Məzmuna keç

Afət/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Afət. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə


 
Bir yıl sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə dəniz arasında ortası açıq, otlar sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində sağda, solda sıralar... Qürubə qarşı... mayıs...
 
Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir:
Bən aşiqim, bəlalar var başımda,
Durmuş qorqunc uçurumlar qarşımda.
Yaralandım, vuruldum gənc yaşımda,
Sağalmaz yarası coşqun gönlümün.
 
Cihan cənnət olsa, insanlar mələk,
Dağlar inci saçsa, dənizlər çiçək,
Güldürsə həp ağlar gözləri fələk,
Sağalmaz yarası məhzun gönlümün.
 
Bu sırada Ə r t o ğ r u l Y a v u z l a bərabər gəlir. O, şimdi büsbütün dəyişmiş. Sağlam və gürbüzdür.
 
Y a v u z. Baqsana!.. Şu türkü sanki sənin halını təsvir ediyor.
Ə r t o ğ r u l. Söylənmə, baq nə diyor.
 
(Türkü dəvam edər)
 
Sərxoşum, keçmədim meyxanələrdən,
Aqilim, dərs aldım divanələrdən,
Dün gecə öyrəndim pərvanələrdən:
Sağalmaz yarası məcnun gönlümün.
 
Yer yüzünü sarsa dilbər mələklər,
Bənim gözüm yalnız birini bəklər,
Əflatunlar gəlsə boşdur əməklər,
Sağalmaz yarası vurğun gönlümün.
 
Y a v u z. Əvət, sanki tamamilə sənin qəlbini oquyor; sanki Altunsaçın ayrılığında çəkdiyin qayğıları tərənnüm ediyor.
Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Gerçəkdən yanılmıyorsun; çünki əriyib bitdiyimdən bəlli...
Y a v u z. Demək, Altunsaçı daha sevmiyorsun, öyləmi?
Ə r t o ğ r u l. Yalnız onu sevmək deyil, hətta məhəbbət sözünə belə güləcəyim gəlir. Şimdi bənim sevəcəyim bir qız bulunursa, o da mütləq insanlardan qaçmalı və kimsəyi sevməməlidir.
Y a v u z. Bu halda Alagözün gönlünü qazanmalısın, çünki o da tamamilə bu fikirdədir.
Ə r t o ğ r u l. Nə isə...
Y a v u z. Fəqət Altunsaç!? Ondakı qürur və əzəmət bulunur şeymi?
Ə r t o ğ r u l. Rica edərim, Altunsaçı bıraq, daha ondan bəhs etmə.
Y a v u z. Zatən bu gündən sonra lüzumu da yoq... Çünki doktora nişanlandı, hər iş bitdi, getdi.
Ə r t o ğ r u l. Nasıl, doktor Qaratayamı?
Y a v u z. Əvət, bir ay sonra dügün yapılacaqmış...
Ə r t o ğ r u l. Tamam, iştə bu xəbərdən pək məmnun oldum. Qəlbimdə ona aid bir kölgə, bir duyğu, sönük bir xatirə vardısa, o da şimdi silinmiş oldu. (Sükut...). Əcəba doktorun məşuqəsi nə oldu? Afət, o gözəl Afət nə yapıyor?
Y a v u z. Nə yapacaq; şəhərin bütün gəncləri, ən gözəl dəliqanlıları kəndisi için çıldırıyor. Yalnız erkəklər deyil, qadınlar da ondakı gözəlliyə heyran, hətta, əvət, hətta kəndisi belə kəndi hüsnünə, kəndi gözlərinə, kəndi dodaqlarına məftundur. Tualet yaparkən, dəfələrlə aynadakı rəsmini öpdüyünü görmüşlər... Əvət, o, daima məğrur və bəxtiyardır. (Məhzun bir sükutdan sonra). Bən yalnız bəxti dönmüşləri, talesizləri düşünüyorum; bən yalnız Alagözə, o mə’sum qızcığaza acıyorum. Çünki o, hənuz
açılmadan solmuş pənbə gülü andırıyor.
Ə r t o ğ r u l. Sən onu bihudə gülə bənzətiyorsun... Bəncə Alagöz boynu bükük bir mənəkşə, Afət bəyaz bir zanbaq, Altunsaç isə dikənli bir güldür. Əvət, bir gül!..
Y a v u z (ətrafa baqaraq). İştə ana ilə qız gəliyorlar.
Ə r t o ğ r u l. Bana qalırsa onlara ana ilə qız deyil, Afət ilə Alagöz demək daha doğrudur.
Y a v u z. Pək tuhaf, bu gün nədənsə bərabər gəziyorlar, halbuki Alagöz daima təklikdən xoşlanır və əlindən gəldiyi qadar Afətdən qaçar.
Ə r t o ğ r u l. Çünki onun bir atəş olduğunu bilir. Yanmayım deyə çəkinir.
Y a v u z. Əvət, bir atəş, həm də qorqunc və sevimli bir atəş!..
 
