ələsgər baxıb görür ki, axşam rəngi gün kimi şəfəq saçan qızın indi rəngi bahar buludu kimi solub. O, heç kəsə danışmaga imkan verməyib, "Göyçə gülü" havasında götürür görək nə deyir:
Ədalət axtaran, təriqət bilən,
Haqlıx eyləyirsən, haqq dinə bax-bax.
Hökmüdarı, havadarı yada sal,
Həzrət Suleymanın taxtına bax-bax.
Oxuduğun Quran hardandı, hanı,
Hansı yola dəvət edir insanı?
Salıbsan zindana gözəl bir canı,
Iqbalına bax-bax, bəxtinə bax-bax.
Ələsgər də bəd işləri aralar,
Oxa tutar günahkarı yaralar,
Qoca səfa sürər, gözəl saralar,
Zamanına bax-bax, vaxtına bax-bax.
Ələsgər sözü tamam etsə də sazı yerə qoymur.
Bu vaxt Ağa xəbər alır:
— A qoca, əslin hardandır?
— Göyçədən, — deyə Ələsgər cavab verir.
— Göyçəli aşıq Ələsgəri tanıyırsanmı?
Ələsgər adını heç yerdə deməzdi, öz sözünü deyib qurtaranadək. Hələlik isə onun deyiləsi sözləri çox idi. Elə agzını açırdı ki, desin Ələsgəri tanımıram, bu zaman Mikail keçəni başından atır və deyir:
— Ağa, başına dönüm, elə o,-adı batmış Ələsgər budur da.
Ələsgər hər yerdə deyərmiş, mən Solaxqəyəm, amma Mikail baltanı birbaşa daşa vurdu. Daha iş-işdən keçdi. Ələsgərin adını eşidən ağa dik ayağa qalxdı, Ələsgərlə bərk-bərk qucaqlaşıb öpüşdü. Əhmədə əmr etdi ki, nökər-naibi, qaravaşı, hamısını bura çağırsın. Mahalda olan bəylər, ağalar, xotkarlar yuxudan durğuzulub Qayım ağanın məclisinə dəvət olundular. Aşbaz qazanları ocaq üstə, draxdın samovarı dəmdə, Qayım ağanın həyəti də adam əlindən bulaq kimi qaynamaqda idi. Gələn bəylər Ələsgərlə, Mikaillə görüşüb keçirdilər süfrənin arxasına. Ələsgər rüzgarı belə görüb "Ağır şərili" havasında götürür, görək nə deyir:
Çəkdi qəza, gördü gözlərim nələr,
Bu dünyanın qeylü-qalı varıymış.
Yaman günün olmaz yaxşlı bir halı,
Yaxşı günün yaxşı halı varıymış.
Ələsgər baxır ki, Ağa yaman fikrə dalıb. Nökər də ki, arxadan elə hey işarə edir ki, bəs məndən niyə demirsən. Ələsgər götürür sazı, görək nə deyir:
Çətin ağa, niyə fikrə dalıbsan,
Nökərə gətirib özün alıbsan?
Tanınmaz mehmana keçə salıbsan,
Saydığın qonağa xalı varıymış.
Elə bu sözləri Ələsgər demişdi ki, Mikail Ələsgərin dizini basdı ki, aya, sənin dilinə düyün düşsün, mən bilirəm, dilin dinc duran deyil, ağa bizi qovacaq, dizim yenicə qızıb, eşikdəki çovgundan xəbərin varmı? Ələsgər Mikailə üzünü tutub:
Mənim bu sözümə bir qiymət ola,
Qiyməti verməyə mərifət ola,
Kişidə kişilik, səxavət ola,
Neylərəm ki, cah-cəlalı varıymış.
Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm sözün yeri gələndə,
Insan üznü görməyəsən dönəndə,
Açılanda xoş camalı varıymış.
Atəş alıb çox da yanma Ələsgər,
Sənətindən heç oysanma Ələsgər,
Öz-özünə qubarlanma Ələsgər,
Bu dünyanın Rüstəm-Zalı varıymış.
Söz tamama çatır. Sazın çalınmasına razı olmayan Mikail indi Ələsgərə "əhsən" söyləyir. Və yenidən özünü vurur plovun, bozartmanın canına. Ələsgər işi belə görüb, "Dastanı" havasında üzünü Mikailə tutub deyir:
Mikail, bu qoca əmini tanı,
Kəm ağlın nə kəsir bu toydan indi?
Razı qalmayırdın sazı çalmağa,
Döşə bozartmadan, pulovdan indi.
