Məzmuna keç

Adil müharibə və Rotbard libertarianizmi

Vikimənbə saytından
Adil müharibə və Rotbard libertarianizmi (2011)
Müəllif: Karlo Lottyeri
Tərcümə edən: Ayxan Zayıdzadə
Mənbə: Zayıdzadə, Ayxan. "Adil müharibə və Rotbard libertarianizmi". Aze Voice (az.). 2020-07-24. 2020-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-16.


Bir libertarian məhdud dövlət – dövlətin tək funksiyasının öz vətəndaşlarını xarici və daxili təcavüzdən qorumaq olması anlayışına inanır. ABŞ siyasi filosofu və iqtisadçısı Mürrey Rotbard (1926–1995) "adil müharibə" nəzəriyyəsi üçün hər hansı bir dövlət fəaliyyətinə şübhə ilə yanaşan, eləcə də əksər (və ya bütün) dövlət xidmətlərinin bazar yolu ilə daha yaxşı təmin edilə biləcəyini fərz edən anarxokapitalist baxış bucağı təqdim edir.

Saf bazar kapitalizmini müdafiə edən iqtisadçı və filosof Mürrey N. Rotbard təcavüz, məcbur etmə və zorakılığın hər bir növünə qarşı olub, öz yolu ilə orijinal bir müharibə etikası formalaşdırır. Rotbard ölkə daxilindəki və xaricindəki bütün dövlət fəaliyyətinə şamil etdiyi radikal libertarianizmini (bu, həmçinin "anarxokapitalizm" adlanır) nümayiş etdikdən sonra başa salır ki, zorakı qüvvədən istifadə sadəcə bir müdafiə qurğusu olan zaman, yəni fərdin özünə qarşı istiqamətləndirilmiş hücumlardan yayınması üçün istifadə edilən zaman legitimdir (Rothbard, 1982). O, məhz bu səbəbə görə müasir dövlətin mənfi interpretasiyasını izah edir, bu interpretasiyanın insanların mülklərinin kollektivləşdirilməsi yolu ilə onların həyat və fəaliyyətini sistemləşdirmək iddiasını mübahisə mövzusuna çevirir.

Rotbard beynəlxalq münasibətlərə gəldikdə, "Amerikanı digər dövlətlərin işlərinə müdaxilə etməməsinə və azadlığın mayak işığı olmasına çağıran Tomas Peynin ideallarını yamsılayan bir xarici siyasət"in tərəfdarı idi (Rothbard, 1980, səh. 1). Bu mövqe, əxlaqi olaraq, müdafiəçilik adlandırılır, çünki bu, təcavüzkar müharibənin hər bir növünü, o cümlədən, nə qədər əxlaqi bir səbəbi olsa da, (məsələn, 2011-ci ildə Liviyada yerli əhalinin vətəndaş müharibəsindən əziyyət çəkməsi) digər dövlətlərin işinə müdaxiləni rədd edir.

Rotbardın başlanğıc nöqtəsi fərdi təbii hüquqları pozan hər hansısa bir hərəkətin qarşısını almaqdır. Rotbard öz siyasi fəlsəfəsini Rusiya əsilli roman müəllifi Ayn Randın fikirlərindən törəyən "təcavüzkarlıq etməmək aksiomu" (no aggression axiom) adlı prinsip üzərində qurmuşdur, çünki o inanırdı ki, insanlar bəzi hallarda, yəni təcavüzkara qarşı zorakılıqdan istifadə edə bilər. Bu mövqe XVII əsr nəzəriyyəçisi Con Lokk (1632–1704) tərəfindən müəllifi olduğu "İkinci dövlət traktatı" (Second Tract of Government) əsərində formalaşmışdır. Burada özünümüdafiə əxlaqi baxımdan legitim hesab olunur, çünki bu, cinayətkar davranışın qarşısının alınması üçün zəruridir.

Rotbard və Lokk üçün mübahisəli olan zorakılığın istifadəsi deyil, zorakılığın dinc və günahsız insanlara qarşı istifadəsidir. Məhz bu səbəbə görə də libertarianlar mülki şəxslərin, eləcə də peşəkar əsgərlərin silah daşıma hüququna sahib olmasını dəstəkləyir. Bu hüquq fundamental hesab edilir və beləliklə, dövlətin varlığından belə əvvəl mövcüd olan qədim "justum bellum" (latınca – adil müharibə) prinsipinə qayıdılır. Bu prinsipə görə, hər kəsin özünü müdafiə etmək hüququndan imtina etmək, yəni zərərçəkən olmağı qəbul etmək azadlığı var, lakin fərdlərin özünümüdafiə və qoruyucu aparat təşkil etmək hüququnu inkar etmək libertarian prinsiplərinə ziddir. Buna uyğun olaraq, azad bir cəmiyyətdə özəl polis və ordu olardı, ancaq onlar günahsız insanlara təcavüz etməməlidir.