Gedərlər, A l a g ö z ilə A f ə t gəlir.
 
A f ə t (şux qəhqəhələrlə). Demək sən kimsəyi sevmiyorsun, öyləmi? Doğrusu, pək xariqüladə bir təbiət!.. (Təbdili-tevr ilə). Görünüyor ki, sən təbiətə qarşı qoymaq istiyorsun. Halbuki dünyadakı otları, çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp birər-birər gözdən keçirsə, sevgidən məhrum hiç bir məxluqə, hiç bir zihəyatə rast gəlməzsin. Hətta günəşlər, aylar və yıldızlar arasında belə sıqı bir rabitə var, sarsılmaz bir cazibə qanunu var.
A l a g ö z. Təbii hər kəsdə olduğu kibi, bəndə də gönül var. Bəndə də duyğu var. Fəqət nə çarə ki, şimdilik sevəmiyorum, seviləmiyorum. Şübhə yoq ki, sevsəm seviləcəyimə də əminim; əfsus ki, nə sevmək istiyorum nə də sevilmək; çünki nə bu
mümkündür, nə o...
A f ə t. Niçin, Alagöz, niçin?.. (Sıraya oturur).
A l a g ö z (sarsılmış bir halda). Çünki... qorqunc bir kabus ümidlərimi boğuyor, çünki... bədbaxtım (sükut).
A f ə t. Xayır, sən bəxtiyarsın və bəxtiyar olacaqsın. Çünki gözəlsin, mə’sumsun; hər kəs seviyor, hər kəs pərəstiş ediyor. Fəqət sən hər kəsi sevməməli... hər dəliqanlıya gönül verməməlisin. Bildiklərimdən yalnız iki gənc səni məs’ud edə bilir; onlardan biri: Ərtoğrul, biri də Oqtaydır.
A l a g ö z (şaşqın bir halda yerindən qalqır). Hankı Oqtay?
A f ə t. Sənin xəstəxanə arqadaşın, gənc operator.
A l a g ö z. Sən onu nerdən tanıyorsun?
A f ə t (yarım qəhqəhə ilə). Bənim gözlərim pək uzaq görür, qəlbim ən gizli məhəbbətləri duyar; sana aid nə varsa həpsini anlar, həpsini bilirim; hətta rö’yadə belə səndən ayrılmam. Gecə-gündüz sənin gələcəyini, sənin səadətini düşünürüm.
A l a g ö z (göküs keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də aldadıcı bir sərabdır.
A f ə t (qalqar, mütəəssir). Ah, sən daima qorqunc xəyallar, gülünc iztirablar içində çırıpınıb duruyorsun... Baq, iştə Oqtay da gəliyor...
Sən onunla bir qadar qonuşub gəzərsin, bən də tək başıma dəniz qürubunu tamaşayə dalarım. (Uzaqlaşır, Oqtay gəlir).
O q t a y (əl verir). Qüsurə baqma, Alagöz, səni çoq bəklətdim, deyilmi?
A l a g ö z. Zərər yoq.
O q t a y. Şu qadın kim?
A l a g ö z. Ona Afət derlər.
O q t a y. Niçin ayrıldınız, manemi oldum?
A l a g ö z. Xayır.
O q t a y. Kimlərdəndir əcəba?
A l a g ö z (qızarmış və sarsılmış bir halda). Sonra anlatırım, hələ gəl, bir qürub levhəsini seyr edəlim. (Dənizə baqar, məczub bir halda). Aman, ya Rəbbi, nə qadar gözəl!.. Günəşin böylə dilbər qızıllığını, rəngarəng buludlar arasında batışını hiç xatırlayamıyorum.
O q t a y. Gerçəkdən batı tərəfi bir cənnət bağçası... Günəş isə utandığından qızarıb çiçəklər içinə gömülən bir köylü qıza bənziyor.
 
