Aldanma (Molla Cuma)

Vikimənbə saytından
Aldanma
Müəllif: Molla Cuma
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

 
Sevdiciyim, məndən sənə əmanət,
Hər yetənə, yalançıya aldanma.
Azdırarlar, fərar edər xasiyyət,
Hər gördüyün dilənçiyə aldanma.

Üç-dörd arşın bekar çitdən ötəri,
Bir girvənkə şəkər, qənddən ötəri,
Ağı olmuş beş qənfitdən ötəri,
Hər çərçiyə, dükənçiyə aldanma.

Molla Cuma səni sevdi əzəldən,
Əlin çəkməz sənin kimi gözəldən,
Evlər yıxan, araları düzəldən,
Araçıya, tələçiyə aldanma.