Məzmuna keç

Alma, aman

Vikimənbə saytından
Alma, aman
Müəllif: Miskin Əli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Pünhan-pünhan baxan gözəl,
Ağıl başdan alma aman,
Canım oda yaxan gözəl,
Məni dərdə salma, aman.

Qurbanam qələm qaşına,
Sirrini ver sirdaşına,
Dağlanmış sinəm başına,
Mujganını çalma aman.

Xub saxla namus, arını,
İstərəm etibarını,
Atıb vəfalı yarını,
Seyraqıbı bulma aman.

Alışıram bax tüstümə,
Gəl acıqlanma üstümə,
Yağı cəlladtək qəsdimə,
Qəzəblənib dolma aman.

Görmədim qaşın təhrini,
Dağıtma könlüm şəhrini,
Çəkib əğyarın qəhrini,
Dərin fikrə dalma aman.

Kim sevməz sən kimi yarı,
Olmayasan bir gün sayrı,
Qədirbilməz xardan ayrı
Qönçə gulüm, solma, aman.
 
Bircə kəlmə danış, söylə,
Kamanın bağrıma teylə,
Geyin, sallan, Miskin ilə,
Zarafatdan qalma, aman.