Ana (Hüseyn Cavid)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ana (1910) Müəllif: Hüseyn Cavid |
1 pərdəli dram |
Səlma — ana.
Qanpolad — oğlu.
İsmət — Qanpoladın nişanlısı (ev qızı).
Səlim — İsmətin qardaşı.
Gənc bir ləzgi — Səlimin arxadaşı.
Orxan — İsmətə vurulmuş bir dəliqanlı.
İzzət.
Murad.
Səhnə Dağıstanda otlu, ağaclı kiçik bir bağça ərz edər. Bağçanın ucunda sadə və fəqiranə bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng buludlar, yüksək və mavi dağlar nəzərə çarpar.
Səlma
(Qapı önündə oturub çox düşüncəli görünür, iki dəqiqə sonra qalxıb üzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə)
Ey mərhəmət kanı, ey ulu tanrı!
Ey yerlərin, göylərin hökmdarı!
İnayət qıl, yox başqa bir havadar,
Yalnız varım-yoxum tək bir oğlum var.
Ah, Qanpolad!.. Nuri-didəm, övladım!
Üç ay var ki, məktubunu almadım.
Üç ay var ki, taqət qalmamış məndə,
Gözüm yollarda, intizar içində.
Hər gecə gördüyüm qanlı röyalar
Göstərir ki, qorxulu bir xəbər var.
Bir ildən fəzlədir hər ay, hər on beş
Məktub yollardı, eylərdi sifariş.
Neçin o şimdi olsun böylə qafil?
Xayır, xayır, oğlum vəfasız deyil.
Lakin məni məhv edər bu intizar,
Gündən-günə qəlbimdə şübhə artar.
(İsmətin gəldiyinə diqqət edərək)
Ah, gəliyor İsmət, nasıl da məhcub!
Qız deyil, bir mələkdir...
İsmət
(Gülər üzlə)
İştə məktub!
Səlma
Kimdən, quzum?
İsmət
Qanpoladdan.
Səlma
Kim verdi?
İsmət
Qonşumuz, Qorqmaz oğlu Müslim verdi.
Səlma
Nasıl Qanpoladım?
İsmət
Şükür, sapsağlam...
Səlma
Gəlmiyormu?
İsmət
Məktubda yazmış tamam.
Səlma
Ah, gözəl İsmətim, otur evdə sən,
Bir az təkbaşına çalğı çal, əylən.
Bən də şimdi məktubda hər nə varsa,
Oqutdurub tez gəlirim...
İsmət
Çox əla.
(Səlma gedər)
İsmət
(Öz-özünə)
Of! Qanpolad kim bilir, şimdi nerdə?
Bən burda yalnız, o, qürbət ellərdə.
Bir yıl əvvəl nişanlandım bən ona,
Tale o gündən düşman olmuş bana.
Artıq onsuz hər şey gözümdə məhzun,
Bir an həyatımdan olmadım məmnun...
İştə bahar olmuş, hər yer gülümsər,
Quşlar civildəşir, bülbüllər ötər,
Açılmış hər yanda güllər, çiçəklər,
Qızlar, oğlanlar sevişir, seyr edər.
Bəzənmiş bir gəlin kimi kainat,
Fəqət mənim qəlbim açılmaz, heyhat!..
(Qapını açıb içəri girər. Bir az sonra Orxan ilə İzzət bir tərəfdən çıxar.)
Orxan
İzzət, İzzət! Sən bir tərəfdə bəklə,
Saqın! İsmət səni görməsin hələ.
İzzət
Kim bilir! Bəlkə heç o yoxdur evdə.
(Bu sırada qarmon səsi eşidilir.)
Orxan
İştə qarmon səsi! Odur əlbəttə.
Odur, o!.. Bax, nasıl ruhlu bir çalğı?
İzzət
Əvət məhzun könül, məhzun musiqi.
Orxan
Ah, qız nə qız! Sultanlara layiqdir.
Fəqət zalım Qanpolada aşiqdir.
Hər gün xəbər tutar gedib-gələndən,
Onun adı bir an düşməz dilindən.
Zavallı! Kəndi hüsnündən xəbərsiz,
Bilməyir ki, eşqində divanəyiz!
Bilməm ona nasıl dərd anlatmalı,
Yalnız yalvarmalı, ya qorxutmalı.
Kəndisi arxasız, yoxsuldur gərçi,
Lakin o qızda bir böyüklük var ki,
Hər zaman rast gəlsəm ruhum sarsılır,
Dilim söz söyləməkdən aciz qalır.
İzzət
Orxan, sən bir igidsən! Düşün bir az,
Billah, bu hal sənə əsla yaraşmaz.
Orxan
Yaxşı nə yapmaq gərək?
İzzət
Burax varsın,
Qız kəndisi gəlsin sənə yalvarsın.
Orxan
Xayır, bu iş mümkün deyildir haşa!
Mən dərdimi açıb da başdan-başa
Eşqimi söylərəm, riza göstərsə
Xoşbaxt olar...
İzzət
Büstbütün rədd edərsə?
Orxan
Qəm yemə, Orxan çox da aciz deyil.
(Qarmonun səsi kəsilir)
Haydı, İzzət, susdu qarmon, sən çəkil!
(İzzət dörd-beş addım çəkilir.)
Orxan
(Qayət hiddətli)
İnan ki, alt-üst eylərəm aləmi,
İsmət Orxanı rədd edər, öyləmi?”
Allah şahid, mənə olmazsa dəmsaz,
Bu torpaqda ondan bir iz də qalmaz.
Yaşar dağlar başında qartal kimi,
Qoşar səhralarda bir maral kimi,
Məndən başqa bulunmaz bir ənisi...
Zərər yox, gəlsə gəlsin nişanlısı;
Gəlsin Qanpolad, qarşı qoysun mana,
İsmət ya qismətdir mana, ya ona.
(Bu sırada İsmət dişarı çıxar.)
Orxan
Aman, nə yosma qız!
İzzət
Ah!..
Orxan
Çəkil, çəkil!
(İzzət çəkilir, Orxan özü-özünə)
Yazıq! Əsla qızın könlü şad deyil,
Allah, allah! Həm dalğın, həm də məhzun.
Bir baxışda eylər insanı məcnun,
(İsmətə doğru)
Aman, ya rəb, İsmət, İsmət!
İsmət
(Orxanı görüncə heyrətlə)
Ah, Orxan!
Orxan
Nə var, nə yox?
İsmət
Çox şükür, Qanpoladdan
Bu gün bir məktub gəldi...
Orxan
Nerdə Səlma?
İsmət
Qonşudadır, imdi gəlir...