(Digər tərəfə baqaraq). Hələ şu qarşıya baq! Yeni çıqmaqda olan şu solğun aya, şu vərəmli çöhrəyə baq!.. Sanki bənzi uçmuş, əriyib bitmiş bir aşiq kibi kəndi sevgilisini izliyor.
 
A l a g ö z (şux təbəssümlə). Ah, şu erkəklər pək tuhaf; həpsi bir xəstəliyə mübtəla... həpsinin özü, sözü, dərdi, düşüncəsi həp eşq, daima eşqdir. Hər nə görsələr onda bir gözəllik, bir məhəbbət bulurlar.
O q t a y. Pəki, dünyadə gözəllik və məhəbbətdən tatlı nə ola bilir!?
A l a g ö z (müstəhzi). Əvət, gözəllik və məhəbbət?!
O q t a y. Bəncə, bütün cihanı xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da: gözəllik və məhəbbətdən ibarətdir.
A l a g ö z (sıraya oturur, istehzalı təbəssümlə Oqtayın əlindəki kitabları göstərir). Qaliba şu fikri əlindəki kitablardan almışsın?
O q t a y (əlindəki üç cild kitabı təqdim ilə). Əvət, mütaliə buyurulsa, şübhəsiz ki, haqsız olmadığım meydana çıqar.
 
Bu sırada Y a v u z l a Ə r t o ğ r u l gəlir.
 
Ə r t o ğ r u l. Mərhəba...
O q t a y. Buyurun, baqalım. (Hamısı yüngül təmənna edərlər).
A l a g ö z (kitabları birər-birər açar). Bu şe’r divanı, şu musiqi parçaları, bu da din fəlsəfələri?.. Həpsinin də ruhu, məalı, qayəsi, yalnız-yalnız məhəbbətdən ibarətdir. (Oqtaya) Bunlar iki gün bəndə qalsın, olurmu?
O q t a y. Pək gözəl, niçin olmaz.
Ə r t o ğ r u l. Baqalım nasıl şeylər... (Kitabları alıb baqar, e’tinasız və laübali bir tevr ilə sıra üzərinə bıraqır; şiddətli və müstəhzi qəhqəhələrlə). Şe’r!.. Musiqi!.. Din!.. (Təbdil-tevr ilə). Allah eşqinə, şu kitablardan, şu mütaliələrdən vaz keç! Şu çərçivəyə alınmış şe’rlərdən, notaya girmiş musiqilərdən qaç! Şu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! Dünyada yalnız bir şe’r, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir, şe’rmi istərsin? İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin göküs keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şe’rdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər şe’rdir.
Musiqimi istərsin?
Çayların, ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir.
Vurğun gönüllərin acı təranəsi; mini-mini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir.
Dinmi istərsin?
İştə hər yıldızun incə təbəssümləri, hər günəşin yıldızlı baqışları, hər gün yeni bir din, yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı, o günkü günəşlə bərabər o günkü dinin məzari-ədəmə gömüldüyünü e’lan edər. Hətta hər mevsimin, hər ayın, hər həftənin, hər günün allahları da, peyğəmbərləri də, dinləri də, kitabları da bir-birindən ayrı, bir-birinə düşmandır.
O q t a y. Demək ki, sən hər şeyi təbiətdə görüyorsun, öyləmi?
Ə r t o ğ r u l. Əvət, təbiət hər şeydir.
A l a g ö z (ətrafa baqar, Oqtaya). Getmiyəlimmi?
O q t a y (kitabları alıb). Hənuz xəstəxanəyə gediləcək vaqt deyil, azacıq gəzinəlim də sonra...
A l a g ö z. Pək gözəl (Yavuzla Ərtoğrula). Bizə arqadaşlıq etsəniz məmnun oluruz.
Ə r t o ğ r u l. Yalnız gönlümüzü sizə arqadaş verə biləriz.
A l a g ö z. Demək, bəndən qaçıyorsun, öyləmi?
Ə r t o ğ r u l. Biz yarasamıyız ki, günəşdən qaçalım.
A l a g ö z (mütəbəssim). Təşəkkür edərim, amma yenə bir gül aqıtdınız.
 
