Aşıq Valehin Şahsevən səfəri
Aşıq Valehin Şahsevən səfəri Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında, Şahsevən kəndində bir toy məclisinə çıxır. Zəmanəsinin ən hörmətli adamlarından biri olan Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür və deyir. A bala! Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazlarını gizlədirlər. Siz də saz götürüb Mahmudun üstə gəlmisiniz? Calal deyir:
– Usta bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik.
Mahmud deyir:
– Demək siz şagirdsiniz. Mənim sizinlə deyişməyə haqqım yoxdur. Bu Soltan da mənim şagirdimdir. Soltan ilə deyişəcəksiniz. Əgər Soltanı kiridə bilsəniz, verəcəyəm onu özünüz ilə aparın. Soltan sizə üstün gəlsə sizi aparıb, Ərdəbildə yeddi il işlədəcəyəm. Calal deyir:
–Sövdanı yarımçıq etməzlər. Şərtimiz belə olsun. Əgər biz aciz qalsaq birimiz zamın qalaq, birimiz ustadımıza xəbərə gedək. Ustadımız da gəlsin hara getsək bir gedək. Mahmud dedi:
– Cavan oğlan ustadınız kimdi?
Calal: – Qarabağın məşhur saz və söz ustadı aşıq Valehdir. Belə də razılaşırlar. Bir az keçmir ki, aşıq Calal ilə Əhməd aciz qalırlar. Əhməd zamın qalır. Calal isə Valehə xəbər gətirir. Heç nədən xəbəri olmayan Valeh görür ki, Calal gəlir, amma çox bekafdır. Calal ustada salam verir, həzin-həzin gözlərindən yaş axıdır. Valeh hər nə qədər edirsə, Calalın ağlamağının səbəbini öyrənə bilmir. Naəlac qalıb, sazını alır sinəsinə, deyir:
Calal sənə nə desəm, mənə cavab ver. İndi görək Valeh nə deyir, Calal nə cavab verir:
Valeh
Ağlamağın məni etdi divanə,
Söylə görüm Calal, nə halətdi bu?
Göz yaşın qəlbimə ox kimi dəydi,
Söylə görüm Calal, nə halətdi bu?
Calal
Kamil ustad, yaman dərdə düşmüşük,
Könüllər ağladan xiyalətdir bu.
Qəfil qəza bizi saldı toruna,
Şadlığı puç edən zəlalətdir bu.
Valeh
Kim salıbdır söylə, sizi bu dərdə?
Hansı fikir qəmlə, toqquşur sərdə?
Gəl qurma arada söhbətə pərdə,
Hansı görüş, hansı ziyarətdir bu?
Calal
Talehim salıbdır məni bu dərdə,
Əhmədin fikri toqquşur sərdə.
Aşıq Mahmud ilə durmuşuq vərdə,
Cəhənnəm atəşli qiyamətdir bu .
Valeh
Dolğun xəyalımı etdin dərbədər,
Qəmli duruşunda var yeni xəbər.
Aşıq Valeh olub, hər elmə əzbər,
Hansı sözlə deyim kifayətdir bu.
Calal
Aşıq Soltan aldı Əhmdin sazın,
Zimistan eylədi Calalın yazın.
Əsirgəmə bizdən kömək, avazın,
Sənət mənbəyinə şikayətdi bu.
Aşıq Valeh dedi:
– Calal indi əməlli-başlı danış görüm əhvalat necə olub? Calal olduğu kimi aşıq Valehə nəql etdi. Ərdəbilli aşıq Mahmudun adı gələndə, Valeh Xəyala daldı. Aldı görək nə dedi:
Coşqun eşqim, gəl mənimlə həmdəm ol,
Qayda qalaq, bir sirdaşım dardadı.
Qəvvaslıq et, sirri – xilqət bəhrinə.
Candan əziz bir yoldaşım dardadır.
Zərnigar dedi:
– Ay Valeh, Mahmud necə Mahmuddur ki, sən öz eşqini haraya çağırırsan? Aldı, Valeh görək nə dedi:
Aşıq Mahmud bir ustaddır dağ kimi,
Aşıq Soltan hər meyvəli bağ kimi,
Aşıq Əhməd bil saralıb yağ kimi,
Yol gözləyir bir qardaşım dardadır.
Aşıq Valeh sənətində yanılmaz,
Zər olmasa, Zərgər adı anılmaz.
Odda qızarmasa polad yonulmaz,
Can ayrılıb candan, başım dardadır.
Söz tamama yetdi.
