Alı sən
Görünüş
| Alı sən Müəllif: Molla Pənah Vaqif |
| Mənbə: Sədnik Paşa Pirsultanlı. "Heca vəzninin bayatı və qoşma möcüzələri" (PDF) (az.). Təhsil. 2003. İstifadə tarixi: 2018-08-08. |
Gözəl boylu, gözəl xoylu, gözəl yar,
Nə gözəlsən, geyinibsən alı sən.
Gözəl gözün hərdən qıya baxanda,
Gözəl canı gözəl təndən alısan.
Gözəl qamət, gözəl gərdən, gözəl üz,
Gözəl olmaz sən tək, olsa gözəl yüz,
Gözəl canı munca yetər, gözəl, üz,
Gözəl deyil, etmə, gözəl, alı sən.
Gözəl durub, gözəl gəzib, gözəl bax,
Gözəl kəlbəm, sal boynuma gözəl bağ.
Gözəl seyrü kəşt eyləyib gözəl bağ,
Gözəl, dər budaqdan gözəl alı sən.
Gözəl saqi, gözəl tutub, gözəl kəs,
Gözəl doğra kəbab bağrım, gözəl kəs,
Gözəl canan, gözəl adam, gözəl kəs,
Bir gözəl kimsənin gözəl alısən.
Gözəl qapındadır, gözəl hey dərin,
Gözəl sev demişəm gözəl hey, dərin,
Gözəl, Vaqif qulun, gözəl Heydərin,
Gözəl, yetiş dadə, gözəl Alı sən.