Məzmuna keç

Ala gözlüm, mən bu eldən gədərsəm

Vikimənbə saytından
Ala gözlüm, mən bu eldən gədərsəm
Müəllif: Qaracaoğlan
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ala gözlüm, mən bu eldən gədərsəm,
Zülfü pərişanım qal, məlul-məlul.
Kərəm et, ağlından çıxarma məni,
Ağla göz yaşını sil, məlul-məlul.

Yəqin ey sevdiyim, sən səni düzet,
Qarayı bağla da, bəyazı çöz, at,
Doldur ver badeyi, bir daha uzat,
Ayrılıq şərbətin ver, məlul-məlul.

Əlvan çiçəklərdən taxma başına,
Qudrət qələmini çəkmə qaşına,
Məni unudursan doyma yaşına,
Gəz mənim eşqimlə yar, məlul-məlul.

Qaracoğlan der ki, ölüb ölüncə,
Mən də gözəl sevdim kəndi halımca;
Varıp qürbət elə vasil olunca,
Dostlardan xəbərim al, məlul-məlul.