Məzmuna keç

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam

Vikimənbə saytından
Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam
Müəllif: İmadəddin Nəsimi


Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,
Qövsü-qüzehdir qaşların, yayına qurban olmuşam.

Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,
Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.

Kövnü məkandan keçmişəm, mə’na şərabın içmişəm,
Cananın üzün görmüşəm, başdan ayaq can olmuşam.

Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam.

Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,
Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam.

Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.

Uçmaq ilə rizvan mənəm, damu ilə neyran mənəm,
Danan ilə nadan mənəm, həm inü həm an olmuşam.

Gəh çıxmışam Isa kimi, çərx üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, ol Misrdə sultan olmuşam.

Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi gərçi Nəsimiyəm, haqq ilə yeksan olmuşam.