Məzmuna keç

Aşıq Heydərlə Aşıq Məhəmməd

Vikimənbə saytından
Aşıq Heydərlə Aşıq Məhəmməd
Müəllif: Aşıq Heydər və Aşıq Məhəmməd

1920-ci ilin noyabr ayında Güllübulaqlı Aşıq Nəsibin dəvəti ilə Aşıq Heydər Güllübulağa gəlir. Burada Aşıq Nəsib Aşıq Şenliyin əziz xatirəsinə böyük məclis təşkil edir. Aşıq Şenliyin “Lətif Şah” dastani Aşıq Heydərə həvalə olnur. Bir həftə çəkən məclis böyük təm- təraqla başa çatır.
Aşıq Nəsib Aşıq Heydərın qarşılaşdığı çərinliklərdən tam halı idi. Ona görə də məclisə nə yığılmışdırsa hamısını Aşıq Heydərə verir.
Payizin qarlı- şaxtalı havasında Güllübulaqdan yola çıxan Aşıq Heydər günortaya yaxın Daşkörpü kəndinə çatır, lakin güclü dağ boranının qalxdığından öz kirvəsi Məşədi Zaloygilə getmək qərarına gəlir.
Aşıq Heydər əvvəllər həmişə Qars və Gümrüdən məclislərdən gələn zaman Məşədi Zaloyun əziz qonağı olurdu. Aşıq Heydər qazancının bir hissəsini Məşədi Zaloya verib deyərdi:
- Kasıb adamsan, bu pulları götür, xeyir var, şər var, lazımın olar.
Elə bu işlərinə görə də Məşədi Zaloyun ən sevimli qonağı Aşıq Heydər idi.
Vaxtıilə üzünə taybatay açılan qapılar, taybatay baglandı. Qapını açan olmadı ki, olmadı. Lakin içəridən Məşədi Zaloyun asta danışığını hiss edən Aşıq Heydəri təccüb bürüdü.
Məşədi Zaloy öz kiçik oğluna astadan dedi;
- Bala, qapını açma! qələt elədim, yol kənarında ev tikdim, hər yoldan keçən deyir məni qonaq elə!
Uşaq isə dilləndi:
- Ata, gələn Aşıq Heydərdi.
Məşədi Zaloy:
- Bu lap pis! İrandan gəlib, acın-gicin biridi, nəsə istəməyə gəlib!
İşi belə görən Aşıq Heydər kor- peşman geri qayıdır. Kəndin içində ona Daşkörpü kəndinin ağsaqqalı Qəhrəman kişi rast gəlir. Qəhrəman kişi Aşıq Heydərin soyuqdan tir- tir əsdiyini görüb onu öz evinə götürür.
Axşam Qəhrəmanla Aşıq Heydər şırin söhbətlər edirlər. Aşıq Heydər İranda başına gələnlərdən və öz qardaşı oğlunu Araz çayının qırağında dəfn etməsindən danışır.
Nə isə, səhər açılır. Qəhrəman kişi Heydərə altdan geyinmək üçün isti paltar verir və deyir:
-Aşıq Heydər, sən Məşədi Zaloydan incimə, meşə çaqqalsız olmaz, bu sağolmuşun gözünü pul tutub.
Aşıx Heydər isə gülümsəyərək deyir;
-Mənim heç kimdən inciməyə ixtiyarim yoxdur, bircə o böyük yaradan bizlərdən inciməsin. Ancaq Qəhrəman kişi, belə qohumluq olmaz axı. Bir qələm götür, mən deyim sən yaz.

Görək Aşıq Heydər Məşədi Zaloya nə deyir.

Salam Əleyküm, Məşədi,
Məşədi bir ağa kişidi.
Kişi əl - ayağım üşüdü,
Kirvə, məni qonaq eylə.
 
Gəlirdim Güllübulaqdan,
Boran da qaxdı qabaqdan.
Utan bizim kirvalıqdan,
Kirvə, məni qonaq eylə.
 
Bozqaladan qaxdı duman,
Şalvar altda yoxdu tuman.
Məşədidən qaçır iman,
Kirvə, məni qonaq eylə.

Aşıq Heydər bu yerdə sözünü yarımçıq qoyaraq Qəhrəman kişiyə dedi:
- Sağ ol, Qəhrəman, sənin bu yaxşılığın yadimdan çıxmayacaq. Nə bildin ki, mənim alt tuman - köynəyim yoxdu. Qəhrəman kişi isə gülə - gülə dilləndi:
- Aşıq Heydər, mən uşaq deyiləm ki, sən soyuqdan tir- tir əsirdin.

