Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi
Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Aşıq Qənbər:
Başım neçə daşa dəyib,
Günüm keçib bu dağlarda.
Yağış yağıb, dolu döyüb,
Günüm keçib bu dağlarda.
Aşıq Heydər:
Başa hərdən daş da dəyir,
Gün görmüşük bu dağlarda.
Fələk qanan kəsi döyür,
Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:
Yaxşı günüm çox az olub,
Gümanım sözbət-saz olub.
Boran əsib, ayaz olub,
Günüm keçib bu dağlarda.
Aşıq Heydər:
Yaxşı günü tapmaq olmaz,
Doğru yoldan sapmaq olmaz.
Sazdan-sözdən qopmaq olmaz,
Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:
Pis günlərə dözə-dözə,
Gün görürəm təzə-təzə.
Mən qane olmuşam aza,
Günüm keçib bu dağlarda.
Aşıq Heydər:
Pis günü mən də görmüşəm,
Duman da, çən də görmüşəm,
Düşəndə bəndə görmüşəm,
Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:
Yetimlikdə böyümüşəm,
Daşa dəyib könül şüşəm.
Qanadı qırıq bir quşam,
Günüm keçib bu dağlarda
Aşıq Heydər:
Mənim də könlüm sınıqdı,
Bağrımın başı yanıqdı.
Çırağım yanır, sönükdü?!
Gün görmüşük bu dağlarda
Aşıq Qənbər:
Adım Qənbər, özüm fağır,
Dərdim çoxdu, yüküm ağır.
Sən ustadsan, bir çal-çağır,
«Günüm keçib bu dağlarda».
Aşıq Heydər:
Könlümü elə vermişəm,
Heydərəm, başda durmuşam.
Ağır məclislər qurmuşam,
Gün görmüşük bu dağlarda.