Məzmuna keç

A yara bax-bax

Vikimənbə saytından
A yara bax-bax
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.335

Nə müddətdi həsrət qaldım didarə,
Gərdiş uzaq saldı, a yara bax-bax.
Çəkmək istər zülflərindən didarə,
Nəinsaf, bimürvət, a yara bax-bax.
 
Qınamayın məni ellər, obalar,
Tərlan itib, sar yapalaq ov alar.
Qəm qəhr edər, sıxar bağrım ovalar,
Vurar yaram üstə a yara, bax-bax.
 
Qurbanın sən dağlayıbsan sinəsin,
Əvvəl gərək yar yarını sınasın,
Bir daş vurdun, şişə könlüm sına-sın,
İstəyir güldürə əyyara, bax-bax.