Bu dəmdə Aşıq Heydər aldı görək nə dedi:

Görüm səni burda tək qal,
Qonaq eylə məndən haqq al.
Boynu yoğun, özü çaqqal,
Kirvə, məni qonaq eylə.
 
Boran imkan vermir, əsir,
Maşqı da amanım kəsir.
Aşıq Heydər tir-tir əsir,
Kirvə, məni qonaq eylə.

Aşıq Heydər Qəhrəman kişi ilə sağollaşıb öz doğma kəndi Düzkəndə gəlir.
Aradan bir xeyli keçməmiş Aşıq Heydərın bu qoşması toylarda və məclislərdə səslənməyə başlayır.
Bu sözlər Məşədi Zaloya möhkəm təsir edir.
Məşədi Zaloy Aşıq Heydərdən əvəz çıxmaq məqsədi ilə Güllübulağa Aşıq Nəsibin yanina gəlir. Aşıq Nəsibə pul təklif edərək deyir:
- Aşıx Nəsib, sən bu mahalda tanınmış aşıqsan, Aşıq Heydər məni el- obada biyabır edib, ona bir həcv yaz, nə istəsən verərəm.
Aşıq Nəsib hirsli vəziyyətdə yerindən duraraq dillənir:
- Ayə, sən nə həyasız adamsan, adıni Məşədi qoymusan, özün də ziyarətdə olmusan, sən lap iblissən ki, mən nə vaxtdan pulla özgələrinə böhtan yazıram, bir də ki, kimə Aşıq Heydərə, onun cörəyi sənə haram olsun. Sənə pul verəndə yaxşı adam idi, indi ermənilərin əlindən İrana qaçdi, sonra lüt qayidıb, pis adam olub. Necə gəlmisən, dur elə də geni get, mənim evimdə şeytana yer yoxdu. O ki, qaldı Aşıq Heydərə, o həm Allahin quludu, həm də böyük aşıqdı, ona canımı da qurban verərəm.
Bu sözlərdən sonra Məşədi Zaloy kor- peşman geri qayıdır. Ancaq Məşədi Zaloy Aşıq Heydərdən heyif çıxmaq üçün növbəti fitnəyə əl atdı.
Yaz başı Məşədi Zaloy at furqonuna iki yaxşı erkək qoyub Öksüz kəndinə Aşıq Məhəmmədin evinə gəlir. Aşıq Məhəmmədən xahiş edir ki, Aşıq Heydərə bir həcv yazsın. Aşıq Məhəmməd əvvəl bu işə razı olmur. Sonra erkəkləri görəndə kişini tamah basır, şeytan aldadır. Son sözü bu olur ki, mən gərək Aşıq Heydərə elə bir toy tutam ki, öz toyu yadından çıxsın. Gərək Aşıq Heydər Məhəmmədin adı gələndə sıçan deşiyini satın alsın. Ancaq bu heç belə də olmur, Aşıq Məhəmmədin özü pis vəziyyətə düşür.
Əzizlərim bu əhvalat belə baş vermişdir.
Günlərin birində Düzkəndli rəhmətlik dəllək Qəfər (Aşıq Heydərin qonşusu olub) Öksüz kəndində bir sünət məclisində olur. Məclisi Aşıq Məhəmməd aparırdı, cavanlardan biri Aşıq Məhəmmədin Aşıq Heydərə yazdığı həcvi oxumağı xahiş edir. Aşıq Məhəmməd bunu demək istəmirdi, ancaq mazarratlar yerdən dillənərək deyirlər:
-Aşıq Məhəmməd, səni belə qorxaq bilməzdik, hər aşıq öz sözünün sahibi olmalıdır.

Elə bu dəm də Aşıq Məhəmməd sözə başlayır:

Gedəndə Arazdan keçdin,
Gələndə suyundan içdin.
...
Niyə gəldin qara Heydər?
 
Yol üstə bir dam tikmişəm,
Dörd yanında xan tikmişəm.
...
Niyə gəldin qara Heydər?
 
Həm ağayam, həm nökərəm,
Basıb gözünü tökərəm.
Sinən üstə dağ çəkərəm,
Niyə gəldin qara Heydər?
 
Məşədi bir ağa kişidi,
Yediyi kətə, pişidi.
Deyinmək arvad işidi,
Niyə gəldin qara Heydər?
 