Gecəni yatdılar, səhəri yola düşdülər. Getha-get, axşam toran çalanda Şahsevən kəndinə çatdılar. Aşıq Valeh əlində saz toy damının qapısında dayandı. Aşıq Mahmud ilə aşıq Soltan sinələrində saz mərəkədə var-gəl edirdilər. Mahmudun gözü Valehə sataşdı. Söz arası belə bir bayatı dedi:
Əziziyəm başa bax,
Ayaqda dur, başa bax.
Kəməndimə keçməyə,
Gələn təzə başa bax.
Aşıq Valeh dedi:
Salam verib, cavab gözlərlər, dayan!
Aşıq Valeh
Əziziyəm qar alar,
Dağ başını qar alar.
Elə şiyyə çəkərəm.
Görən gözün qaralar.
Aşıq Soltan
Əziziyəm çaylara,
Sel qarışar çaylara.
Sızqa bulaq neyləyər,
Köpüklənmiş çayalara.
Aşıq Calal
Əziziyəm tay olmaz,
Zimistanda yay olmaz.
Yüz min məşəl yandırsan,
Bir günəşə tay olmaz.
Söz tamama yetir, Aşıq Mahmud dedi:
– Aşıq, hərəkətin məni şübhəyə saldı. İsmini de, görüm kimsən? Aldı Valeh, görək nə dedi?
İsmimi söyləsəm, sərsəm edərsən,
Başına gələni bil yavaş-yavaş.
Dinməyə taqətin qalmaz cəsətdə,
Quruyar ağzında dil, yavaş-yavaş.
Düşmüsən cənginə bir natiq sərin,
Məhəbbət bəhrili, amalı dərin,
Ərdəbilə çatar qəmli xəbərin,
Yasını saxlayar el, yavaş-yavaş.
Dərdlərin müşküldür, dərmanı baha,
Şadlığına güman yoxdur bir daha,
Qucaqla möhnəti, can denən aha,
Çeşminin yaşını sil, yavaş-yavaş.
Qəbrini qazarlar bir qərib yana,
Nə bacı ağlayar, nədə ki, ana,
Bil, aşıq Valehdir girən meydana,
Qol bağla minnətə gəl, yavaş-yavaş.
Söz tamama yetdi. Aldı Mahmud, görək nə deyir:
Aşıq, mənlə meydan açma, həyatını dar edərəm,
Divanidən, təcnisdən neçə qatar var edərəm.
Bir ustadam, hünərimdən hey danışır məni görən,
Şənliyini qovlayaram, xoş gününü zar edərəm.
Aşıq Valeh
Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm,
Bulud kimi qaynayaram, bahar fəsli qar edər,
Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm,
Başın şişər, ağlın itər, qulağını kar edərəm.
Aşıq Mahmud
Neçə deyiş meydanında məşhur ustad ağlatmışam,
Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam,
Sənətinə qələm çəkib, sinəsini dağlatmışam,
Bil, səni də o hesabla el içində car edərəm.
Aşıq Valeh
Dizlərin titrəyər, əsil hünər meydanında,
Dil, ürəyin qana dönər, şuru -əza fərmanında,
Natiqlər məclisində, əhli - ariflər yanında,
Sənin kimi kəmsavadla deyişməyə ar edərəm.
Aşıq Mahmud
Çarxı dəvvar gərdənindən Mahmuda badə çatıb,
Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb,
Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb,
Cəhənnəm tək zəban açıb, cəsətini nar edərəm.
Aşıq Valeh
Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə,
Naşı qəvvas üzə bilməz, batar, gedər hey dərinə,
Susuz gəzən gürzə kimi sancılaram peysərinə
Doqquz simli tavar sazı, sinən üstə mar edərəm.
Söz tamama yetir. Aldı Mahmud dübarə:
Naşı Sarvan öyünməsin bu yolda,
Səhra mənzilində hər hünər eylər.
Hansı dəyirmanın suyu çox olsa,
Daşı fırlatmaqda pər hünər eylər.
Aşıq Valeh
Lovğa danışıqda nadan saz olar,
Döyüş meydanında ər hünər eylər.
Bir bədən ki, qəfil keçsə kəməndə.
Salamət qurtarsa sər hünər eylər.
Aşıq Mahmud
Gün ağır keçməklə, həftə ay olmaz,
Sızqa bulaq coşsa, daşqın çay olmaz,
Ala qarğa qızıl quşa tay olmaz,
Pələng davasında şir hünər eylər.
Aşıq Valeh
Qurd yanılmaz ovda necə qarısa,
Kötül ipək verməz yüz də sarısa,
Ziyarət et harda ocaq varısa,
Kamalı aclara pir hünər eylər.