Orxan
Pək əla,
Fəqət neçin?
İsmət
Getmiş mollanı bulsun,
Məktubu oxutsun, xatircəm olsun.
Orxan
Pəki, evdə kim var?
İsmət
Kimsə yox...
Orxan
(Əlini İsmətin umuzuna qoyaraq)
İsmət!
Allah əsirgəsin, nədir bu halət?
Bət-bənizin solmuş, çöhrən dəyişmiş,
Qolay sanma, deyil bu sadə bir iş.
İsmət
(Geri çəkilərək)
Əvət doğru, fəqət maraq, intizar
Bir az sıxmış məni...
Orxan
Qərib halın var!
Qanpolad getsin qürbətdə sürünsün,
Sən burda ancaq sol, qayğı çək, düşün!
İsmət
Lakin təhəmmüldən başqa çarə nə?
Orxan
Yazıq İsmət, yazıq!.. Sənin hüsnünə
Mənim kimi minlərcə aşiq varkən...
İsmət
Ah, sus, Orxan, sus!
Orxan
Allahı sevərsən,
Söylədiyim sözlər yalanmı? Söylə!
Söylə, İsmət, yalanmı? Bir fikr eylə
Bütün Dağıstanda var bir şöhrətim.
Yüksək dağlardan böyükdür həşmətim,
Hörmətim, izzətim, varım, sərvətim,
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
Günəş kimi parlayırkən, fəqət mən
Yalnız məftunəm sənə, ah, yalnız sən!..
İsmət
Orxan! Yetər, yetər...
Orxan
İsmət, bir düşün!
Səndən başqa bir düşüncəm yox bu gün.
Bütün qızlar əsir ikən eşqimə,
Mən sənin eşqində batmışam qəmə.
Səbrim tükənmiş, taqətim kəsilmiş,
Huşum, əqlim uçmuş, uyqum çəkilmiş.
Səndə əsla mərhəmət yoxmu?
İsmət
(Barmağındakı üzüyü göstərərək, hiddətlə)
Orxan!
İştə barmağımda gördüyün nişan
Qanpoladdan bir yadigardır mana,
Ömrüm olduqca bağlıyam mən ona.
Orxan
Bir üzükdənmi eylərsən etiraz?
İsmət
Əvət, bu bir zəncir ki, heç qırılmaz.
Orxan
İsmət, onun heç bir mənası yoxdur,
O bir boş xəyaldır, səni qorxudur.
Üzük, nişan yalnız könüldür, könül!
Olma çocuq... Sən gəl mənə ver könül!
Yarın atlanıb bu köydən çıxalım,
İgid kimsə, qarşı çıxsın baxalım.
(Öz-özünə heyrətlə)
Allah, allah, yenə çatıldı qaşlar!
Dəhşət verir qartalvari baxışlar!
(İsmətə)
Söylə, fikrin nədir? Cavab ver, İsmət!
İsmət
(Usanmış və sinirli bir halda)
Artıq yetər, allah için, çəkil get,
Hörmətin, izzətin, varın, şöhrətin,
Nəslin, nəcabətin, gücün, qüdrətin,
Həp sənin olsun, get, çəkil get, Orxan!
Mən ayrılmam o yoxsul Qanpoladdan.
Bütün dünya alt-üst olub dağılsa,
Ondan başqa sevdiyim yoxdur əsla!
Orxan
İsmət, artıq mənim təhəmmülüm yox...
Sən gəl bu işdə pək inad etmə çox.
İnan, gözəl səmər verməz bu inad,
Nə sən sağ qalarsan, nə də Qanpolad.
İsmət
Get, nə yaparsan yap, çəkil get, durma!
Orxan
Ah, öyləmi?
İzzət
(Görünərək)
Orxan, özünü yorma!
Bir gücsüzə yalvarmaqdan nə hasil?
İsmət
Ah, vicdansız, alçaq!..
Orxan
İzzət, sən çəkil!
İzzət
(Çəkilərək)
Pəki, mən çəkildim, sən yalvar, yaxar,
Sanki yalvardıqca məhəbbət artar!
Orxan
Artıq anladıq, çəkil, dəf ol, İzzət!
İsmət
Ah, xain oğlu xain!..
İzzət
Pəki.
(Çəkilir.)
Orxan
İsmət!
O məcnundur, ondan bir şey umulmaz,
Saçmadır hər sözü, əsla tutulmaz.
İsmət
(İstehza ilə)
Əvət, doğru... yoxsa səni bulmazdı,
Səninlə sirdaş, arxadaş olmazdı.
Orxan
Hər nə söylərsən söylə, xoşdur məncə,
Bəllidir ki, olmaz tikansız qönçə.
Hər nazına mən eylərəm təhəmmül,
Ancaq ayrılığa tab etmə müşkül...
Məndə artıq can qalmamış.... mərhəmət,
Mərhəmət qıl, insafsız olma, İsmət!
Ya gəl canımı al, ya ver tazə can.
İştə sən, iştə xəncər, iştə Orxan!
(Xəncərini çəkib İsmətə uzadır.)
İsmət
(Alaraq istehza ilə)
Afərin, afərin bu zərb-dəstə!
Heç rast gəlmədim böylə zərb-şəstə!
Çocuqluqdan bəri bu məmləkətdə
Vardım bu sinnə, amma sən fitrətdə,
Sən xislətdə bir qəhrəman görmədim,
Sən təbiətdə bir insan görmədim.
Bu haqsızlıq, bu acizlik, miskinlik
Bir mərd üçün çəkilməz dərdi-mühlik!..
Yazıq Orxan! Billah yazıqlar olsun,
Sən bir igidsən, sənə çox ar olsun!
(Əlindəki xəncəri bir tərəfə atıb gedərək)
Əvət, çox ar olsun!..
Orxan
Getmə, dur İsmət!
İsmət
Həzyan eşitməyə yox məndə qüdrət.
Orxan
Dur dedim, dur!
İsmət
Artıq çəkil get, yetər!
Orxan
Billah məhv olarsan...
İsmət
(Xəncəri göstərərək)
Al, iştə xəncər!
(Uzaqlaşır)
İzzət
(Çıxıb yola baxaraq)
Orxan! Gələn var, aman, çəkil, durma!
Orxan
Ah, zalım...
İzzət
Gəl canım, özünü yorma.
Orxan
(Azacıq çəkilərək)
İsmət, İsmət! Getdim, unutma lakin...
İsmət
Get hər nə istərsən yap, alçaq, miskin!
(Etinasızca evə girər)
Orxan
Ah, mənmi?
İzzət
Sus, canım, sus!
Orxan
İsmət!
İzzət
Orxan!
Gəl, haydı...
