Ana (Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ana (Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Haqq işinə qarşı getmə,
Məni oda atma, ana.
Bu sevda haqdan gəlibdi,
Ayıq olnan, yatma, ana!
Mənim başımı əydirmə,
Görən gözümüm oydurma.
Məni qəm ilə doydurma,
Yollarımı tutma, ana!
Bu sövdadan dönmək olmaz,
Sal qayadan enmək olmaz.
Eşq yolunda sönmək olmaz,
Qollarımı çatma, ana!
Yazı yazan yazıb bunu,
Tanrıya tutsan bir yönü.
Bu eşqin görünmür sonu,
Günaha gəl batma, ana!
Oğlun Heydər aşiq olub,
Gül irəngi saralıb solub!
Qəlbim ağlar, gözüm dolub,
Gəl başımı qatma, ana!