Afərin (Aşıq Abdulla Dərələyəzli)

Vikimənbə saytından
Afərin
Müəllif: Aşıq Abdulla Dərələyəzli
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.96; ISBN 978-9952-571-42-4

Ayrılıram, yana-yana ağlama,
Vallah, dünya belə qalmaz, Afərin.
Verən tanrı, bəndə kimdi neyniyə,
Yaxşı günü Allah almaz, Afərin.

Bəla tutub, od düşübdü hər yana,
Kövrək könül ha alışa, ha yana.
Fürsət düşüb müxənnətə, xayına,
Göydəkini yada salmaz, Afərin.

Abdullayam, iraq ollam elimdən,
Ayırırlar çiçəyimdən, gülümdən.
Telli sazım daha çıxdı əlimdən,
Bir də onu kimsə çalmaz, Afərin.