Məzmuna keç

Aşiq bəla yolunda gərək kim, həmul ola

Vikimənbə saytından
Aşiq bəla yolunda gərək kim, həmul ola
Müəllif: İmadəddin Nəsimi


Aşiq bəla yolunda gərək kim, həmul ola,
Mə’şuqədən ana nə gəlürsə, qəbul ola.

Gerçək mühibbə cövrü cəfa çünki yar edər,
Neyçün cəfadən incinə, qəmdən məlul ola?

Nazü nə’imü işrəti-cavid içindədir,
Dilbərdən ol könül ki, muradı hüsul ola.

Hər aşiqin ki, yar ilə oldu çeravü çün,
Arif qatında adı anın bülfüzul ola.

Şirin həlavət ol yemiş imiş ki, sidrəsi,
Zatında xub xilqətü şirinüsul ola.

Yoxdur nəsibi eşqi-həqiqətdən, ey könül,
Şol kimsənin ki, mürşidi naqisüqul ola.

Ey xaliqin əmanətini zaye’ eyləyən,
Layiqdir ada ol ki, zülumən-cəhul ola.

Gər şərh edərsəm ayəti-hüsnün kitabını,
Hər bab içində fəslinə yüz min füsul ola.

Me’racə çıxdı ruhi-Nəsimi Buraq ilən,
Şol laşədən nə faidə kim, la-zəlul ola?