Aydındır ki, libertarianların müdafiə məqsədli müharibələr üçün qazandırdığı bəraət o demək deyil ki, mahiyyətcə haqlı münaqişələr mövcuddur. Libertarianlar müharibənin təbii olması fikrinə qarşı olaraq, düşünür ki, müharibə ən azından obyektiv şəkildə müəyyən və ayırd edilə bilən bir təcavüzkar ilə bir zərərçəkən arasında baş verir. Biz bir münaqişəni nəzərə alanda ən azından bir tərəfindən ədalətsiz davranışını müşahidə etməyə məcbur edilirik. Buna görə də, ilkin təcavüzə qarşı çıxan insanların reaksiyası, bəzi bəsit qaydalara hörmət edirsə, əxlaqi baxımdan düzgündür. Görünür ki, zorakılıq həmişə altruizmə ziddir və müharibə anlayışı hüquqi qaydalara uyğun gəlmir, lakin silahlardan müdafiə məqsədi ilə istifadə etmək etik və hüquqi olaraq legitimdir. Təbii ki, bəzi əsgərlər günahsız insanları qorumaq üçün vuruşursa, onlar bəzi ehtiyatlılıq, sağlam düşüncə və insaflılıq qaydalarına hörmət etməyə çağırılır.

Başqa bir sözlə, müharibəyə olan libertarian baxış bucağı ilk öncə etik prinsiplər və ümumi təbii hüquqlar anlayışına əhəmiyyət verir. Smit Consa təcavüz edirsə, Consun buna reaksiya verməyə haqqı var, ancaq Cons heç bir halda Smitin dostları və yaxınları kimi günahsız insanların həyatlarını təhlükə altına salmamalıdır. Bu ideyaların sülh ilə müharibə haqqında olan debatlarda sürətli və mənalı nəticələri var. Bunlar həmçinin, Rotbardın izah etməyə çalışdığı adil müharibə ədəbiyyatında olduqca çoxlu problemlər yaradır.

Rotbarda görə, müasir dövrdə başladılan demək olar ki, bütün münaqişələr qanunsuzdur. Dövlətlərin mülki şəxsləri bombalamağa və ya onları başqa yollarla öldürməyə, ya da öz ordusunu maliyyələşdirməsi üçün vətəndaşlarından vergi almağa haqqı yoxdur. Bundan başqa, İkinci Dünya müharibəsi, Vyetnam, İraqƏfqanıstanda olduğu kimi şəhərləri, kəndləri, dəmir yollarını, limanları və fabrikləri məhv etmək bədəxlaq bir hərəkətdir. Buna uyğun olaraq, "əcnəbilər"in mülkiyyət hüquqlarına müdaxilə edən hakimlər cinayətkarcasına əməllər edirlər. Eyni zamanda, təcavüzə məruz qalanlar özünümüdafiə və "işğalçılar"a müharibə elan etmək hüququna malikdirlər, ancaq onlar sadəcə təcavüz edənlərlə vuruşaraq adil qaydalar ilə qoyulmuş məhdudiyyətlərə hörmət etməlidirlər. Məsəl üçün, libertarianlar Fransaİtaliya dövlətlərinə aid bombardmançı təyyarələrin liviyalı insanların evlərini haqlı şəkildə bombalaması üçün əxlaqi səlahiyyətə malik olmadıqlarını vurğulayarlar. Rotbardın məntiqi ilə gedərək deyə bilərik ki, məhz eyni səbəb görə, biz Əfqanıstan və digər ölkələrdəki taliban terrorizmini qəbul edə bilmərik. Buna baxmayaraq, işğalçı qoşunlardan istifadə edərək azadlıq və demokratiya "ixrac etmək" də mümkün deyil.

