Məzmuna keç

Ah eylədiyim sərvi-xuramanın üçündür

Vikimənbə saytından
Ah eylədiyim sərvi-xuramanın üçündür
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.114.


Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.

Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.

Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.