Məzmuna keç

Altun heykəl

Vikimənbə saytından
Altun heykəl
Müəllif: Cəfər Cabbarlı


Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunması ilə mühitindəki adi kəndlərdən ayrılır.

Əhalisi adətən sair kəndlilər kimi əkinçiliklə məşğul olur və bəzən dəxi yaxın mahallara maral, dağ kəli ovuna gedərlər.

Gündüzləri ağır işlərdən yorulmuş ixtiyarlar daxmaların önündə toplaşaraq keçmişdən, gələcəkdən danışar, gənclər isə çəmənlikdə, meşə və bağlarda bir qədər gülüb danışdıqdan sonra evlərinə dönərlər və yuxudan erkən qalxmamaq üçün axşamları tez yatarlar.

Bu kimi kəndlərdə qadın və qızların gün keçirəcək yerləri bulaq başıdır...

Xeybərinin yaxınlığındakı bulaqdan su aparmağa gələn əlvan bəzəkli, sağlam vücudlu qızlar, təbiətin gözəlliyi içərisində bu təbii gözəllər, onların azadə quşlar kimi bir-birilə qonuşub-gülüşmələri, axşam günəş dəydikcə min dürlü rənglərlə çağlayan bərraq suyun gurultusu insana bütün qəmlərini unutdurur, ixtiyarlar ruhən belə gəncləşir, eşq-məhəbbət öz-özünə insanın qəlbinə dolur, insanı bayğın edir. Burada hər ağacın kölgəsi, hər bir kol, bir eşq yuvası, bir məhəbbət aşıyanıdır. Ufaq bir budaqda iki quşun qanad-qanada sürtərək quculdaşa-quculdaşa danışması tamamilə bir eşq dastanı deyilmidir?

Müzəffər hər axşam qoyunlarını sulamağa gətirərkən Ceyranı orada görmüş və sevmiş idi. Lakin qəlbinə malik olmuş eşqi Ceyrana açıb söyləməyə bir dürlü cəsarət etməyir, söz tapmayırdı... Ona aşiq olması yalnız sübh zamanları mal-qara arxası ilə gedərkən söylədiyi yaxıcı şikəstələrdən, dərdli-dərdli ahlar çəkməsindən anlaşılırdı...

Müzəffər oxuduqca, yüksək qayalardan eşidilən əks-sədası sanki “eşq-eşq”, – deyə Müzəffərin eşqini daha artıq şiddətləndirirdi. Dərdini şikəstələr arasında yalnız dağlara, qayalara və ormanlara söyləməyə məcbur olan Müzəffər, o məsum, ta səsini heç bir kəsə söyləməzdi...

İş-gücünü buraxaraq, kölgə kimi Ceyranın arxasınca daima bulağa getməyi özünə bir adət, bir borc bilərdi.

On beş yaşlı Ceyran əvvəllərdə heç bir şey anlamadan al rəngli şalına bürünüb, özü yaşda qızlarla bulağa gedər, onlarla danışar, gülər, atılar-düşərdi.

Lakin Müzəffərin aylarla davam edən təqibi, Ceyranı artıq şübhəyə saldığından, bulağa gec-gec və mümkün qədər başqa qızlarla bərabər getməyə və Müzəffəri görüncə yaşınmağa məcbur etmişdi. Ceyranın bu surətlə saqınması, Müzəffərin eşqini get-gedə şiddətləndirir, biçarə gənci divanə edirdi...

Nəhayət, öz hissiyyatını Ceyrana bəyan etməyə və ondan ülfət təmənnasına qərar verir... Bir axşam bulağın yaxınlığındakı ağac altında oturub Ceyranı gözləyirdi. Ceyranın gəlməsinə müntəzir, ağaca söykənmiş və sükuta dalmış ucaboylu, enlikürəkli, sağlamvücudlu Müzəffər axşam günəşinin altun şəfəqləri altında, altundan məmul bir heykələ bənzəyirdi.

Bir neçə dəqiqə sonra ayaq altında basılmış ot xışıltısı bu sükutu pozmuş idi...

