Adın qoyub dindar, görmür yoxsulu

Vikimənbə saytından
Adın qoyub dindar, görmür yoxsulu (1993)
Müəllif: RAUF CAVAD

İnsafsızın çoxlu var malı-pulu,
Yox dini-imanı, nəfsinin qulu.

Tanrı yoxdan var edib varı-yoxu,
Alçaq sayır varı Allahdan ulu.

İtib din-məzhəb, bilinmir saf niyyət,
Adın qoyub dindar, görmür yoxsulu!

Göndərib neçə min elçi-peyğəmbər,
Ayılmır qafil, ismi Şeytanqulu.

Məgər bilən yox, nədir din-Ədalət,
Pozur qanunu, nəfsi pis qoxulu.

Sanır ki, var çatacaq hər köməyə,
Unudur insan var ölüm üsulu.

Ömür qatarı gedir çox vaxt bada,
Sürünür ilan kimi nəfsi sulu.

Qanmır axmaq ki, bu dünya var fani,
Paylaşmır var ikən şirin noğulu.

Vicdan çəkilib dara, niyyət qara,
Tanımır şeytan kimsəsiz oğulu.

Heç kimə qalmayacaq mal-var-dövlət,
Çıxart əynindən geyinillmiş çulu.

Şərəfsiz axtarır din-mərifəti,
Əqidəsiz tapmır Dəli Domrulu.

Bəşər əcaba söz dinləməzmi ki!?
Rauf, səs etmə! Qulaq-göz yuxulu!