Adamcıla dönən arvad
Rəvayətlər. Adamcıla dönən arvad Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, axşam olur. Kişi durur
getsin, dostu deyir ki, əkşi, getmə, gecədi, bir şey olar.
Kişi deyir ki, yox, gedəcəm, at altımda, tüfəng belimdə, nədən
qorxacam?
Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənmiş. Arvad durur çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üsdündə. Kişi gələndə cumur üsdünə. Bınnar tutaşır. Kişi görür ki, yox, bacarmıyacax, birtəhər pıçaxnan bu adamcılın döşünnən yaralayır, adamcıl aradan çıxır. Kişi də gedəmmiyip, qəyidir dostugilə, başına gələni danışır.
Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. Qəyidir dostuna deyir ki, bə o adamcıl sənin arvadındı, mən onu yaralamışam.
Dostu heç zad demir. Durur evi-eşiyi axdarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnən gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora arvad adamcıllıxdan çıxır, adam olur.