Gedərlər.
 
Y a v u z (Ərtoğrula). Niçin getmədin?
Ə r t o ğ r u l. Bəlkə yalnız gəzinmək istiyorlar.
Y a v u z. Halbuki kəndisi arzu etdi.
Ə r t o ğ r u l. O fəqət bir lütf və nəzakətdi.
Y a v u z. Ah, sənin şu istiğnalı halların!..
Ə r t o ğ r u l. Bilirmisin, əzizim, Alagöz gəzinmək için qalqmadı: uzaqdan Afəti gördü də çəkilmək istədi.
Y a v u z. Hanı ya, nerdə?
Ə r t o ğ r u l. Iştə, Qaplan bəylə bərabər gəliyor, gedəlim artıq...
 
Bir tərəfə çəkilirlər. A f ə t l ə Q a p l a n gəlir.
 
A f ə t (çılğınca qəhqəhələrdən sonra). Ah, gənclik, gözəllik, nə böyük səadət!.. (Gözləri yaşarır, məndil ilə silər).
Q a p l a n (şaşqın). Afət! Bu nə hal! Sən gülüyormusun, yoqsa ağlıyormusun?
A f ə t. Əvət, gülüyorum, fəqət göz yaşlarilə bərabər; ağlıyorum, fəqət qəhqəhələrlə bərabər...
Q a p l a n. Niçin, ah niçin?
A f ə t. Çünki bən hər qanunun xilafında yaratılmış bir məxluqum. Bənim hər sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Bən düşmanıma məftun olurum, sevgilimi cəllad kibi boğazlarım. Əvət, bən ağlarkən gülərim, gülərkən ağlarım.
(Təkrar şən və şatır qəhqəhələrlə gülməyə başlar).
Q a p l a n. Iştə, təbiətin də, gözəlliyin kibi müstəsna!..
A f ə t. Söylə, allah eşqinə, söylə! Altunsaç doktora nişanlandı, öyləmi?
Q a p l a n. Əvət.
A f ə t. Bir ay sonra dügün yapılacaqmış, deyilmi?
Q a p l a n. Əvət.
A f ə t. Bir ay sonra, otuz gün sonra, ah, nə qadar gec, nə qadar çabuq!.. (Qəhqəhə). Bir ay otuz yıldan daha uzun, otuz dəqiqədən daha qısadır. (Qəhqəhə).
Q a p l a n. Dəmin onunçinmi ağlıyordun?
A f ə t. Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq...
Q a p l a n. Nə isə keçmiş... İştə Qorqmaz da burada, bərabər gəzinəlimmi?
A f ə t. Xayır, pək yorğunum, azacıq oturalım (çardaqdakı sıraya otururlar).
Q o r q m a z (gəlir. Xəfif bir təmənnadan sonra). Müsaidə buyurulurmu?
A f ə t (məmnun). Hay-hay, gəl, baqalım.
 
Qorqmaz Afətin əlini öpər, Qaplan ilə də əl verib oturur. Bu sırada Afətin əlindəki şəmsiyə düşüverir, hər ikisi birdən almaq için əyilir. Qorqmaz daha əvvəl təqdim edər.
 
