Məzmuna keç

Ana və onun əziz Nigarına

Vikimənbə saytından
Ana və onun əziz Nigarına
Müəllif: Əliağa Şıxlinski
Mənbə: Metanet Kerimova. İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya — 30-04-2015

Dənizin üstündə bir ulduz yandı,
Dalğalar vuruldu işartısına.
Oxudu,ağladı, qəmli dayandı,
Yalnız əzabları qalmışdı ona.
Kədərli qayalar, dumanlı sahil,
Gecənin qoynunda inləyirdilər.
Fikirli dayanıb onlar elə bil,
Qəmli dalğaları dinləyirdilər.
Fəryada dönmüşdü dənizin səsi,
Ulduzlar sularda yırğalanırdı.
Tənha məhəbbətin qəmli nəğməsi,
Qaya qulaqlarda sırğalanırdı.
O uzaq göylərin dərinliyində,
Sözlü dodaq kimi səyridi ulduz.
Həsrət mənzilində, əzab dilində,
Sanki öz dərdini deyirdi ulduz.
O mavi göylərdən silinməyib iz,
Uzaq bir həsrətin ağrısı qalıb.
Kədərlə dinləyir göyləri dəniz,
Hıçqırır, inləyir, gözləri dolub.