Məzmuna keç

Allahu-ələm

Vikimənbə saytından
Allahu-ələm
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər. Əsərləri. Dörd cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2005. ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-10.

Olmuşdur İran,
Qaynar bir qazan.
Nədir qaynaşan?
Allahu-aləm.

Toplandı millət,
Göstərdi qeyrət,
Bir səslə yazdı:
Qacara lənət!

Çıxmışdır əlan
Sırtıq bir oğlan.
Adı İrza xan,
Yaxşıdır, yaman?
Allahu-aləm.

İşə girişmiş,
Görmüş bir iş-miş,
Əlində var şiş,
Qələmdir, qəmiş?
Allahu-aləm.

İmdi səhərlər,
Verir şəhərlər
Bəzi xəbərlər,
Düzdür, ya böhtan,
Doğrudur, yalan?
Allahu-aləm.

Eyləyir çəm-xəm,
İşləri mübhəm
Əlində var kəm,
İçində bilməm
Zəhərdir, məlhəm
Allahu-aləm.

Deyəndə şahsan,
Batır sükuta.
Deyəndə xansan,
Bir özgə buta.
Nədir bu insan?
Vəzirdir, sultan?
Kəndlidir, ya xan?
Allahu-aləm.

Keçmişi bəlli,
Gözəl əməlli,
Əsli nə cürdür?!
Çətindir həlli.
Son söz onundur,
"Fel"i, ya "dü"i.
Sabahçün əlan
Bilməyir İran,
Mirzə İrza xan
Dostdur, ya düşman?
Allahu-aləm.

Bu bir oyundur,
İranda şahmat.
Top hələ qalmış.
Tünd yeriyir at.
"Mat" olacaq "şah"?
"Şah" olacaq “mat"?
Xalqa bu pünhan
Allahu-aləm.

Yaxşı deyən var,
Yaman deyən var,
Başla deyən var,
Dayan deyən var.
O yanda bir tac,
Bu yanda dehqan,
Bundandır, ondan?
Allahu-aləm.