Orxan
Uff... Sevimli, parlaq ilan!
(Hər ikisi şaşırmış bir halda tez ağaclığa çəkilib saxlanırlar.)
İsmət
(Bir az sonra təkrar dişarı çıxar, ətrafına baxaraq)
Getmiş, artıq əsər yox qəhrəmandan,
Mütləq məni eyləyirmiş imtahan!
Fəqət bilməz ki, İsmət Qanpoladsız
Məhv olur da dönüklük etməz hərgiz.
Ah, bu xəncər nə? Vay, zavallı Orxan!
Şübhə yox, unutmuş şaşırdığından.
(Xəncəri yerdən alaraq)
Gerçəkdən çox gözəl, çox süslü xəncər,
Bir parçacıq polad, lakin bir əjdər...
Bir vuruşda məhv eləyir bir insan.
(Birdən-birə Səlimi görüb xəncəri gizləyərək)
Ah, Səlim!
Səlim
İsmət! Söylə Qanpoladdan
Nə xoş xəbər var? Nə yazmış, nə etmiş?
İsmət
Bilməm...
Səlim
Səlma nerdə?
İsmət
Qonşuya getmiş.
Səlim
Niyə?
İsmət
Məktubdan bir xəbər bilməyə.
Səlim
Fəqət bir təlaş var sənin üzündə.
İsmət
Nasıl, təlaş?
Səlim
İştə sən! İştə çöhrən!
Səndə bir iş var, gizləyirsən məndən.
İsmət
İnan ki, yox burda heç bir gizli iş.
Səlim
Pəki, səbəb nə öylə rəngin qaçmış?
İsmət
Keçən gecə bir xeyli fikrə daldım,
Düşündüm, düşündüm uyqusuz qaldım.
Odur ki, məndə qalmamış bət-bəniz...
Səlim
Xayır, bu uydurma bir sözdür yalnız.
İsmət
Ah, neyləyim, qardaşım! Qanpoladsız
Günüm bir il keçir... Bir nişanlı qız
Nerdə görülmüş böylə qayğı çəksin,
Bir il başdan-başa göz yola tiksin.
Allah üçün, söylə, haqsızmıyam?
Səlim
(İsmətin qolundan tutub çəkərək)
Gəl!
Çocuq olma...
İsmət
Sən get!
(Xəncər düşür)
Ah!
Səlim
İştə əngəl?!
(Xəncəri yerdən alaraq)
İsmət, İsmət! Bu xəncər nə yanında?
Bu əjdər nə, saxlamışsan qoynunda?
İsmət
İmdi burdan keçərkən yerdə buldum,
Maraq etdim, kimindir deyə aldım.
Səlim
Mən səni bir doğru qız zənn edərdim,
Səndə ki, aldatmaq da varmış?!
İsmət
Səlim!
İnan, heç bir sözümdə yoxdur xilaf,
Mən yalan bilməm.
Səlim
(Qızğın)
İstəməz başqa laf!
Söylə, açıq söylə, hər nə var, söylə!
Doğru söylə, İsmət! Şaşırma böylə.
İsmət
(Özü)
Allah, allah! Bir bəlayə tuş oldum.
Səlim
Neçin susdun?
İsmət
Dedim ya! Yerdə buldum.
Səlim
O çeynənmiş bir söz, anladıq, pəki
Kimindir bu xəncər, söylə?
İsmət
Tühaf şey!
Görüb bilmədiyin bir işdən yana,
Nasıl məlumat verəyim mən sana!?
Səlim
Görüb bilmədiyim bir iş, öyləmi?
Mən inanmam, inandırsan aləmi...
(Xəncəri göstərərək)
Məcnunmu böylə bir silah sahibi,
Atıb getsin bunu bir çocuq kibi?
Bu bir oyuncaq deyil, unudulsun,
Sonra İsmət gəlib də yerdə bulsun!
Bir igid silahdan nasıl ayrılır?
Silah mərd oğula bir arxadaşdır.
İsmət
Bəlkə buraxmış bir divanə sərxoş.
Səlim
Xayır, ya burda bir cinayət olmuş,
Yaxud olmaq üzrə imiş...
İsmət
Qardaşım!
Mən yoruldum, artıq ağrıyır başım.
(Evə doğru getmək istər)
Səlim
(İsməti yaxalayaraq)
İsmət, inan, qaldım şübhə içində,
Cavab ver, sonra get, bir iş var səndə.
İsmət
Səlim! Vaz keç, burax...
Səlim
(İnadlı)
İsmət, heç olmaz.
İsmət
(Sinirli)
Allah İsməti öldürsün!..
(Səlimin əlindən qurtulub düşüncəli bir halda evə doğru gedər.)
Səlim
(Özü)
Ah, qurnaz!
Bax, nə qədər mahir, nasıl şivəbaz!..
Bir iş var, ancaq saqınır qızcığaz;
Sirr vermək istəməz, açmaz ağzını,
Xayır, bu halda mən görmədim onu.
Ah, bu qız bir qız deyil, bir afətdir;
Hər bir halı insana dəhşət verir.
Kim bilir! Bəlkə Qanpoladdan yana,
Tükənmiş səbri, qıymaq istər cana.
Lakin bu xəncəri o kimdən almış?!
Bu evdə böylə şey yox , nerdə bulmuş?
Xayır, xayır, hər an şübhəm artıyor,
Şimdi mən İsməti eylərəm məcbur;
Bu sirri açsın, gərək həp söyləsin;
Ya and içsin, məni rahat eyləsin.
(İsməti çağıraraq)
İsmət, İsmət!
İsmət
Nə var?
Səlim
Sözüm var sana.
İsmət
Allahı sevərsən, çıx get bir yana!
Səlim
Gəl bəri, İsmət! Bəri gəl...
İsmət
Səlim, get!
Səlim
(İsmətə yaxınlaşaraq)
Getmək qolay, ancaq sən etiraf et!
Anlat başından keçəni büsbütün;
Yoxsa mən sənə rahat verməm bu gün.
Qıymaqmı istəyirdin sən kəndinə?
Bu xəncərlə oynamaqdan məqsəd nə?
İsmət
Səlim, çıldırdınmı?
Səlim
Əvət, çarə bul!
İsmət
Məndə bir şey yox, qardaşım, əmin ol!
Səlim
Kimin bu xəncər, xəbərin yoxmu?
İsmət
Yox...
Səlim
Ah, bu yalan bir söz, zəhərli bir ox,
Ağzından uçub qəlbimə saplanır;
Vücudumda qan coşur, alovlanır.
Söylə, İsmət!
İsmət
Yox xəbərim, dedim ya!
