Aşıq Valehlə aşıq Mahmudun 1-ci deyişməsi

Vikimənbə saytından
Aşıq Valehlə aşıq Mahmudun 1-ci deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Mahmud
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Birinci deyişmə

Aşıq Mahmud

Aşıq, mənlə meydan açma, həyatını dar edərəm,
Divanidən, təcnisdən neçə qatar var edərəm.
Bir ustadam, hünərimdən hey danışır məni görən,
Şənliyini qovlayaram, xoş gününü zar edərəm.

Aşıq Valeh

Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm,
Bulud kimi qaynayaram, bahar fəsli qar edərəm.
Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm,
Başın şişər, ağlın itər, qulağını kar edərəm.

Aşıq Mahmud

Neçə deyiş meydanında məşhur ustad ağlatmışam,
Hüzurumda diz çökdürüb, qollarını bağlatmışam.
Sənətinə qələm çəkib, sinəsini dağlatmışam,
Bil səni də o hesabla el içində car edərəm.

Aşıq Valeh

Dizlərin titrəyər əsil hünər meydanında,
Dil, ürəyin qana dönər, şuru əza fərmanında,
Natiqlər məclisində, əhli-ariflər yanında,
Sənin kimi kəmsavadla deyişməyə ar edərəm.

Aşıq Mahmud

Çarxı dəvvar gərdənindən Mahmuda da badə çatıb,
Neçə yerdə kara gəlib, neçə yerdə dada çatıb.
Qırxlar piri dərsin verib, məşhur olub, ada çatıb,
Cəhənnəmtək zəban açıb, cəsədini nar edərəm.

Aşıq Valeh

Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə,
Naşı qəvvas üzə gülməz, batar gedər hey dərinə.
Susuz gəzən gürzə kimi sancılaram peysərinə,
Doqquz simli tavar sazı sinəm üstə mar edərəm.