Məzmuna keç

Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (2)

Vikimənbə saytından
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (2)
Müəllif: Aşıq Heydər, Aşıq Nəsib
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Aşıq Heydər:
Yahu-yahu deyən kəslər ucadadı, ay Nəsib,
Oğru olan, çuğul olan bacadadı, ay Nəsib.
Əyri yollar bizə olmaz, uğraşırıq haqla biz,
Yaxşı mətləb, dürlü sözlər qocadadı, ay Nəsib.

Aşıq Nəsib:
Mərd olanlar uca tutar təmiz adı, ay Heydər,
Kökü bəlli, düz əməlli əsli-zatı, ay Heydər.
Oğru, çuğul nə karədir, salma sözü belə sən,
Gəl bu yerdə yaddan çıxart mazarratı, ay Heydər.

Aşıq Heydər:
Yaxşı işdən, xoş niyyətdən sözünü tut, söz danış
Ya alış yan, qiybət elə, bu fələkdan yüz danış.
Düz adamsan yolun birdi həqiqəti düz danış,
Sən seçənsən doğru-durust dostu – yadı, ay Nəsib.

Aşıq Nəsib:
Yaxşıynan pis qoşa gedir, aramıza cüt çıxır,
Vaxt olur ki, güzranıma salaxana it çıxır.
Adam var ki, var-yox gedir, el içinə lüt çıxır,
Yeri-yurdu viran olub, çaladadı, ay Heydər.

Aşıq Heydər:
Tanrı verən paya şükür, azı-çoxu deyəmməm,
İnsanların gözü acdı, çoxu toxdu deyəmməm.
Qismət verən özü bilir həmin vaxtı deyəmməm,
Alan bir gün alacaqdı amanatı, ay Nəsib!

Aşıq Nəsib:
Haqq verənə mən qailəm, sən özün də bilirsən,
Hara getsən peşimləsən, sən də ora gəlirsən.
Telli sazla ürəklərdən dərdi-qəmi silirsən,
Mən olmuşam sözdən kənar, onun matı, ay Heydər!