Səlim
Öylə isə, and iç, bitsin bu qovğa.
İsmət
Nasıl! And içməkmi?
Səlim
(İsmətin yaxasından tutub silkələyərək)
Şübhəsiz...
İsmət
(Özü)
Eyvah!
Səlim
Söylə, İsmət, söylə ki: vallah, billah,
Bu xəncərdən heç xəbərim yox mənim,
Həm də kimindir bilməm əsla...
İsmət
Səlim!
Bütün dünya dağılsa mən and içməm.
Səlim
(Hiddətli)
Mən də, inan, israrımdan vaz keçməm,
Səlim çocuq deyil, hərgiz aldanmaz;
“Billah” de, qurtul...
İsmət
(Özü)
Ah, inadlı qanmaz!
And içməsəm susdurmaq olmaz onu,
And içsəm oluram allah düşmanı;
Fəqət, xayır, mümkün deyil and içmək,
Hər nə varsa açıb söyləyim gərək.
Səlim
İsmət, söylə neçin susdun?
İsmət
Ah, Səlim!..
Səlim
Məndən qorxma, heç qorxma!
İsmət
Ah, söyləyim,
Söyləyim, qardaşım, ancaq bu sirri
Bir sən bilməlisən, bir mən...
Səlim
(İsməti bir tərəfə çəkərək)
Gəl bəri!..
Heç qəm eyləmə...
İsmət
Faş edilsə bu sirr,
İnan ki, çox böyük fəlakət verir.
Səlim
Pəki, anladıq, söylə artıq...
İsmət
İmdi,
Bağçaya çıxmışdım, Orxan göründü...
Səlim
Nasıl Orxan? Bu kim, bu hansı Orxan?
İsmət
Qonşumuz xanzadə, zəngin bir cavan.
Səlim
Çox gözəl, bildim, o bizim əhbabdır.
Sonra?
İsmət
Gördüm yavaş-yavaş yaxlaşır.
Səlim
Əvət, sonra?
İsmət
Məktubdan, Qanpoladdan
Əhval sordu; cavab verdim... bir zaman
Qüvvətindən, varından çox söylədi;
Sonra birdən elani-eşq eylədi,
Gəl qaçalım - dedi - başqa bir yana...
Səlim
Pəki, cavab vermədinmi sən ona?
İsmət
Əmin ol, çox gözəl cavablar verdim;
Dəf ol! - dedim, gözlərinə tüpürdüm.
Səlim
Nihayət?
İsmət
Pək çox yalvarıb yaxardı,
Xəncərini tez qınından çıxardı.
Verdi mənə, öldür! - dedi - Orxanı,
Öldür! İşgəncədən qurtulsun canı.
Səlim
Öyləmi? Öyləmi? Ah, rəzil, xain!
Pəki, nə yapdın sən?
İsmət
Dedim: get, misgin!
Çəkil get! - dedim, ədəbsiz, həyasız!
Sonra çəkildim evə etinasız.
Səlim
Afərin dostumuz, afərin Orxan!
Sonra?!
İsmət
Evdə gecikdim az bir zaman;
Çıxdım, bir də baxdım, ondan yox xəbər.
Ancaq qalan yadigar bir bu xəncər!..
Səlim
Heç zərər yox, fəqirlər aciz deyil,
Sən bəklə Səlmanı, ondan xəbər bil,
Sonra evmizə get, burda gecikmə!
Həm də söz açma bu işdən heç kimə!
İsmət
İnsan özünü heç eylərmi rüsva?
Səlim
Haydı, get evdə bəklə, burda durma!
İsmət
Pəki, itaət borcumdur, qardaşım!
(Evə doğru gedərək öz-özünə)
Ah, nələr çəkəcək ağrımaz başım.
(İçəri girər.)
Səlim
(Öz-özünə hiddətlə)
Orxan istər xan olsun, istər sultan,
Haqsızlıq əfv olunmaz heç bir zaman.
İmdi yalnız bulub gizli bir yerdə,
Anladaram həddini bir xəncərdə.
(Orxanın xəncərinə diqqətlə baxaraq)
Gerçəkdən çox kəskin silahdır, yenə
Ən nihayət qismət olsun kəndinə.
Bir də, dosta əyri baxan azğınlar,
Eşitsinlər də qoy ibrət alsınlar.
(Xəncəri qoltuğunda gizlər. Ətrafına baxaraq uzaqlaşar. Sonra Orxan və İzzət ağaclıqdan çıxarlar.)
Orxan
(Qəhqəhə və istehza ilə)
Od-alov saçıyor qəhrəman Səlim,
Eyvah, demək son nəfəsimdir mənim!
(Səlimin getdiyi tərəfə baxaraq)
Get, baxalım, get ara, bul Orxanı!
Get, bul sənə dost görünən düşmanı!
Məhv et, parçala! Anlasın həddini,
Bundan sonra kiçik saymasın səni.
İzzət
Düşmən hər nə qədər aciz olsa da,
Məğrur olub kiçik sanma, xanzada!
Orxan
Sözün doğru, çox doğru... lakin, İzzət!
Kim igidsə söz onundur nihayət.
Heç tələsmə, burda dur, imdi bir də
İtmam-höccət eylərəm İsmətə;
Təklifimi xoş görürsə nə əla!
Rədd edərsə, inan, yaşatmam əsla!
İzzət
(Şaşqın bir halda göstərərək)
Ah, bu gələn kim?
Orxan
(Usanmış bir halda)
Allahın bəlası!..
İzzət
Səhih kimdir?
Orxan
Qanpoladın anası...
(Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dişarı çıxıb baxınır.)
Səlma
(Gələrək, sevinc ilə)
İsmət! Qızım, müjdəmi ver, müjdəmi!
Bundan sonra, gül, sevin, tərk et qəmi!
Şükür, çox şükür, sap-sağlam, könlü şad!
Bu gün, yarın gəlmək üzrə Qanpolad.
smət
(Özü)
Allaha şükür!..
(Aşkar)
Gəlmək üzrəmi?
Səlma
Hay-hay!
Yazdığından bəs bəllidir ki, bir ay,
Tamam bir ay tədarük etməkdədir;
Çox ehtimal var ki, bu axşam gəlir.
İsmət
(Heyrətlə)
Nasıl?
Səlma
Əvət, ya bu axşam, ya sabah,
Qovuşdurur sizi o qadir allah.
(İsməti süzərək)
Həm də yazmış ki, söylərsən İsmətə,
Toy başlanmalıdır gəldiyim həftə!
(İsmət utanıb başını aşağı dikər)
Gəl, utanma, hifz etsin sizi tanrım,
Gəl, öpəyim səni, gəl, quzum, yavrum!
