Məzmuna keç

A molla (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
A molla (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Nə vardan qorxum yox, nə də ki, puldan,
Mərdlik adətimdi, bilnən, a molla.
Xeyir işdən ötrü tökmə qaş-qabaq,
Bizimlə bir yola gəlnən, a molla!

Nəyi bəyənmirsən, açıq söylə gəl?
Bu, Allah işidir, yoxdu bir əngəl,
Kişisən, kişi ol, mənə qurma təl,
Bir dodağın qaçsın, gülnən, a molla!

Niyə qaradasan, əzizin ölüb?
Sənin qaş-qabağın bizəmi qalıb?
Aşıq Heydər sənin mətləbin bilib,
Ya qızı ver, ya da ölnən, a molla!