Məzmuna keç

Aktyor

Vikimənbə saytından
Aktyor
Müəllif: Cəfər Cabbarlı

Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsus artistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
Dedim:
- Aşna, nə var? Yenə filosofluqdan dəm vurursan.
O:
- Yox, görürsən ki, bir nəfər bir az diribaşdır, zirəkdir, yaxşı oynayır. O biri tez çalışır ki, nə tövr olsa, onu sıxıb kənara çıxarsın. Mümkünsə ona yol verməsin ki, məbada yaxşı oynayıb camaatın hüsn-rəğbətini qazanar. Hər cür olsa, onun ayağından dartıb yıxmağa səy edir. Bilə-bilə rolu eləsinə verir ki, o da səhnəyə çıxdıqda Ənzəli balqabağına dönüb qalsın. Mən:
- Müsəlman ziyalısı, o da artisti-həsəd, əstəğfürullah, heç belə şey olmaz.
O:
- Sübut üçün, məsələn, cavan aktyorlarımızdan Hacı Hacınski, özü elə zirək, elə istedadlıdir ki, hər kəs yanında danışsa, ya çətin bir hərəkət göstərsə, o saat hərəkəti alar. O, ləhcə ilə danışıb, həmin hərəkəti də nöqsansız göstərər. Bir dəfə məşqdə oyun arasında ermənicə danışmaq lazım gəlir, erməni rolunu öhdəsinə alan cənab, yanında Hacını görcək, məşq əsnasında ermənicə danışmır və açıq-açığına:
- Danışsam, o öyrənər, - deyir və: - Teatr başlandıqda danışaram, - sözlərini əlavə edir. Xülasə, mən ölüm, sən öləsən ilə boynuna qoyurlar. Ağzını açan kimi Hacı zalımoğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır.
Bir də gördüm bir artist həsəddən az qalıb bağrı çatlasın.
Mən:
- Canı çıxsın, istedadlı olsun.
O:
- Yox... axı, tək o deyil.
Mən:
- Aşna, artıq müşərrəf eləmə. Mən səni nəsrlə başa sala bilmədim, qulaq as, nəzmlə deyim:

Pozma heç vəzi-mədarın, aktyordur, aktyor:
Başlama tənqidə karın, aktyordur, aktyor.

Sən bilirsən ki, olubdur aktyorluq sənəti,
Fikri puldur, zikri puldur, yoxdur özgə niyyəti;
Boş yerə, bu millətin boynuna yüklər minnəti,
Fəxr edir, guya ki, ürfanə sürüklər milləti.
Pozma sən də iftixarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.

Özgəni çəkmək qabaq, divanəlikdir, qıl nəzər!
Çox da istedadı var, biganədir, bidərdsər;
İstəyir tək oynayıb şöhrət qazansın simü zər;
Bir onun tək oynayan olsa, alar qəlbin kədər;
Qeyb edər şanü vüqarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.

İstəyir məxluq ona təzim qılsın bihüdud;
Saxlasın hər ehtiramın, söyləsin, nadir vücud;
Zirəki meydana çəkmək heç ona etməz nümud;
Mümkün olsa tapdalar, görsə birində var umud;
Sındırar qəddi-çinarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.

Görsə bir zirək, deyər: divanədir, gec getdi bu;
Səy edər bişmiş aşına bəlkə qatsın buzlu su.
Oynasa biçarə yaxşı, tez açar bir gövtgu,
Büxldən məcbur olar olsun onunla həm ədu.
Ləkələr hər etibarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.

Millətə xidmət deyil, fikri cibişdandır, gözüm!
Zirəkə, bir əhli-istedadə düşmandır, gözüm!
Qeyrinin iş bilməsindən o peşimandır, gözüm!
Bu təəccüb iş deyil, çünki müsəlmandır, gözüm!
Tərk edib namusü arın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.