(İsməti qucaqlayıb öpərək)
Gül rəngin afət görməsin, solmasın!
İsmət! Heç bir günüm sənsiz olmasın!
Gəl evə, almasım!
İsmət
Rüxsət versəniz
İmdi gedib evmizə söylərəm tez,
Yenə tez gələrəm; çünki anamgil,
Həp müntəzirdir, kimsə rahət deyil.
Səlma
Yaxşı, quzum! Get söylə, anlat bütün;
Qoy sevinsinlər, fəqət sən çapuq dön!
Çünki evdə bir az hazırlıq görək.
İsmət
(Gedərək)
Çox gecikməm...
Səlma
Haydı get, parlaq çiçək!
İsmət
(Uzaqlaşaraq öz-özünə)
Ah, fəqət intiqam dilərsə Orxan,
İsmət xoşbəxt ikən olur bağrı qan.
(Göyə doğru)
Ey bizi yoxdan yaradan bir allah!
Rəhm eylə, səndən başqa yox bir pənah.
Səlma
(İsmətin gedişini seyr edərək)
Ah, qızcığaz sevincindən şaşırmış;
Oğluma çox dərin bir eşqi varmış.
Mən oğul anası, o bir nişanlı;
Lakin o məndən daha istiqanlı!
Qanpoladsız hər şey ona cəhənnəm...
Bəlkə onsuz cənnətə atmaz qədəm.
Bu qız beş gün sonra gəlin olarsa,
Bu hicran qayğısından qurtularsa,
Qorxuram ki, sevincindən çıldırsın.
(Heyrətlə)
İnsan sevər, deyil ki, böylə qızğın!
(Azacıq düşündükdən sonra, gülümsəyərək)
Ah, nə yapsın! Məsum çocuq, mələk qız
Bir sənə var ki, qalmış yapa-yalnız.
Haqlıdır, əvət, haqlıdır İsmətim,
Mənim də həp budur duam, hacətim:
Qanpolad bunsuz, bu onsuz olmasın!
Allah bir-birindən ayrı salmasın!
(Evə girər. Orxan ilə İzzət görünərlər)
Orxan
Ah, demək ki, Qanpoladdan xəbər var!
İzzət
Əvət, yarın şübhəsiz gəlir, çıxar.
Orxan
Zərər yox, onu mən sağ qoysam əgər,
Dünyada yox məndən alçaq bir nəfər.
İzzət
(Yana)
Mərd atalar bir məsəl söyləmişlər;
“Daldan atılan daş topuğa dəyər”.
Orxan
Bir ay susmaq lazım gəlsə ac, susuz
Bəklərəm onu rahatsız, uyğusuz,
Aman verməm ki, sağ qovuşsun evə,
Nazlı yarını öpsün sevə-sevə!
İzzət
Ah, sən neçin qandırmadın İsməti?
Neçin əlindən çıxardın fürsəti?
Bir həftə əvvəl qızı birdən-birə,
Alıb qaçırsaydın başqa bir yerə,
İmdi gözəl-gözəl sürüb keyfini,
Qanpoladdan çıxarmışdın heyfini.
Orxan
Of! Ağrıdan sanki çatlayır başım...
İzzət
İgid hər zaman igiddir, qardaşım,
Yenə az-çox əldə fürsət var hələ;
Yalnız açıq göz ol, sən vəqti bəklə!
Orxan
Xayır, bəklədikcə hövsələm bitər.
İzzət
Haydı, gəl, gedəlim, artıq gəl, yetər.
Orxan
Ah, qəlbimə sanki od-alov dolmuş!
İzzət
Gəl, canım, gəl!
Orxan
Yaxşı...
İzzət
Bax, axşam olmuş!
(Səhnə yavaş-yavaş qürub zamanını göstərir, bir az işığı əksilir)
Orxan
(Ətrafa baxaraq sinirli və azğın bir halda)
Ey həşmətli, qarlı, qartallı dağlar!
Şahid olun, ruhum bu gün qan ağlar.
Ey mavi göylər! Ey yaşıl ormanlar!
Ey bacalardan yüksələn dumanlar!
Fikrim kimi, ey dağılmış buludlar!
Orxan imdi qorxunc bir adım atlar.
Parlaq günəş! Ey, göylərin ərusu!
Neçin sarardın, ey, vərəm yavrusu?
Yoxsa bizim ölkəni tərk edirsən?
Seyr üçün başqa bir yurda gedirsən?
Nə gördünsə, get söylə, ay da bilsin,
Ulduzlar da bu halı seyrə gəlsin;
Bir qəhrəman ikən şaşırdığından,
Bilməz gülsünmü, ağlasınmı Orxan!?
(Qapıya doğru baxaraq, həyəcanlı)
Ah, gözəl çərkəs qızı, nazlı İsmət!
Mələk üzlü şeytan, incəbel afət!
Bunlar həp sənin üzündən, uf...
İzzət
Orxan!
Burda bəkləməkdən nə hasil?
Orxan
İnan,
Burdan getməm İsməti görməyincə...
İzzət
Şaşırdınmı?
Orxan
Nasıl?
İzzət
İsmət imdicə
Müjdə üçün getmədimi?
Orxan
Xayır, mən
Görmədim, heç görmədim...
İzzət
Ah, bu gün sən
Çox başqa bir hal keçirməkdəsən...
Orxan
Gəl!
İzzət
Nə yapmaq istəyirsən? Söylə əvvəl!
Orxan
İzzət! Gəl! Çox söyləmə, çox uzatma!
İmdi bulmalıyam mən onu!..
İzzət
Amma,
Böylə tələsməkdən bir şey umulmaz,
Təhəmmül gərək, qardaşım...
Orxan
Heç olmaz!
Ər kişidə olur bir söz, bir məram.
Əzm eylədim, məhv olsa aləm tamam,
Dönməm geri, hər yan mənə açıq yol...
(İzzətin qolundan tutub çəkərək)
Haydı, gəl gedəlim,fəqət əmin ol;
Ya gərək İsmət eşqimə inansın,
Ya Qanpolad al qanlara boyansın.
(Gedirlər)
Səlma
(Bir az sonra dişarı çıxaraq sevinc ilə)
Yarəb, şükür dərgahına, çox şükür!
Səlma da, aqibət, xoş bir gün görür.
(Əlindəki məktuba baxaraq)
Gerçək, kim zənn edərdi birdən-birə
Bir kağız böylə ruhu şənləndirə.
Oğlum, Yusif kimi həbsə düşmüşdü;
Şükür, qurtulmaq xəbəri yetişdi.
Ah, onu yalnız bir də sağ görsəydim,
Dünyada olmazdı həsrətim, dərdim.
