A yaz ayları
Görünüş
A yaz ayları Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Başladı novbahar, çəmən seyrinə,
Çıxıbdı gözəllər, ay yaz ayları.
Ətrin qarışıbdı çəmən ətrinə,
Dolanıb gözəllər, a yaz ayları.
Səndə olar dağ, dərələr, göy çəmən,
Baş verər qərənfil, nərgiz, yasəmən.
Gəzərəm həvəsnən, alsam əsa mən,
Könül cuşa gələr, a yaz ayları.
Miskin Abdal, ömür keçdi heyinən,
Bu mətləbi “Qocadağ”a deyinən,
Öləndə məzarım gül-çiçəyinən,
Üstümü bəzərlər, a yaz ayları.