Adam yeyən qız
Rəvayətlər. Adam yeyən qız Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişinin bir oğlu, bir də qızı varmış. Bu qız özünü çox ayar
(yüngül) aparırmış, gəlib-gedənə göz-qaş atırmış.
Bir neçə vaxt keçir, kişi ölür. Bu qız başlayır adam yeməyə, Yeyir, yeyir, axırda kənddə adam qalmır. Oğlan görür bacısı bunu da yeyəcək, evdən baş götürüb qaçır. Görür yolun qırağında bir bağ var. Bağa girib bir torba şaftalı yığır. Bir az gedir, qabağına bir aslan, bir qurd, bir ayı, bir qaplan, bir də bir tülkü çıxır. Qoşulur bunlara, bir neçə vaxt heyvanlarla gəzib-dolanır. Bir gün oğlan deyir: Gedim görüm, bacım neyləyir? Bəlkə ta adam yeməkdən əl çəkib?! Gəlib çatır kəndə, atı salır tövləyə, girir evə. Bacısı bunu görən kimi sevinir, durub boynunu qucaqlayır, deyir:
– Nə yaxşı gəldin, neçə gündü acam.
Qız çıxır eşiyə, çox keçmir, qayıdır, deyir:
– Qardaş, atının bir qıçını yedim.
Oğlan gedib baxır, görür atın bir qıçı yoxdur. Bir az da keçir, gedib görür atın o biri qıçları da yoxdur, bacısına deyir:
– Get atın leşini də ye.
Gecə bacısı deyir:
– Qardaş, atın leşini də yedim, indi növbə sənindi. De görüm, ayağından başlayım, ya başından?
Oğlan deyir:
– Bacı, atın başı qalıb, get onu da ye, sonra məni yeyərsən.
Qız gedir tövləyə, Oğlan tez ayaqqabılarını çıxardıb, içinə duz doldurur, bir ip tapıb, bacadan sallanır. Bacısı gəlir, deyir:
– Atın başını da yedim.
Oğlan deyir:
– Neylək, indi də məni ye, ancaq ayaqlarımdan başla.
Qız ağzını atıb, oğlanın ayaqlarını dartışdıranda ayaqqabının içindəki duz tökülür bunun gözlərinə. Qız başlayır gözlərini ovuşdurmağa. Oğlan macal tapıb qaçır. Qız başlayır bunu qovmağa.
Oğlan qaçır, qız qovur, oğlan qaçır, qız qovur. Oğlan görür daha nəfəsi çatmır, qabağına şaftalı ağacı çıxır, tez dırmaşır ağaca. (Oğlan evdən qaçanda bağdan yığdığı şaftalını yeyib, dənəsini tökmüşdü yerə, o dənələrdən də bu ağac bitmişdi). Oğlan baxır ki, bacısı çataçatdadır, başlayır qışqırmağa:
– Aslan hey, qaplan hey, qurd, ayı, tülkü hey, çat dadıma!
Aslan, qaplan, qurd, ayı, tülkü özünü yetirib, qızı parçalayır. Qızın bir damcı qanı düşür şaftalı yarpağının üstünə. Oğlanın ürəyi durmur, bu yarpağı götürüb qoyur cibinə. Bir az gedir, görür nəsə böyrünü yeməyə başlayıb. Yarpağı atır yerə, heyvanlar qanı yalayır. Deyirlər bu heyvanlar elə o vaxtdan yırtıcı olub.