Məzmuna keç

Aşıq Qənbərlə aşıq Valehin deyişməsi

Vikimənbə saytından
Aşıq Qənbərlə aşıq Valehin deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Qənbər
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Aşıq Qənbər

Deyirlər sənəti tövbə etmisən,
Barı ziyarətin qəbul oldumu?
Deyirdin ölüncə eşqim azalmaz,
Ömrünün gülşəni qəfil soldumu?

Aşıq Valeh

İnsan da şadlığa tövbə edərmi?
Sazsız ziyarət də qəbul olarmı?
Can nə qədər sağdır, eşq içindədir,
Baharın qoynunda gül də solarmı?

Aşıq Qənbər

Söz yaraşmaz bundan belə adına,
Çatan olmaz harayına, dadına.
Etdiyin tövbəni gətir yadına,
Qaynadı, peymanın axır doldumu?

Aşıq Valeh

Saz adımla tarixinən qalacaq,
Əhvalımı ellər xəbər alacaq.
Yalançıya tövbə qənim olacaq,
Çaylar tökülməklə ümman dolarmı?

Aşıq Qənbər

Qənbər deyər, duman çıxır sərindən,
Dəyirman tək oynamışam yerimdən.
Bu sözü eşitdim Molla Kərimdən,
Belə böhtan mollalarda boldumu?

Aşıq Valeh

Eşq əhliyəm, hər əməli salehəm,
Küskün, kəsalətli, oyaq taleyəm.
İsmim Səfi, özüm aşıq Valehəm,
Tövbə edən telli sazı çalarmı?