Məzmuna keç

Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3)

Vikimənbə saytından
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3)
Müəllif: Aşıq Heydər, Aşıq Nəsib
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Aşıq Heydər:
Bu dünyada dərd görmüşəm,
Ağrıyıb başım mənim.
Odur elə ürəyimə,
Axıb göz yaşım mənim.
Çox gəzmişəm, dolanmışam,
«Haqq» deyə-deyə eldə.
Qazandığım el hörməti,
Dərddi daşbaşım mənim.

Aşıq Nəsib:
Sən də mənim bir tayımsan,
Dağılmaz huşum mənim.
Neyləyim ki, Heydər deyir,
Bu könül quşum mənim.
Bizim bu doğma ellərdə,
Yaxşıca gəzmək gərək.
Mən ellərdən güc almışam,
Bişibdi aşım mənim.

Aşıq Heydər:
Çox odlara tutuşmuşam
Hələ də sönmür odum;
Qıpqırmızı qızarıbdı
Təndir tək könül badım.
Qızınanlar heç az deyil,
İçində dostum-yadım.
Bəxt deyilən qara gəlib,
Ağırdı daşım mənim.

Aşıq Nəsib:
Ey yolunda gəzən aşıq,
Dərdə düşər – qaydadı.
Bərkə-boşa düşmək yəqin,
Haqq quluna faydadı.
Ömrü kəsir – fələyə bax,
Gör bir o nə haydadı.
Sən də çox yaxşı bilirsən,
A qəm yoldaşım mənim!

Aşıq Heydər:
Neyləməli, sözdü gəldi,
Biz də dilə gətirdik.
Dərdü-səri qəlbimizdən
Atdıq, ələ gətirdik.
Söz-söhbəti şirin edib,
Eldən-elə gətirdik.
Heydər, amma unutma ki,
Artıbdı yaşım mənim.

Aşıq Nəsib:
Söz ki gəldi ortalığa,
Könlümüz güldü burda.
Hər deyilən yeni fikir,
Təzə-tər güldü burda.
Nəsib, qəmdən çox danışdıq,
Belini bükdük burda.
Dərd deyilən, bax, azaldı,
Bir oldu beşim mənim.