Xışıltını hiss edən altun heykəl hərəkətə gələrək, ətrafa baxmağa başlamış və nəhayət, bir neçə qədəm bulağa doğru yürümüşdü... Bu halda Ceyranı birdən-birə öz önündə gördüyündən, durduğu yerdə donmuş kimi qalmış, öz gözləri ilə gördüyünə inanmamışdı... Bir neçə saniyə hər ikisi heyrətlə bir-birinə baxdıqdan sonra Müzəffər birdən-birə sıçrayaraq, Ceyranın ayağına yıxılmış və torpağı öpərək, özünəməxsus bir dil ilə ürəyində bəslədiyi məhəbbətini ona anlatmağa başlamışdı... Indi o böyük vücudlu Müzəffər kiçik Ceyranın ayaqları üzərində boynu zəncirli və bayılmış bir pələngin qüvvəsiz bir mələk ayağına yıxılmış olduğu kimi görünürdü...

Ceyran isə, ovçu hücum edərkən anasından ayrı düşmüş bir ahu yavrusunun həsrətlə arxaya baxaraq, həyəcanla mələdiyi kimi, heyrətlə ətrafa baxıb bir ağız xəfif, fəqət dəhşətli imdad sədası çıxarmışdı... Müzəffər isə qızın dəhşətinə mültəfit olmayıb, bəslədiyi arzuları, aydınlıq gecələrdə Ceyranı şəlaləyə tamaşa etməyə aparacağını, onun üçün şərqilər oxuyacağını və min dürlü səfalar çəkəcəklərini vəd edirdi... Lakin əbəs... Ceyran, məhəbbətin nə olduğunu ciddən düşünməyib, Müzəffərin bu təşəbbüsünə etina etməmiş və bir anda gözdən qeyd olmuşdu.

Müzəffər isə bir qədər xəyalata dalmış, durmuş, sonra günəşin son şüalarına bir daha baxıb yürümüş və haraya getdiyini qətiyyən düşünməyərək, Ceyran qaçdığı yolla getməyə başlamış. Nəhayət, vücudu ümid və həyatla dolu dəliqanlını divanə kimi buraxmış...

Ceyranın valideyni vaqiəni anlayınca, qızı xilas etmək məqsədi ilə, əqrəbasından birisinə vermişlər.

Hər gün axşamları Ceyranı ziyarət etmək qəsdi ilə bulaq başına gələn zavallı Müzəffər bu xəbəri eşidincə, təhəmmül edəməmiş və xəstələnmiş... Bulaq yaxınlığında durub məhbubəsini gözləmək vəzifəyi-müqəddəsini artıq icra edəməmiş...

Vərəm xəstəliyi Müzəffəri fəna bir hala salmışdı. Lakin fürsət və imkan tapdıqca, sevdiyini görmək üçün yenə də bulaq başına gedərdi. Lakin Ceyranın bir daha bu yerlərə gəlməyəcəyini hiss edərək, həyatdan büsbütün bezikmiş və getgedə xəstəliyi şiddət etmişdi... Az zaman sonra dul qalmış Ceyran məsum günlərini xatırlamış, acı fikir və xəyalatdan qurtulmaq üçün bir axşam bulaq başına getmişdi və dilənçi qiyafəsində özünü günəşə vermiş olan bir xəstəyə təsadüf etmişdi... Bu zaman arslan, igid Müzəffərin, vaxtilə altun heykəl kimi təsəvvür edilən sağlam vücudlu gəncin son halı idi. Həyatdan təcrübə almış Ceyran, zavallının bu hala düşməsinə məhəbbət bais olduğunu dərk etdiyindən, bu dəfə Müzəffərə rəhmi gəlmişdi. Xəstə Müzəffərin əllərini öz əllərinə alıb, bundan sonra özünün ona ömür yoldaşı olacağını vəd və Müzəffərdən əski məhəbbət naminə bu təklifdən baş qaçırmamasını rica etmişdi.

Qəlbini ələ gətirmək məqsədi ilə Müzəffərin əllərini öz əlləri arasında sıxı-sıxı tutmuşdu. Sənələrlə arzusunda bulunduğu bu məhəbbət, Müzəffərin həyatının son dəqiqəsinə təsadüf etmişdi...

Ceyran əllərini Müzəffərin əllərindən çəkincə, qarşısında ruhsuz bir cəsəd görmüşdü...