Məzmuna keç

Altıdı

Vikimənbə saytından
Altıdı
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Çərxi-pirə salam edən
Səyyarələr altıdı.
Adınaya cəhd eyləyən
Ruzilər altıdı.
Əfsəl, Mürsəl gəldi-getdi
Neçə rəsul dünyadan.
Ünvanları bərr-haqq qılan
Pür dəryalar altıdı.

Altı dəsgah oxuyanlar
Az qaldılar lal ola.
Zənbur bu san şan hörəndə
Bəhrə verir bal ola.
Sanki bu san dühasıyla
Uya dalbadal ola.
Bətni zəmin hesabıyla
Ağ-qaralar altıdı.

Altı-altı məskən saldı
Qüdrət aləm Quranda.
Bu san ilə hesab aldı
Sərdabələr duranda.
Cümlə-aləm abad olar
Haqqın gürzü vuranda.
Dağ Yunisdən də kənar
Qaçan biçarlar altıdı.

Saya-saya san itirdim,
Alı, son qoy hesaba.
Hesabını çəkməyənə
Kimsə deməz “mərhaba!”.
Surəti yox meylərin,
Doldur, cəm et bir qaba.
Dördü xakda, cütü canda
Gübaralar altıdı.