A f ə t. Təşəkkür edərim.
Q o r q m a z. Bir şey deyil.
A f ə t (Qaplana). Şuradakı bufet açıqmı?
Q a p l a n. Əvət, nə arzu edərsiniz?
A f ə t. Bir qədəh limonata olsaydı, məmnuniyyətlə içərdim.
Q a p l a n (qalqar). Bu saət söyləyim gətirsinlər (gedər).
A f ə t (Qorqmaza). Söylə baqalım, nerələrdəsin?
Q o r q m a z. Bir aydır ki, köydə idim, pək şairanə və gözəl günlər keçirdim.
A f ə t. Ah, bir ay, otuz gün!.. Otuz yıldan uzun, otuz dəqiqədən qısa... (Acı qəhqəhələrdən sonra). Əvət, ölmək istəyənlər için pək gec, uzun... Sevmək və yaşamaq istəyənlər için pək çabuq, pək qısa...
Q o r q m a z. Fəqət bu sözlər nə demək? Nerədən xatırınıza gəldi?
A f ə t. Sorma, gözəl çocuq, orasını hiç sorma!
Q o r q m a z. Afət! Niçin adımı söyləmiyorsunuz?
A f ə t. Çünki bana “siz” deyə xitab ediyorsun, çünki həm çocuqsun, həm də gözəl... Onunçün bu ad sana daha uyğun... (Yarım qəhqəhə ilə). Əvət, gözəl çocuq, bu da bəndən sana yadigar olsun.
Q o r q m a z. Pəki, sevgili Afət! Öylə olsun (Afətin əllərini yaqalar).
Ah, səni nə qadar seviyorum, bilsən...
A f ə t (şux qəhqəhələrlə). Niçin!.. Pək gözəlmiyim?
Q o r q m a z. Bilməm, lakin hər səhər səni ağuşuna alan aynaya sor da baq, o nə diyor...
A f ə t (ufacıq bir ayna çıqarıb baqar). Əvət, yanılmıyorsun: hələ şu füsunkar gözləri, şu mini-mini dodaqları nə qadar seviyorum, aman, ya Rəbbi, nə qadar seviyorum. (Aynadakı rəsmini məftun bir tevr ilə öpər).
Q o r q m a z. Ah, şu duyğusuz ayna, şu mə’nasız şişə parçası bəxtiyar bir rəqib kibi ruhumu sarsıyor, sinirlərimə toqunuyor.
A f ə t. Niçin, gözəl çocuq, niçin?
Q o r q m a z. Səni qucaqladığı için, şu gözəl dodaqları öpdüyü için.  
A f ə t. Fəqət unutma ki, şu duyğusuz ayna, bə’zi xain yürəklərə nisbətlə daha vəfalı, daha sədaqətli...
Q o r q m a z. O xain yürək kimdir əcəba, niçin açıq söyləmiyorsun?.. Xayır; sən bir ay əvvəlki Afət deyilsin.
A f ə t (mütəəssir təbəssümlərlə). Ah, bir ay!.. Otuz gün!.. İştə, ayrılıq çəkənlər için otuz yıldan daha uzun, qavuşub birləşənlər için otuz dəqiqədən daha qısa...
Q o r q m a z. Afət, səndə başqa hallar görüyorum; bu sözlər niçin? Bu kinayələr niçin?
A f ə t. Bir ay sonra dünya dağılacaq, ümidlər solacaq, ağlayanlar güləcək, gülənlər qəhr olacaq (həyəcandan yaşarmış gözlərini silərək, pək sinirli). Ah, bən niçin şu xain mühitə atıldım, niçin yaratıldım!? Niçin qatil oldum, niçin aldatıldım!? (Sıraya dayanır; əllərilə yüzünü qapar).
Q o r q m a z. Aman, nələr eşidiyorum. Afət!.. Bana baq, Afət! Niçin düşünmüyorsun, niçin üzülüyorsun?
A f ə t (yorğun və bayğın bir tevr ilə). Of, onu hiç kəndim də bilmiyorum (sükut).
Q o r q m a z (Afəti qolları arasına alır). Afət! Sevgili Afət! Burada kimsə yoq, qəlbində nə varsa aç, söylə, unutma ki, Qorqmaz sənin ən aciz pərəstişkarındır.
 
Bu sırada Qaplan əlində bir gül dəməti ilə bir şişə limonata gəlir. A l a g ö z l ə O q t a y da digər tərəfdən çıqar.
 
A l a g ö z (Qorqmazın Afətə sarıldığını görüncə sinirli və çılğınca bir fəryad ilə). Ah, aman, ya Rəbbi!.. (Deyə bayılır. Oqtayın qolları arasına düşər).
 

Pərdə