Məzmuna keç

Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsi

Vikimənbə saytından
Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Mahmud
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

İkinci deyişmə

Aşıq Mahmud

Naşı sarban öyünməsin bu yolda,
Səhra mənzilində nər hünər eylər.
Hansı dəyirmanın suyu çox olsa,
Daşı fırlatmaqda pər hünər eylər.

Aşıq Valeh

Lovğa danışıqda nadan saz olar,
Döyüş meydanında ər hünər eylər.
Bir bədən ki, qəfil keçsə kəməndə,
Salamat qurtarsa, sər hünər eylər.

Aşıq Mahmud

Gün ağır keçməklə həftə ay olmaz,
Sızğa bulaq coşsa daşqın çay olmaz.
Ala qarğa qızılquşa tay olmaz,
Pələng davasında şir hünər eylər.

Aşıq Valeh

Qurd yanılmaz ovda necə qarısa,
Kötül ipək verməz yüz də sarısa.
Ziyarət et harda ocaq varısa,
Kamalı azlara pir hünər evlər.

Aşıq Mahmud

Aşıq Mahmud coşar meydan açanda,
Day titrəyər köhlən mənzil qaçanda.
Üstü ağır olub, damlar uçanda,
Zamın kara gələr, tir hünər eylər.

Aşıq Valeh

Nadan çaşar danəndələr yanında,
Hər könül soltandı öz gümanında.
Ağlı dərin ustadlar meydanında,
Aşıq Valeh coşar hər hünər eylər.