Məzmuna keç

Afinanın doğulması

Vikimənbə saytından
Afinanın doğulması
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

İlahə Afina - Palladanı Zevsin özü doğubdu. İldırımsaçan Zevs bilirdi Kİ, ağıl ilahəsi Metisin iki uşağı olacaq: qızı Afina və qeyri-adi dərəcədə ağıllı, güclü oğlu. Tale ilahələri Moyrlar Zevsə dedilər ki, ilahə Metisin oğlu səni taxtdan salacaq və dünya ağalığını əlindən alacaq. Zevs qorxuya düşdü. Moyrların dedikiəri qorxunc taledən qaçmaq üçün Zevs ilahə Metisi şirin dillə yuxuya verdi, qızı Afina doğulmamışdan qabaq onu uddu. Bir müddətdən sonra Zevsin dəhşətli baş ağrıları başladı. Oğlu Hefesti çağırdı, başındakı dözülməz ağrılardan və səs-küydən can qurtarmaq üçün başını parçalamağı tapşırdı. Hefest baltanı yellədi, güclü zərbə ilə Zevsin kəlləsini dağıtdı. lldırımsaçanın başından qüdrətli cəngavər, ilahə Afina - Pallada çıxdı. Yaraqlı-yasaqlı, par-par parıldayan dəbilqədə, nizədə və qalxanda gəlib heyrətə düşmüş tanrıların qarşısında dayandı. Afina parlaq nizəsini müdhiş şəkildə fırlatdı. Onun nərəsinin səsi göylərə çatdı və Olimpi lərzəyə saldı. Gözəl, əzəmətli ilahə tanrıların qarşısında dayanmışdı. Afinanın mavi gözlərindən müdriklik yağırdı, bu cəngavər arvaddan ilahi bir gözəllik işıq saçırdı. Tanrılar, atası Zevsin başından doğulmuş sevimli qızını, şəhərlərin hamisini, müdriklik və ağıl ilahəsini, yenilməz cəngavər Afina - Palladanı vəsf elədilər.

Afina yunan qəhrəmanlarına himayəçilik göstərir, onlara müdrik məsləhətlər verir və onları təhlükədən xilas edirdi. O, şəhərləri, qalaları, qala divarlarını qoruyur, adamlara müdriklik və ağıl verir, incəsənət və peşə öyrədirdi. Yunan qızları əl işləri öyrətdiyinə görə Afinaya hörmət edirdilər. Adamlar və tanrılar toxuculuq sənətində Afina ilə yarışa bilmirdi. Bu işdə onunla yarışa girməyin təhlükəli olduğu hamıya bəllidi, toxuculuq peşəsində Afinanı kölgədə qoymaq istəyən İdmonanın qızı Araxnanın aqibətini hamı yaxşı bilirdi.