Gələndə gördünmü dana dal-dala,
Halal xoşun olsun cana daldala,
Bürüşmüşdük biz yan-yana, dal-dala,
Yaxşı qurtarmışıq bu xoydan indi.
Hər yana gedəndə ər kişi tanı,
Məclisə girəndə sər kişi tanı,
Ustad Ələsgəri nər kişi tanı,
Elə bil açılıb culoydan indi.
Söz tamama yetişdi. Ələsgər sazı yerə qoymamış nökər Əhməd Ələsgərin alt çənəsini kəsdi ki, Ələsgər əmi, elə bir sözlə "Nökərə gətirib özün alıbsan" deyib qurtardın. Bəs bizim dərdimizi nə vaxt deyəcən? Ələsgər yan tərəfə baxdı ki, qız ağlayır nə ağlayır, göz yaşı elə bil bahar bulududur. Ələsgərin ürəyi elə qubar edir ki, hələ heç belə qubarlanmamışdı. Götürür sazı, "Naxçivanı" havasında görək nə deyir. Saz çalınanda qız gülümsəyir.
O qəmli könlünü, müşkül halını
Bilmiyən də yazıq, bilən də yazıq.
Ağlasan ağlaram mən səndən betər,
Dağladın sinəmi güləndə yazıq.
Bir mərdi sevəydin, sirdaş olaydın,
Könlünü verəydin, peşkaş olaydın,
Kaş ki, quruyaydın, bir daş olaydın,
Əzəldən bu evə gələndə yazıq.
Bu sözlərdən qız kövrəlib ağlayır. Amma ağanın deyəsən heç qanmaqla arası belə yoxuydu. Allah "o tərəfdən" vermişdi. Ələsgər götürür daha o biri bəndi:
Qaydadır hasara qala söykənə,
Igid arxasına xala söykənə,
Cavan üzü ağ saqqala söykənə,
Yaşayan da yazıq, ölən də yazıq,
Ələsgər durarmı mətah satmasa,
Igid sarsıyarmı bəxti yatmasa,
Iki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq.
Söz tamam olur. Məclis tamamlanır. Gecəni yatırlar, səhəri Allah verəndən yeyib-içib, Ağa ilə sagollaşıb yola rəvan olurlar. Əhməd kəndi çıxanadək qonaqlarla gedir. Qonaqlar atlanıb yola düşəndə üzünü Ələsgərə tutub deyir:
— Ələsgər əmi, bəs məni hansı od-alovda qoyub gedirsən?
Ələsgər atın başını çəkir. Götürür görək "Cəlili" havasında Əhmədə nə deyir: Xoşbəxt olun.
Mən gedirəm, oğul, sizin ellərdən,
Könlüm bu diyardan əl çəkə bilməz.
Bülbül dəm-dəm çəkər gülün qəhrini,
Bülbülün qəhrini gül çəkə bilməz.
Birinci bəndin tamamında Əhməd dillənir ki, Ələsgər əmi, heç nə qanmadım. Ələsgər belə bir məsəl çəkir:
— Bir çoban qoyunu arxa töküb suvarırmış. Qoyun su içir, çoban da "qurrey-qurrey" deyə səslənir. Kənardan keçən bir nəfər deyir: Aya, doğurdan da çobansan. Heyvan su içir, daha qurrey nədir. Çoban cavab verir ki, aya, içində o qədər sənin kimi başa düşməzləri var ki, "qurrey" deməsəm başa düşmür. Indi də, oğul, deyəsən sənə də bir "qurrey" deməsəm, başa düşməyəzsən. Götürür, görək nə deyir:
Gün xoş keçər əldə dövlət, var olsa,
Zərrəcə əlində ixtiyar olsa,
Şahlar-şahı bir kişiyə yar olsa,
Yığılsa ayağnı el çəkə bilməz.
Ələsgərəm, darlıq edir yol mənə,
Uzaq düşdü vətən mənə, el mənə,
Fələk verib, oğul, dərdi bol mənə,
Yükləsəm yüz qatar, fil çəkə bilməz.
Əhməd başını tərpədib deyir:
— Ələsgər əmi, indi başa düşdüm. Deməli, bəxt mənə yar olsa heç kəs ayağımdan çəkə bilməz. Indi nə edim?
— Bu saat get tövlədən iki yaxşı at yəhərlə. Hərəniz birini minin. Sizi Qaraqoyunlu dərəsinin polad ayrıcında gözləyəcəm.
Əhməd Ələsgərin dediyi kimi də edir. Cəmi həsrətlər bir-biri ilə qovuşsun. Bu iki sevgili də arzularına çatırlar. Ələsgər bunları aparır Göyçəyə, orada gözəl bir məclis qurur.