Aşıq (Abbas-Şenlik)

Vikimənbə saytından
Aşıq
Müəllif: Şair Abbas, Aşıq Şenlik
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.91-92

   
Abbas:
Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,
İndi vuraram sinənə dağ ilə düyün, aşıq.
Tərlan kimi yol gözlərəm mən ovgah yerlərində,
Sən əlimə şikar kimi düşübsən bugün, aşıq.

Şenlik:
Arzulayıb gəlmişiydim mən sizi deyin, aşıq,
Heç mi səndə yox məhəbbət, ey qəlbi xain, aşıq.
Əvvəl çox hərcayı getmə, sonra peĢman olarsan,
Nə zaman ki, alt edərsən, o zaman öyün, aşıq.

Abbas:
Yenə vurdu eşq atəşi, sevda səri görünü,
Sən təki neçə aşığın açdım gizlin sirrini.
Cəngiynən qəzəbə gəlib görsən hasmın zorunu,
Əsdə gəldin bu meydana, qaçarsan yəqin, aşıq.

Şenlik:
Aslı şirrət mazaratdan qaçıb qurtulmaq haqdı,
Zatında hiylə görünür, fitneyi-feli çoxdu.
Düşübsən aslan cənginə, heç mi xəbərin yoxdu,
Tutaram indi başına bir olmaz oyun, aşıq.

Abbas:
Aşıq Abbas abdal olmuş, eşq ucundan dəlidir,
On iki imam Çaryarlar bir Xudanın quludur.
Açsam gizlin mətahımı, ləli-gövhər doludur,
Dürrü-cəvahir görünür ayanbaayan, aşıq.

Şenlik:
Bəyanbabəyan bilirəm nə fitneyi-feldəsən,
İstərsəm zirdəst eylərəm zəpti mümkün əldəsən,
Düşdün Şenlikin bəhrinə abı ümman seldəsən,
Necəsən ki, qərq eyləyəm hiyləgər layin, aşıq.