Məzmuna keç

Aşıq Heydərlə Yetim Ləvəndin deyişməsi

Vikimənbə saytından
Aşıq Heydərlə Yetim Ləvəndin deyişməsi
Müəllif: Aşıq Heydər, Yetim Ləvənd
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Aşıq Heydər:
Nə ucadı, nə alçaqdı,
Bu məqamlar kimdədi?
Gözəl işlər, gözəl peşə,
Böyük namlar kimdədi?
Pul oduna ömür verən
Nə qazanar dünyada?
Haqq ataşı, üzün nuru,
Dolu camlar kimdədi?

Yetim Ləvənd:
Mərd ucadı, namərd alçaq,
Uca məqam mərddədi,
Gözəl işlər, gözlə peşə,
Böyük namlar mərddədi,
Pul oduna yanan kəslər
Faniliyi qazanar,
Haqq ataşı, üzün nuru,
Dolu camlar mərddədi.

Aşıq Heydər:
Varü-dövlət, qızıl-gümüş,
Ləlü-göhhər nə şeydi?
Nədi söylə kişi işi
Bu dünyada nə yeydi?
Qara saçı nə ağartdı,
Əlif qəddi nə əydi?
Ağır məclis, şirin söhbət,
Qara damlar kimdədi?

Yetim Ləvənd:
Varü-dövlət, qızıl-gümüş
Aqillərə nə şeydi,
Kişi işi səxavətdi,
Eylik eləmək yeydi,
Qara saçı, əlif qəddi
Qoca fələk tez əydi;
Ağır məclis, şirin söşbət,
Qara damlar mərddədi!

Aşıq Heydər:
Mərd dediyin necə kəsdi,
İşi-gücü yoxdumu?
El içində yeri-yurdu,
Varı-yoxu çoxdumu?
Mala-pula meyl eləmir
Harda qurub taxtını?
Aşıq Heydər sual eylər
Şirin dəmlər kimdədi?

Yetim Ləvənd:
Mərd deyilən haqq elçisi,
Yaxşı bilir işini!
Əzəl başdan heç buraxmır
Yaxşılığın peşini;
El içində məclis qurar.
Mərdə verər aşını;
Yetim Ləvənd doğru söylər
Şirin dəmlər mərddədi!