Aşıq Mahmud
Aşıq Mahmud coşar, meydan açanda,
Day titrəyər köhlən mənzil qaçanda,
Üstü ağır olub, damlar uçanda,
Zamun kara gələr, tir hünər eylər.
Aşıq Valeh
Nadan çaşar danəndələr yanında,
Hər könül soltandı öz gümanında,
Ağlı dərin ustadlar meydanında,
Aşıq Valeh coşar, hər hünər eylər.
Söz tamama yetir. Aşıq Mahmud son gücünü toplayıb, alır dübarə:
Aşıq Valeh, mənlə girmə meydana,
Bağını, bağçanı duman eylərəm.
Bulud olub, qarışaram havaya,
Baharlı gününü boran eylərəm.
Aşıq Valeh
Mahmud, səni qəza tora salıbdı,
Əhvalını bu gün yaman eylərəm.
Pozular novrağın, dəyişər halın,
Calallı yurdunu viran eylərəm.
Aşıq Mahmud
Hərdən bənzəyərəm eşqi - həvəsə,
Hərdən bənzəyərəm tilsim - qəfəsə,
Hərdən bənzəyərəm isti nəfəsə,
Hərdən küləklənib, tufan eylərəm.
Aşıq Valeh
Qatarı üzülməz bir güzaram mən,
Ariflər mülkündə bir diyaram mən,
Gül - nərgiz bitirən bir baharam mən,
Boranlı dağları aran eylərəm.
Aşıq Mahmud
Aşıq Mahmud səni salacaq tora,
Vuracaq qəlbinə sağalmaz yara,
Qul edib divanda çəkəcək dara,
Tutulacaq nitqin güman eylərəm.
Aşıq Valeh
Aşıq Valeh məşhur olub cahanda,
Mərd dayanıb neçə belə divanda,
Ağlın itər, sözün qalar dəhanda,
Səni öz başına vuran eylərəm.
Söz tamama yetir. Mahmud durur, çaş-baş qalır. Alır Valeh görək nə deyir:
Aşıq Mahmud, qafiyəni dəyişdim,
İndi sənə əhli – kəbirdən deyim.
İnsidən, Cinsidən Mahi - zöhrüdən,
Dəhridən, xaneyi - qəbirdən deyim.
Aşıq Mahmud
Aşıq Valeh, kəlamını anladım,
Mən də sənə ərşı zəmindən deyim.
Aləmi -fanidən, həşri – cafadan,
Haləti eşqinin qəmindən deyim.
Aşıq Valeh
İstərəm Ərsədə məclislər quram,
Sədayi – suridən bir az dəm vuram,
Pəncin mənasından cavablar soram,
Sirri - qeybətdən, səbrdən deyim.
Aşıq Mahmud
Gəl güzar izini salma dərinə,
Toxmaq dəyər nabələdin sərinə,
Bəndəlik et, ərənlərin pirinə,
Caharı - həştinin cəmindən deyim.
Aşıq Valeh
Valehəm, dərsimi vurmuşam başa,
Qırxlar məclisində dolmuşam yaşa,
Ərənləriylə durmuşam qoşa,
Sahibi Həmzədən, Bəbirdən deyim.
Aşıq Mahmud
Aşıq Mahmud, hesab düşdü bu dağa,
Kök tərpəndi, zədə dəydi budağa,
Bənna gərək, daş düzəldə bu tağa,
Bəndi - əza sərin dəmindən deyim.
Söz tamama yetdi, aldı Valeh dübarə:
Aşıq Valeh
Bu dəhri - fanidə guşi kar olan,
Həyat boyu dövran sürən kim oldu?
On səkkiz min xilqət sirrin bəyan et,
Beytullah binasın hörən kim oldu?
Aşıq Mahmud cavab verə bilmədi. Aldı Valeh dübarə:
Necə cismi yaranıbdır atasız?
Süd əmməyib, yaşa dolub anasız.
Necə səyyah yaşayıbdır binasız?
Bu suala cavab verən kim oldu?
Hansı ekizlərdir məşhur adı var?
Biri xəbər verən, biri hökmdar!
İkisinə nəsib oldu bir məzar,
Bu sözləri sual verən kim oldu?
Hansı əza ibadətdə zay olub?
İki kəlmə iki min bir say olub?
Aşıq Valeh gör kimlərə, tay olub?
Təhiyyə ümmanın görən kim oldu?
Söz tamama yetdi, Aşıq Valeh mərəkəni aldı ələ, cəmaətin xahişi ilə Aşıq Mahmudun günahından keçdi, sazına və sənətinə toxunmadı.