Adını aşıq qoymusan,
Bütün mahalı soymusan,
... yeyib, doymusan,
Niyə gəldin qara Heydər?
 
İtiləmişəm ülgücümü,
Sənə göstərrəm gücümü.
Tanrı qorusun bicimi,
Niyə gəldin qara Heydər?
 
Öksüzdə meydan mənimdi,
Məşədi sənə qənimdi.
Canın çıxsın, di öl indi,
Niyə gəldin qara Heydar?
 
Bu mahaldan ar eylərəm,
Dəmxananı dar eylərəm,
Səni burda xar eylərəm,
Niyə gəldin qara Heydər?
 
Açmışam urfan meydanı,
Məhəmmədi yaxşı tanı.
Ağbabanın cin – şeytanı,
Niyə gəldin qara Heydər.

Aşıq Məhəmməd yenə sözə başlamaq istəyirdi ki, bu dəmdə məclisdə əyləşən Aslan ağa istehza ilə dilləndi:
- Aşıq Məhəmməd, heç olmasa Qəfər kişidən eyib elə, sözün varsa söz daniş, axı sənə söyüş, böhtan söyləmək yaraşmaz. Mən Aşıq Heydəri yaxşı tanıyıram, axı sən o kişinin bir put çörəyini yemişən, bu dediyin sözlər Heydərə çatsa sözünün arxasında dura biləcənmi.
Elə bil Aşıq Məhəmmədin başına qaynar su tökdülər. Heç səsi də çıxmadı.
Rəhmətlik Qəfərin boğazından cörək keçmədi. Yarımçıq məclisi tərk edərək başı alovlu özünü kəndə, yəni Aşıq Heydərgilə saldı.
Aşıx Heydər molla Rzaqulu ilə oturub şirin söhbət edirdi. O Qəfəri bu vəziyyətdə görüb təccüblə soruşdu:
- Qəfər, sənə nə olub, belə qan- tərin içindəsən? Axı sən Öksüzdə sünnət məclisidə olmalı idin? Olmaya üzünə yaxşı baxmayıblar?
Qəfər hirsli vəziyyətdə dilləndi:
- Kəs səsini, Aşıq Məhəmməd nəyin vardısa ona söydü, mən də məclisi yarımçıq qoyub gəldim.
Heydər gülümsəyərək dilləndi:
- Qəfər kişi cox nahaq məclisi yarımçıq qoyub gəlmisən, mən onun sözlərini eşitmişəm, bu onun işi deyil, Məşədi Zaloyun iki erkəyinin işidi.
Qəfər yenə hirsli vəziyyətdə dilləndi:
- Ayə, mən səni bir kişi bilirdim, susmaq hər şeylə razılaşmaq deməkdir axı. Daha mən sənin yerinə utandığımdan Öksüzə ayaq basa bilmərəm. On günə kimi Aslan ağa məni öz oğlunun sünnət məclisinə çağırıb, mən hansı üzlə bir də Öksüzə gedim?
Aşıq Heydər dedi:
- Gedərsən Qəfər, gedərsən, Allah kərimdi. Bu dəmdə molla Rza-qulu söhbətə qarışaraq dilləndi:
- Ay qardaş, axı Qəfərin sözündə həqiqət çoxdur, qanmazı yerində oturtmaq lazım deyilmi?
Aşıq Heydər dedi:
- Onda belə oldu, ay Rzaqulu, mən deyəcəm sən də yaz, ancaq bir şərtlə ki, Qəfər Aslan ağanın məclisinə gedəndə bu kağızı şəxsən mənim adımdan Aslan ağaya versin. Qəfər, hə, indi nə deyirsən?
- Qəfər dedi:
- Mən iki əllə razı.
Görək Aşıq Heydər aldı nə dedi:

Baxın, Məhəmmədin işinə,
El içində xar olubdu.
Uyubdu şeytan felinə,
O xənnasa yar olubdu.
El eşidib, özü də bilir,
Sanasan ki, kar olubdu.
Bəyənmir dostu- tanışı,
Bu qurumsaq kor olubdu.

Bu dəmdə Qəfər dilləndi:
- Ayə bu Heydər nə danışır, əməlli başlı söz desənə...
Heydər dedi:
- Qəfər səbrin olsun tələsmə, tələsən təndirə düşər, bir axırına qulaq as.
Yenə aldı görək Aşıq Heydər nə dedi:

Məşədi iki qoyun verib,
Bu gəda quzuya dönüb.
Saqqalı bulaşıb yala,
Yalquzaq tazıya dönüb.
Öksüzdə meydan açıbdı,
Deyirlər qazıya dönüb,
Vurulub dünya malına,
İşi tam ah - zar olubdu.