Bu mövqe Lokkun mövqeyindən o qədər də uzaq deyil, çünki Maarifçilik dövründə yaşamış İngiltərə filosofu qeyd edir ki, hansısa bir insan qrupu hansısa bir xarici orduya müvəffəqiyyətlə qarşı çıxırsa, qalib tərəfin "həmin qüvvə ilə razılaşanlar üzərində gücü var, qalanların hamısı günahsızdır. Çünki onlar həmin ölkənin xalqına heç bir şəkildə xələl yetirməyiblər, onların həyatlarını müsadirə etməyiblər, hansısa bir yaralama və təxribat törətməyiblər. Buna görə də digərlərdən daha çox hüquqa sahib olmadıqları kimi, ədalətli şərtlər altında yaşamış insanlardan da daha çox hüquqa sahib deyillər" (Locke 1689, XVI, § 179). Bütün hüquqi işlərdə məsuliyyət fərdi səviyyədədir və müharibə bunu dəyişdirmir. Burada hansısa bir "əxlaqi kollektivləşdirmə" baş vermir ki, günahsız insanlar cəzalandırılsın.

Qeyd etmək lazımdır ki, Lokk kökü orta əsrlərə gedib çıxan, adil müharibə prinsipləri və qaydaları üstündə inkişaf edərək münaqişədən əvvəl və münaqişə zamanı istifadə edilən bir ənənənin varisi hesab edilə bilər. Libertarian alimə görə, qədim və çağdaş müharibələr arasında gərginlik fərqinə əlavə olaraq, (Mises, 1944) keyfiyyət fərqi də var. Faktiki olaraq, nüvə silahlı kimi müasir silahların çoxu mahiyyətcə bədəxlaqdır, çünki "bu silahlar ipso fakto ağına-bozuna baxmayan kütləvi qırğın mühərrikləridir (yeganə istisna o olardı ki, böyük bir coğrafi ərazidə yaşayan həmin kütlə sadəcə günahkarlardan ibarətdir. Bu isə çox nadir bir haldır)". Tərifə əsasən, kütləvi qırğın silahları çoxlu sayda günahsız insanın ölümünə səbəb olur və beləliklə, adil cəmiyyətə uyğun deyillər. Onlar faktiki olaraq, ayrı-seçkilik və proporsionallıq prinsipləri əsasında ənənəvi adil müharibə qaydalarını pozurlar. Buna görə də, "nüvə və ya oxşar silahlardan istifadə və ya onların istifadəsi ilə hədə-qorxu gəlmək bəşəriyyətə qarşı bir günahdır və cinayətdir ki, buna da bəraət qazandırmaq olmaz" (Rothbard, 2000, səh. 119–120).

Beləliklə, Rotbard uzun illər nüvə tərkisilahının tərəfdarı, fərdlərin özünümüdafiə məqsədilə silah daşıma hüququna malik olması fikrinin müdafiəçisi idi. Bu, olduqca özünəməxsus bir mövqe idi, çünki normalda ABŞ Konstitusiyasına ikinci düzəlişini qorumaq "konservativlər"ə, nüvə silahlarının rədd etmək və amerikan ordusunun imperialist səbəblərə görə başqa ölkələrə müdaxilə etməsinə qarşı çıxmaq "radikallar"a aid edilirdi. Buna baxmayaraq, libertarianlar belə bəsit bir siyasi fərqləndirməyə qarşı çıxırlar, çünki onların diqqət mərkəzində ədalət və fərdi azadlığın qorunması var. İnsanların təcavüzkarlara zidd olmaq hüququ var və eyni səbəbə görə, onlar zorakılığa qarşı olduqlarından kütləvi qırğın silahları ilə digərlərinin hüquqlarını təhlükə altına sala bilməzlər.

Bu şərh iştirakçı tərəfin dövlət olduğu münaqişələrin (ən azından Rotbarda görə) niyə legitim münaqişə, yəni adil müharibə olmadığını izah edir, çünki dövlət digərlərinə qarşı hədə-qorxudan və zorakılıqdan istifadə edən kiçik bir insan qrupudur. Əlbəttə, onun düşüncəsinin özəyində dövlətin mahiyyətcə təcavüzkar və cinayətkar olması fikri dayanır. Hər bir dövlətdə müəyyən bir ərazi üzərində hüquqi zorakılıq monopoliyası olan bir elit təbəqə var. Bu kiçik qrup öz gücündən həmin ərazidə yaşayan və işləyən insanları istismar etmək üçün istifadə edə bilər. Beləliklə, azad bazar iqtisadçısı Rotbard adətən hərbi-sənayeli hakim qüvvənin ənənəvi solçu tənqidçiləri ilə razı idi.

