Məzmuna keç

Analar anasını xatırlayarkən

Vikimənbə saytından
Analar anasını xatırlayarkən (2022)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan" qəzeti, 14 yanvar 2022-ci il, № 02(429), səh.9

Dekabrın 19-u eşitdiyim xəbərdən təsirlənərək gecə saatlarında feysbuk hesabımda belə bir status yazdım: “Bu gün vəfat edən Qəriş xala (əsl adı: Gülavatın) kimi bir qadın inanmıram ki, ola. Böyük bir kəndin sevimlisi olmaq qeyri mümkündü. Amma onu hamı sevirdi. O hamının anası, hamının nənəsi, hamının xalası, bir sözlə hamının doğması idi. Qəriş xala bunu səmimiliyi, yanımcanlığı, qohumcanlığı, qonaqpərvərliyi, əliaçıqlığı, səxası ilə qazanmışdı. Açıq deyim ki, onu bəlkə də öz anamdan da çox istəyirdim. O da məni övladlarından seçməz, onlardan da çox istərdi.
Kəndə gedəndə ilk görüşdüyüm insanlardan biri, söhbət etmək üçün ən yaxşı müsahibim idi. Daha mənim doğulduğum kənddə anamdan başqa kimim qaldı ki? Heç kimim. Heyif sizdən, ağsaqqallar, ağbirçəklər. Mən sizlə nəfəs alır, sizlə qürur duyur, sizə görə kəndə can atırdım. Çətin ki sizsiz kəndə səfərlərim çox ola. Abdulla babam, Rəqiyə nənəm, Xuraman xala, Şiruyə əmim, Əmirxan əmim və sən. Sən də bu sıraya qoşuldun, Qəriş xala. Ölüm haqdı, hamı üçün var. Hamı ölümü dadacaq. Amma çoxları unudulacaq, adını sadaladıqlarım və sən xatirələrimizdə, qəlbimizdə yaşayacaqsınız. Məqamın uca, yerin cənnət olsun, Analar anası, Qəriş xala.”
İnsan çox sevimli birini, doğmasını itirəndə ürəyi rahatlıq tapa bilmir. Etiraf edim ki, bu halı son dəfə on altı il əvvəl atam vəfat edəndə yaşamışam. Belə hallarda özümü, ürəyimi, ümumən ruhumu rahatlamaq üçün qələmə əl atmalı oluram. O zaman əlimə qələm alanda bir kitab alınmışdı. Çünki illərlə üst-üstə yığılmış ağrı-acılar buna səbəb oldu. Sənəddə rəsmi adı Gülavatın, hamının isə Qəriş xalası, Qəriş maması da vəfat edəndən sonra özümü rahatlaya bilmirəm. Bəzən ötən illər göz önümdən kino lenti kimi keçir, o illəri xatırlamalı oluram. Qəhər məni boğur, göz yaşımı saxlaya bilməsəm də, ürəyimi ovuda bilmirəm. Ona görə yenə də qələmə əl atmalı, ürəyimi ağ kağıza boşaltmalı oldum. Öncədən deyim ki, əslində bu mövzu da bir kitablıqdır.
Qəriş xala dünyanı lərzəyə salan, ağrılı-acılı Böyük Vətən müharibəsi başlayan il doğulmuşdu. Onda özündən böyük Salatın adlı bir bacısı da varmış. Cəmi ikicə il ana qayğısı görəndən sonra onu dünyaya gətirən – Zeynallı nəslindən olan gözəl-göyçək anası Banu Gülməmməd qızı vəfat edir. Uşaqlıqlığı çətin keçsə də böyüyüb, qoçaq bir qız olur. Həyət-baca işlərində tay-tuşlarından qoçaqlığı, bacarığı, cəldliyi ilə seçilərmiş. İşgüzar insanlar həmişə sevilir. Qəriş xala da elə o zamandan hamının sevimlisi olur. Rəhmətliyin özü bir dəfə mənə belə demişdi: “Qağam (atası Şükür kişiyə qağa deyirdi) kənd camaatı ilə kərəntiyə getmişdi. Ona günorta yeməyinə xəngəl aparmışdım. Əmirxan da ot biçinində imiş, onu orda gördüm. Demə o da məni sevirmiş. Amma heççənə deməmişdi mənə. Sonra Həsən əmim elçi gəldi. Hə, bax beləcə də evləndik.”