Aşıq Heydər:
– Hə Rzaqulu catdıra bilirsənmi?
Rzaqulu dedi:
- Sən lap qılıncını kişinin iliyinə kimi vurdun.
Aşıq Heydər dilləndi:
- Qoy öz möhürümü vurum söz tamamlansın.

Doğru söz de, düşün danış,
Hədyan demə Heydara.
Ağlın qaçıb, huşun itib,
Başın vur divara.
Yahu, yahu deyə - deyə,
Əl atdım Zülfüqara.
Adına dastan demişəm,
Mahallarda car olubdu.

Bu dəmdə Qəfər yenə sözə başladı:
- Ayə, ay qardaş oğlu, o sənə söyüşlə söz deyib, bir əməlli- başlı söz desən ki.
Aşıq Heydər;
- Ay Qəfər kişi, mən də ona söyüşlə söz desəm, olaram onun tayı, bu el- obada azca da olsa hörmətim var, bu hörməti itrmək istəmirəm axı! Bir də ki, ulağa deyəndə mərifətini göstər, onun nə etdiyini sən məndən yaxşı bilirsən. Hələ sözlərim yarımçıq qalıb.
Bir arxasına qulaq as.

Yenə Heydər sözə başladı:

Yekə - yekə çox danışma, ay gədə,
Götür sazı, gir meydana, cəngə gəl.
Kəl əvəzi səni də, qoşum kotana,
El içində xar eyləyim, təngə gəl.

Söz- söhbətin çatıb bizim qazıya,
Utan barı, bax yazdığın yazıya.
Səni gördüm əhsən dedim tazıya,
Buynuzunu sürtmə kələ, cöngə, gəl.

Qəfər kişi altdan- altdan gülərək dilləndi:
- Sağ ol, ay qardaş oğlu, bu lap yerinə düşüdü, bircə Yetər yengəmin yanında üzü qara olduq.
Heydər yenə sözə başladı.

Qodom oğlu, çox bilirsən, az danış,
Danışanda səndən qaçır dost- tanış.
Bu millətə nəsib olub aldanış,
Yürü, bala, asta yeri, küncə gəl.
 
Aşıq Heydər deyər sözün bu başdan,
Döşə tər kababdan, təzə lavaşdan.
Canını almamış, sürüş yavaşdan,
Geyin, keçin başında bir dingə gəl.

Aşıq Heydər sözünü qurtarıb üzünü molla Rzaquluya tuturaq dilləndi:
- Mən bilən bu sözlər öz ünvanına çatsa, onda Aşıq Məhəmməd öz səhvini başa düşəcək.
Amma elə bil ki, nə isə sözlərimdə catışmazlıq var. Axi mən Mərənddən qayıdanda sonra, Güllübulaqlı Aşıq Nəsib mənə əl tutub, bir də ki, Məşədi Zaloyun yaxşıca cavabını verib, qoy üstü örtülü də olsa adını aşıq qoyan Məhəmməd bilsin ki, bu meydanda tülkü kimdi, nər kimdi.

Bu dəmdə Aşıq Heydar yenə sözə başladı:

Ay aşıq, cənbərək meydanına gəl,
Mərifət elmində sirri göstərim.
Noxtalıyım, palan salım belinə,
Sənə bəyəndiyin yeri göstərim.
 
Saqqalın bulaşıb quymağa - yağa,
Xub yaraşır sənin kimi ulağa.
Əgər yolun düşsə Güllübulağa,
Maral yatağında nəri göstərim.
 
Tapdaladın arada olan hörməti,
Aşiq Heydər verdi sənə qiyməti.
Bağlayım başına güllü heyratı,
Öksüzü gəzdirim, piri göstərim.

Hə, əzizlərim, bu əhvalat beləcə başa çatdı.
Aşıq Məhəmməd öz səhvini başa düşdü, Aşıq Heydərdən üzr istədi. Böyük ustadlar arasında olan umu – küsü tezliklə aradan qalxdı. Amma bu əhvalat Ağbaba elllərində dastan olaraq dillər əzbəri oldu, yaddaşlardan bu günümüzə kimi gəlib cıxdı.