Libertarianlar adından daha geniş mənada danışmalı olsaq, sülh dövründəki dövlət ədalətsiz təcavüzün alətidir və Karl fon Klauzevitsin sözlərini başqa cür ifadə etsək, dövlətin müharibənin davamı olduğunu deyə bilərik, ancaq burada zərərçəkənlər vergi ödəyicilərinə çevrilmiş və qiyam qaldırmaq hüquqlarından məhrum edilmiş vətəndaşlardır. Sözsüz ki, bu nəzəriyyə sabit, peşəkar bir ordunun legitim şəkildə formalaşması üçün problemlər yaradır, necə ki, XVII əsr İngiltərəsində mütləqiyyətə qarşı aparılan mülki mübarizə daimi ordu layihəsinə qarşı bir protest idi. Libertarian bir cəmiyyətdə peşəkar milislər özəl olduqları təqdirdə adil şəkildə mövcud ola bilərlər. Onlar icmalar tərəfindən müdafiə xidmətlərinin təchizatçıları kimi işə götürülə bilərlər. Qeyd etmək lazımdır ki, Lokkun "İkinci dövlət traktatı" əsərində yazdığı kimi, Rotbard XVI–XVII əsr protestant və katolik nəzəriyyəçilərinin despotları – şotland hüquqşünası Uilyam Barklay tərəfindən monarxomaxlar adlandırılan şəxsləri öldürmək hüququ anlayışını uyğun görür. Başqa bir sözlə, insanlar zülmə və istismara məruz qalırsa, onlar zorakılığa üz tuta bilərlər, çünki "Yerdə hakim olmadığı zaman müraciəti cənnətdəki tanrıya etmək lazımdır" (Locke, 1689, § 21). Hakim qüvvə ortaya zalımanə bir struktur qoyursa, ədalətsizliyə qarşı aparılan özəl müharibə kimi, qiyama da haqq qazandırılır.

Rotbardın sözü ilə getsək, hər kəsin "səfərbərlik" elan edərək xarici təcavüzə cavab vermək hüququ var və insanların bu müqaviməti dəstəkləməsinə gətirib çıxaran əxlaqi borcları var, lakin heç kəs digərlərini məcburi olaraq hərbi xidmətə cəlb edə bilməz. Libertarianlar məcburi ordunu dəstəkləmir. Əksinə, hərbi iyerarxiyalar spontan şəkildə formalaşa bilər. Bütün fərdlər özünümüdafiə milislərinə öndərlik etməyə legitim namizəddir, ancaq onların bu xüsusi üstünlükləri əldə etməsi onların prestijləri və digərlərinin onlara qoyduğu hörmətdən asılıdır.

Mürrey Rotbardın libertarianizmi xeyli dərəcədə Hobbsçu və ya "realist" olan çağdaş siyasi təfəkkürdən çox uzaqdır. Yox, sadəcə dövlət paradiqmasını inkar etdiyinə görə yox, həm də Aristotel–Tomist fəlsəfi realizminə, o cümlədən, xüsusi bir tərzdə, onların sosial münasibətlər və nəticə etibarilə, müharibə etikasına olan sədaqətinə görə. Fundamental hüquqlara məhəl qoymamağa və hakim qüvvəyə öhdəsindən gəlmək mümkün olmayan, xeyir və şərin o tayındakı bir güc verməyə hazır dövlət nəzəriyyəsinin abırsız münasibəti onun sıravi insanları və siyasi liderləri eyni əxlaqi meyarı ilə mühakimə etdiyini irəli sürən etik baxış bucağı tərəfindən rədd edilir. Digər sözlə, Rotbarda görə, dövlətin səbəbi deyilən bir şey yoxdur və müdaxilə məqsədli bütün müharibələr, eləcə də təcavüzlər əxlaqi müvəffəqiyyətsizliklərdir.

İstinadlar

[redaktə]
  • Lemennicier, Bertrand, “Nuclear Weapons: Proliferation or Monopoly?”, in Hans-Hermann Hoppe, ed., The Myth of National Defense: Essays on the Theory and History of Security, Mises Institute: Auburn, Alabama, 2003.
  • Mises, Ludwig von, Omnipotent Government: The Rise of the Total State and Total War, Yale University: New Haven, 1944.
  • Rand, Ayn, The Virtue of Selfishness, Penguin: New York, 1964.
  • Rothbard, Murray N., “War, Peace, and the State”, The Standard, April 1963, now in Egalitarianism as a Revolt Against Nature and Other Essays, 2nd edition, Mises Institute: Auburn, Alabama, 2000.
  • Rothbard, Murray N., The Ethics of Liberty, Humanities Press: Atlantic Highlands, New Jersey, 1982.
  • Rothbard, Murray N., “And Now, Afghanistan!”, Libertarian Forum, volume 13, 1, January-February 1980, p. 1 and p. 8.
  • Tolstoy, Leo, Government is Violence: Essays on Anarchism and Pacifism, Phoenix Press: London, 1990.