Səlim
(Bir tərəfdən çıxaraq)
Səlma bacı! Müjdəmi ver, müjdəmi!
Səlma
Nasıl müjdə?
Səlim
Gəldi oğlun...
Səlma
(Təlaş ilə)
Köydəmi?
Səlim
Əvət, köydə, imdi gəlir...
Səlma
(Sevinc ilə)
Ah, yavrum!
Hər bəladan saxlasın sizi tanrım!
Söylə, nə müjdə istərsən, arslanım?
Səlim
Artıq sən bilərsən...
Səlma
Yaxşı, sultanım!
(Əcələ içəri girər.)
Səlim
(Öz-özünə)
Gəzdim, dolaşdım, uğradım hər elə,
Mən böylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boyuna biçilmiş.
Söz yox, böylə qəlbi geniş qadından
Doğar Qanpolad kimi bir qəhrəman.
Səlma
(Əlində bir kəmər çıxaraq)
İştə gümüş kəmər! Həm də yep-yeni,
Sonra yenə məmnun eylərəm səni.
Səlim
Çox sağ ol...
Səlma
Toyda da bir xələtin var.
Səlim
Bu məncə ən dəyərli bir yadigar,
Bir yadigar ki, heç unutmam bunu.
(Əcələ qoşub gedərək)
İmdi gedib qarşılayım oğlunu.
Səlma
Get, arslanım, get, sevindirdin məni,
Oğlum, şadikam etsin allah səni!
Ah, ürəyim sanki dönmüş məşələ,
Ya rəb, təhəmmül ver, səbr əta eylə!
Hər ananı et mənim kimi dilşad!
(Sevinc ilə)
Uff, yenə sağ gəlib çıxdı Qanpolad!
Qorxuram ki, xəbər duyarsa İsmət,
Sevincindən məcnun olur nihayət.
(Bu sırada yaxında dörd-beş əl şiddətli tapança atılır. Səlma təlaş ilə beş-on addım səs gələn tərəfə yuyurərək)
Ah, bu qurşun nə? Ruha dəhşpət verir;
Aman, ya rəb! Həp tüklərim ürpərir;
Köydə mütləq qanlı bir atışma var,
Yoxsa yenə çarpışırmı qaçaqlar?
Murad
(Əlində bir boş tapança olduğu halda təlaş ilə qoşaraq)
Eyvah, can qurtaran yoxmudur?
Səlma
Nə var?
Murad
İmdad! Həmşirə, imdad, məni qurtar!
Səlma
Gəl, oğlum, gəl, heç qorxma!
Murad
Ah, mərhəmət!..
Yoxsa məhv edərlər məni bu saət.
Səlma
(Evi göstərərək)
Haydı gir, çapuq bir tərəfdə saxlan;
Allah böyükdür, bir şey olmaz, inan!
Murad
Ah, xanım, bir sənsən mənim pənahım;
Mən qərib kimsəyəm, yox bir günahım.
Səlma
Haydı gir içəri, gizlən bir yanda;
Təlaş etmə, özünü bil amanda!
Murad
(Öz-özünə)
Orxan! Orxan! İştə sənin üzündən.
Qatil oldum...
Səlma
Artıq çəkil, durma sən!
Murad
Allah razı olsun...
Səlma
Tez çəkil, durma!
Murad
Ah!
(Deyə içəri girər.)
Səlma
Zavallı! Pək çox qorxuyor amma;
Kim bilir! Hansı vicdansız qudurmuş,
Biçarəni məhv etmək istəyirmiş.
Həm qərib, həm kimsəsiz, həm köməksiz...
Bütün dünya toplanıb gəlsə hərgiz,
Allah şahid, mən onu verməm ələ.
İnsaf yoxmu? Səlma ölməmiş hələ!
Səlim
(Əlində xəncər, təlaş ilə qoşaraq)
Ah, o xain nerdə? O qatil nerdə?
Səlma
Kim? Oğlum!..
Səlim
Ah, o miskin, rəzil nerdə?
Səlma
Yavrum! Qanpoladdan bir xəbər ver mana!
Səlim
Burdan biri qaçmadımı bir yana?
(Əcələ başqa bir tərəfə qoşmaq istər)
Səlma
(Qollarından tutub təlaş ilə)
O kim? Nasıl qatil bu?
Səlim
Çərkəs Murad...
Orxanın yoldaşı, alçaq bir cəllad!
Səlma
Səlim, vaz keç, oğlum! Qaçan qovulmaz.
Səlim
Xayır, bir vəhşiyə mərhəmət olmaz.
Səlma
Kim kimi öldürmüş? Bir söylə, anlat!
Səlim
Sorma, ah, bilməm...
Səlma
Nə var, söylə?
Səlim
Heyhat!..
Bu bir cinayətdir ki, ağzım, dilim,
Söyləməkdən aciz...
Səlma
Ah, Səlim, Səlim!
Hər nə var, aç söylə, anlat həpsini...
Səlim
İştə səfil Orxan, vicdansız dəni
Vurulmuş İsmətə; qarşılıq yalnız
Təhqir eyləmiş onu biçarə qız.
Alçaq hərif bundan çox öfkələnmiş,
Qanpoladın gəldiyini öyrənmiş;
Fürsətdir deyə kəsmiş yolu cəllad,
Pusub durmuş yanında İzzət, Murad.
Birdən-birə hər üçü...
Səlma
Söylə, söylə!
Səlim
Hücum eyləmiş qurşunla, xəncərlə,
Mən qoşaraq qaçırmayıb fürsəti,
Varıb gördüm ki, Orxanı, İzzəti
İlk atəşdə Qanpolad yerə sərmiş,
Hər ikisi parçalanmış, gəbərmiş,
Səlma
Südüm halal olsun, oğul, Qanpolad!
Yaxşı, sonra?
Səlim
Ah, fəqət xain Murad
Nişanlamış Qanpoladın qəlbini...
Səlma
Ah!..
Səlim
Sağalmaz bir yara açmış dəni...
Səlma
(Təhəssürlə)
Uf! Quzum, toy qismət olmadı sana!
(Şiddətlə ağlar, bir az sonra təbdili-tövr ilə)
Xayır, xayır, göz yaşı tökməm ona!
Gərçi dünyadan almamış kamını,
Qanlısından almış intiqamını.
Səlim
Fəqət Murad!? Qaçsa da sağ qurtulmaz.
(Bir tərəfə qoşmaq istər)
Səlma
(Hiddətli)
Səlim, burax getsin, qaçan qovulmaz.
Yüzlərcə öylə miskin parçalansa,
Bir tükünə dəyməz oğlumun əsla!
