Aşıq Valehlə aşıq Cəlalın deyişməsi
Aşıq Valehlə aşıq Cəlalın deyişməsi Müəllif: Aşıq Valeh — Aşıq Cəlal |
Aşıq Cəlal Valehin şagirdidir. Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Aşıq Valeh
Ağlamağın məni etdi divanə,
Söylə görüm, Cəlal, nə halətdi bu?!
Göz yaşın qəlbimə ox kimi dəydi,
Söylə görüm, Cəlal, nə halətdi bu?!
Aşıq Cəlal
Böyük ustad, yaman dərdə düşmüşük,
Könüllər ağladan xəyalətdi bu.
Qəfil qəza saldı bizi toruna,
Şadlığı puç edən zəlalətdi bu.
Aşıq Valeh
Kim salıbdır səni olmazın dərdə,
Hansı fikir qəmlə toqquşur sərdə.
Gəl qurma arada söhbətə pərdə,
Hansı görüş, hansı ziyarətdi bu?!
Aşıq Cəlal
Taleyim salıbdır məni bu dərdə,
Əhmədin fikiri toqquşur sərdə.
Aşıq Mahmud ilə durmuşuq vərdə,
Cəhənnəm atəşli qiyamətdi bu.
Aşıq Valeh
Dolğun xəyalımı etdin dərbədər,
Qəmli duruşunda var yeni xəbər,
Aşıq Valeh olub hər elmə əzbər,
Hansı sözlə deyim, kifayətdi bu.
Aşıq Cəlal
Aşıq Soltan aldı Əhmədin sazın,
Zimistan eyləyə Cəlalın yazın.
Əsirgəmə bizdən kömək avazın,
Sənət mənbəyinə şikayətdi bu.