Səlim
(Gəldiyi tərəfə baxar, birdən-birə həyəcanla)
Gəl, ana, oğlun gəldi iştə!
Səlma
(Yola baxaraq)
Eyvah!
Kaş ki, öləydim, görməyəydim, allah!
(Hər ikisi yola doğru qoşar, sonra Qanpolad yaralanmış olduğu halda bir ləzginin yardımı ilə görünür. Səlim, Səlma da ətrafını almış olurlar)
Səlma
(Oğlunu bağrına basıb ağlayaraq)
Oğul, oğul!
Qanpolad
Uf, ana!
Səlma
Can, Qanpolad!
Ah, sənə kim qıydı, kim? Hansı cəllad?
Qanpolad
... Ağlama, heç kimsə qıymamış mana.
Düşmənim qanlı taleimdir, ana!
(Bu sırada anasının qucağına yıxılıb uzanaraq)
Ana! Heç təlaş etmə, heç sıxılma!
Səlma
Ah, yavrum! Kaş ki, məhv olaydı Səlma,
Görməyəydi səni al qan içində...
Ləzgi
(Hiddət və təəssüflə)
Ah, Murad, alçaq Murad!
Səlim
Durma sən də,
Haydı, fürsətdir, intiqam almalı!
Qanpolad
Səlim! İstəməz...
Ləzgi
Xayır, tez bulmalı!
Əvət, xain gərək həddini bilsin,
Namərd izi yer üzündən kəsilsin.
(Hər biri bir tərəfə qoşub gedər)
Qanpolad
Səlim! Burax, haqsız yerə tökmə qan!
Mən özüm intiqam aldım onlardan.
Səlma
Ah, yavrum, quzum! Sən rahatsız olma!
Nasıl? Yaran nasıl?
Qanpolad
Uf, yandım, ana!
Alovlandı qəlbim, tükəndi səbrim;
Ah, bir az su... Atəş almış hər yerim.
Səlma
Aman, övladım, su zərərdir sənə...
Qanpolad
Ah, nerdə İsmət? Çağır gəlsin mənə!
Səlma
Oğlum! Şimdi gəlir, burdaydı əvvəl...
Qanpolad
İsmət, son nəfəsimdir, ah, çapuq gəl!
Gəl, gediyor Qanpolad...
Səlma
Ah, arslanım!
Qurban olsun sənə dəyərsiz canım.
Qanpolad
Əlvida!.. Əlvida!.. Gözəl İsmətim!
Səlma
(Ayağa qalxaraq)
Aman, ya rəb! Uf, kəsildi taqətim...
Qanpolad
İsmət! Ah, sənmisən?
Səlma
Ya rəb, mərhəmət!
Mərhəmət, ya rəb.
(Bu sırada ismət gəlir)
İştə gəldi İsmət...
(İsmət ilk baxışda şaşıraraq donub qalır)
Qanpolad
İsmət!
İsmət
Ah, Qanpolad!
Qanpolad
Əlvida!..
İsmət
Eyvah!..
(Hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlar)
Qanpolad
Əşhəd... ən... la ilahə... illəllah...
Səlma
(Həyəcanlı)
Ah, getdin? Səni çox gördümü tanrım?
Qızıl güllər açmış köksündə, yavrum!
İsmət
(Sinirli)
Qanpolad! Sən nə tez unutdun məni?
Xayır, yalnız buraxmam əsla səni.
(Qanpoladın xəncərini çəkib özünü vurmaq istər.)
Səlma
(Xəncəri onun əlindən alaraq hiddətlə)
Mən səndən daha müstəhəqqəm, İsmət!
Lakin allah nəhy etmiş bunu... lənət,
Lənət bu iqbala, bu ömrə lənət!..
İsmət
(Cənazəni qucaqlayaraq)
Ah, Qanpolad! Könlümdə qaldı həsrət...
(Şiddətli hıçqırıqlar içində boğularaq bihiss qalır)
Səlma
(Qapıya yaxınlaşaraq şaşqın və sinirli bir halda)
Allah, allah! Təhəmmül ver, səbir ver!
Açıl, yarıl, parçalan, ey alçaq yer!
Yarıl! Bu talesizi çək qərinə!
Məndə artıq təhəmmül yox qəhrinə!
Yalnız bir pənahım, bir oğlum varkən,
Qanlı torpaq! Ayırdın onu məndən.
Ya rəb, ədalət! Məni öldür, qurtar!
Hər yer mənə zindan kimi oldu tar.
(Qapıya doğru baxaraq)
Ah, bu xain qonaq aman istərkən,
Neçin mən ona yer verdim bilmədən.
Oğlumun köksünü yarsın da gəlsin,
Bir cəllad özünü amanda bilsin?!
Xayır, xayır, bu mümkün deyil əsla!
Sağ buraxmam... Mənim pəncəmdə hala!
Onun həddini bildirir bu əllər!
Qəlbinə yerləşsin gərək bu xəncər!
Gərək bulsun cəzasını...
(Təbdili-tövr ilə)
Ah, fəqət;
Oğlumun ruhu bəlkə eylər nifrət,
Bəlkə məndən incinər, çünki imdi
Qan tökməyə əsla riza vermədi.
Həm mültəci, həm qərib, həm müsafir;
Xayır, vicdanım olmaz buna qadir.
Bir də hər nə yapsam bu dərdi silməz,
Məhv olsa aləm Qanpolad dirilməz.
Xayır, əfv etməli!.. Getsin də miskin
Xəcalətdən ölsün, yerlərə keçsin!
(Dönüb İsmətlə oğluna baxaraq)
Ya rəb! Ah, bu nasıl mənzərə? Dəhşət!..
Sonsuz bir ayrılıq içində vüslət!
Şəfəq zənn olunan şey yanğın oldu;
Qönçələr açmadan saraldı, soldu!
Ah, nasıl iki heykəl kimi bihuş,
Bir-birini eyləmişlər dərağuş!?
(Ətrafa baxaraq)
Xayır, gecikdirməsi çox səmərsiz;
Burdan bu qanlı dəf olsun gərək tez,
Yoxsa xain parçalanar əllərdə...
(Yollara baxmaq üçün çəkilərək)
Bir baxayım kim var? Səlimgil nerdə?
(Büsbütün uzaqlaşıb gedir, sonra Murad əlində tapança evdən dişarı çıxır. Həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər, şaşqın və qorxulu bir halda)
Murad
Ah, mən nə yapdım? Nə günah işlədim!
Durduğum yerdə mən nə suç eylədim?
Qanpolad!.. İştə, qıydığım növcəvan
Tükənməz bir uyğuya dalmış... aman!
Aman, ya rəb, nədir bu qorxunc əhval?
(İsmətin halına diqqət edərək)
Ah, bu qız neçin böylə pəjmürdəhal?
Bu İsmətmi? Solğun bir gülə dönmüş?
Orxanı yandıran atəşmi sönmüş?
Odur, o... qızcığaz nasıl da bayğın!
Ah, mənəm bais... Əllərim qırılsın!
(Ətrafa göz gəzdirərək)
Xayır, bundan sonra durulmaz burda,
Tez sovuşmaq gərək başqa bir yurda;
Yoxsa buğum-buğum doğrarlar məni,
Qurtaracaq yox bir havadar məni.
(Əlindəki tapançaya baxaraq)
Boş bir silah!.. Çox tühaf, imdi bundan
Həm daşıyan qorxuda, həm də düşman.
(Qaçmağa hazırlaşırkən Səlma qarşısına çıxar)
Murad
(Təlaşlı və şaşqın)
Ah!
Səlma
Qonaq qardaş, dur! Təlaş etmə sən,
Qorxma, bir zərər gəlməz sənə məndən.
Amandasan; heç qorxma, heç sıxılma!
Çünki mən əvvəldən söz verdim sana.
Sən bir qonaqsan, qatil olsan belə,
Səlma həlak olur da, verməz ələ.
Murad
(Tapançanı yerinə qoyaraq)
Aman! Ah, nə böyük qadınsan!
Səlma
Amma,
Bir ricam var, sənin adın nə?
Murad
Sorma!
Səlma
Bilmək istərəm, söylə!
Murad
(Mütərəddid bir tövrlə)
Çərkəs Murad...
Səlma
(Sinirli və çılğın bir halda)
Ya rəb, mərhəmət! Ah, oğul! Qanpolad!
Murad
(Başını aşağı dikərək öz-özünə hiddətlə)
Öldürdüyün Qanpolad, Səlma pənah...
Murad! Sən nə vicdansız oldun eyvah!
Səlma
Aman, nə müşkül mövqedə qaldım, ah,
Ah, nə talesiz ana oldum, allah!
(İsmət bu sırada saçlarını aralayaraq, başını qaldırıb baxınır)
Səlma
(Yumşaq səslə)
Murad! Sən həm qəribsən, həm mültəci...
Burdan sağ qurtulub gedərsən imdi,
Fəqət bilməlisən, bu qanlı arslan,
Bu qıydığın cavan oğlumdur...
İsmət
(Çığıraraq)
Aman!
Ah, nerdəsən Səlim! Gəl, iştə fürsət!
Qanlımız burda...
Murad
Ah!
Səlma
(İsmətə)
Sus, qızım, İsmət!
Sus! Qərib bir qonaq verilməz ələ...
İsmət
(Səlmadakı xəncəri almağa çalışaraq)
Xayır, böylə vicdansız gərək ölə!
Səlma
(İsməti əli ilə rədd edərək)
Amandadır, yavrum, bildinmi?
İsmət
(Həyəcanlı bir halda Murada)
Cəllad!..
(Cənazəni qucaqlayaraq)
Ah, qanın yerdə qaldımı, Qanpolad!?
Murad
(Səlmanın əlindəki xəncəri qopararaq İsmətə)
Xayır, bu qan yerdə qalmaz, bax iştə!
(Ürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurur, xəncər yerə düşür, dərhal özü alır)
Səlma
(Hiddətli)
Murad!..
Murad
Doğrayın məni riştə-riştə!
Əvət, doğrayın, məhv olmalı zalım!
Ah, bir alçağa mərhəmət nə lazım?
Qanlı bir canavar sağ buraxılmaz;
Mən bir xainəm, öldürün!
Səlma
Heç olmaz!
Murad
Yaşatma, öldür, ana! Məncə hala,
Billah, gəbərmək yaşamaqdan ula...
Səlma
Xayır, sən mənə eylərkən iltica,
Söz vermişəm, dönməm sözümdən əsla!
(Bu sırada bir-iki islıq və tapança səsi eşidilir)
Murad
(Diksinərək)
Aman, ya rəb!
Səlma
(Qolundan tutub çəkərək)
Gəl! Heç təlaş etmə, gəl!
Qaçmaq gərək... Qorxuram arta əngəl...
Murad
(Özünə)
Hər tərəf qorxuluq, qaçmaq səmərəsiz,
(Aşkar)
Ah, mən nə bir yol bilirəm, nə bir iz.
Səlma
Gəl, heç qəm etmə, gəl! Bax, iştə bir yol...
Düz, qorxusuz bir dərədir, əmin ol!
Burdan çıxar bir köyə, həm çox sürməz;
Sağ qurtulub gedərsən, kimsə görməz.
İsmət
(Başını qaldırıb həzin və atəşli bir ahənglə)
Ya rəb, nə bəxtiyar imiş ölənlər!..
Murad
(Səlmaya)
Ah, nə qədər alicənabsan...
Səlma
(Murada)
Yetər!
Yetər get, durma get! Haydı, çəkil get!
Artıq sovuş! Durmaq vaxtı deyil, get!
(Murad Səlmadakı böyüklüyə qarşı sıxılaraq şaşqın bir halda yürür. Bir-iki addım getdikdən sonra dönüb baxır və dərin bir ah çəkərək büsbütün uzaqlaşır)
Səlma
(Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə)
Get, namərd qonaq, get! Alçaq mültəci!
Get, miskin hərif, get! cəllad, yırtıcı!
Get, vicdansız! Özünü qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya!
(Daha sinirli və qızğın)
Get, gözüm görməsin! Uzaqlaş dəf ol!
Nə haqsızlıq etdinsə allahdan bul!
Get, çəkil get! Dinsiz, allahsız xain!
Murdar izin bu torpaqdan silinsin!
Oğlumu söndürdün, yandırdın məni,
Get, kamə irdirməsin allah səni!
(Göyə doğru titrəyərək)
Mərhəmət! Ya rəb, mərhəmət, inayət!
Təhəmmül ver! Qalmamış məndə taqət;
Ah, qəlbim az qalır partlasın, allah!
(Cənazəyə doğru qoşaraq çılğınca)
Allah, nə bədbəxt ana oldum... Eyvah!
Həsrəti könlündə can verən övlad!
Ah, qəhrəman oğul, nakam Qanpolad!
(Haman oğlunu qucaqlayaraq şiddətli və yaxıcı hıçqırıqlar içində boğulub düşər. Bu sırada Səlim ilə arxadaşı dəxi birər tərəfdən çıxaraq hiddətli və məbhut bir halda baxa qalırlar)