Bəzən deyirlər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb. Bu ailədə bunu çox aydın görmək olardı. Molla Əmirxan–Qəriş cütlüyü nümunə göstəriləcək bir ailə oldular. İşləməkdən, qurub-yaratmaqdan bezib usanmayan bu ailə Daşkənddə nələr yaratmadılar ki? Hər nə şərait desən yüksək səviyyədə onlar yaratmışdılar. Bir ilisi qağam (biz də atamıza qağa deyərdik) bacım Rəfiqə ilə məni Göyçəyə göndərdi ki, yayı orada istirahət edək. Bizi Əmirxan əmimin rəhmətlik kürəkəni Hamlet apardı. Təxminən 10-11 yaşım olardı. Mahalda gördüklərim yaddaşıma elə həkk olunub ki, indi də hər Göyçədən söz düşəndə ən çox həmin yay gördüklərimi xatırlayıram. Qəriş xala doqquz uşaqla o qədər işlərin öhdəsindən necə gəlirdi, çox maraqlı idi. Bunu kənardan izlərkən sanki bu qadının bir neçə işi eyni anda görməsinin şahidi olurdun. Qoyunu elə sürətlə sağırdı ki, biz sanki ekranda filmə baxırdıq. Səhər tezdən durardın ki, yeməyə çolpalı xəngəl bişirib. Uşaqlıqdan südü-qatığı, yalan olmasın, gündə 2 dəfə yeyərdim. Mən qatıq istəyəndə Qəriş xala verməzdi, deyərdi ki, qadan alım, sən Göyçəyə qatıq yeməyə gəlməyibsən ha!... Qapıda 150 dənə qırmızı çolpa varımdı, hər gün bişirəcəm ondan ye. Zarafatla da deyərdi ki, arana gedəndə soruşsalar ki, Göyçədə nə yedin, deyərsən qatıq yedim. Bir də baxardın Əmirxan əmim qapıda qoyunu kəsdi, başladı soymağa. Özü də qoyunun dərisini dummuzlayıb bütöv çıxarardı. Çünki ona Qəriş xala pendir doldurar, motal düzəldərdi. Biz orda olan ili arada iki günlük qağam dostları İnqilab Əhmədov və Vəli Qurbanov ilə Göyçəyə gəzməyə, dağlardakı bulaqların başında yeyib-içməyə gəlmişdilər. Onlar səhər tezdən durub qayıtmağa hazırlaşanda Qəriş xalanın bişirdiyi çolpalı xəngəl artıq hazır idi. Xəngəli yeyib duranda Əmirxan əmim hər maşınının yük yerinə bir qoç pay qoydu. Bu ailə bax belə qonaqpərvər, belə səxalı idi. Onda düşündüm ki, qoçdan da pay olarmı? Sən demə Göyçədə pay qoyundan olarmış. Nə bilim, yazılası o qədər bu cür xatirələr var ki. Xatirimdə qalanlardan deyirəm. Damda yaxşı erkəklər bordaq edərdilər. Elə bordaqlar ki, 3-4-ü bir cöngəyə bərabər. Spiral kimi iri buynuzları olardı. Əmirxan əmim yaxşı at həvəskarı idi. Kənddə ən yaxşı at onda olardı. Toylarda yarışa durardılar. Bəy qapısına birinci onun atı çatardı. Bir dəfə o bordaqlardan 7-ni verib Qaraqoyunludan at gətirib satanla dəyişdi. Bunu Qəriş xala biləndə artıq bordaqları maşına yığırdılar. Dedi ki, ay Əmirxan, 7 elə erkəyi də atla dəyişərlərmi? O da dediki, a Qəriş, sən bilməzsən, bu başqa cür atdı ey. Bu an Əmirxan əmim atın üzəngisinə ayağını qoymaqla minməyi bir oldu. At yerindən tərpənəndə ayaqlarının altından çıxan daşlar göydə uçurdu. Bir an sonra at gözdən itdi. Həqiqətən də başqa cür at idi bu at.
Günlər ayları, aylar illəri əvəz etdi. 1988-ci il hadisələrindən sonra onlar da digər həmyerliləri kimi gözəl-göyçək Göyçələrindən məcburən ayrılmalı oldular. Hələ 1953-cü ildə guya könüllü, əslində isə deportasiya olunan həmkəndlilərinin və doğmalarının yaşadığı Yeni Daşkənd kəndində məskunlaşdılar. Hey oturub-durub Göyçədən danışdılar, Göyçədən dedilər. Göyçə onların qəlbində sağalmaz bir yara olmuşdu. Hər şeyə dözüb burada da Göyçədəki cah-cəlalı halal zəhmətlərilə qurub-yaratdılar. Qarabağ müharibəsi başlayanda dini təhsil almaqda olan oğlu Mehdi də döyüşlərə qoşuldu. Müharibənin ən ağır günlərində – 1993-cü il fevral ayının əvvəllərində Ağdərə döyüşləri zamanı itkin düşdü. Bu dərd də Göyçə dərdinin üstünə gəldi. Heç olmasa oğlunun bir qəbri olmadı ki, onla təsəlli tapsınlar. Gözləri yollarda, qulaqları səsdə qaldı. Bu ata-ana digər övladlarını da özləri kimi ev-eşik sahibi etdilər. Onlara özləri kimi, işgüzar, qoçaq, saf olmalarını aşıladılar. 18 aprel 2012-ci ildə Əmirxan əmim 75 yaşında vəfat etdi. Göyçə həsrəti, oğlu Mehdinin itkin dərdi sinəsində köçdü bu dünyadan. Sinə daşına bu sözlər yazıldı:

Gecə-gündüz həmdəm idi,
Göyçə, Mehdi qoşa dərdim.
Yuva qurub sinəm üstə,
Yatırdı baş-başa dərdim.

Ürəyimdən oydu məni,
Həsrətlilər duydu məni,
Gözü yolda qoydu məni,
Axır döndü daşa dərdim.

Əmirxan əmim atası Həsən Xəyallıdan dini bilikləri öyrəndiyi kimi, şeiriyyatı da yaxşı mənimsəmişdi. Sinəsində Alının, Məmmədhüseynin, Ələsgərin, Usta Abdullanın şeirlərini cəm etmişdi. Atasının dostu və məsləkdaşı Növrəs İmandan daha çox şeirlər deyərdi. Onun nakam taleyinə çox heyifsilənərdi. Molla Əmirxan özü də şeirlər yazardı. Vəfat edən gündən başlayıb onun şeirlərini toplayıb kitab halında çap etdirdim, yas məclisinin qırxında kitab onun yasına gələnlərə paylanıldı. Molla Əmirxansız yaşayan Qəriş xalanın sanki bir tərəfi yox idi. “Ölənlə heç kim ölmür” deyib ulularımız. Həyat davam edir. O da davam deyib övladlarından qol-qanad alıb ahıllıq yaşını yaşayırdı. Bir neçə dəfə ağır əməliyyat keçirsə də, ürəyi çox sağlam idi. Bu da o ürəyin saflığından, Göyçənin havasından, suyundan idi. Birinci Qarabağ müharibəsində Qəriş xalanın oğlu Mehdi şəhid olmuşdu. İkinci Qarabağ müharibəsi başlayanda ehtiyatda olan baş leytenant rütbəli oğlu Əli də könüllü döyüşlərə qoşuldu. Füzuli, Xocavənd, Hadrut, Qırmızı bazar istiqamətində ağır döyüşlərin iştirakçısı oldu. Nəvəsi Əmirxanlı Nəbi də Suqovuşan, Talış istiqamətindəki qanlı-qadalı döyüşlərdə çox fəal iştirak etdi, cəsarət, igidlik nümunəsi göstərdi. Hər ikisinin şərəfli xidməti dövlətimiz tərəfindən qiymətləndirilərək təltif olundular. Oğlu Məhərrəmov Əli Əmirxan oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, nəvəsi Əmirxanlı Nəbi Həsən oğlu isə “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundular. Qəriş xala həm də bax belə vətənə bağlı vətəndaş idi. Övladları ilə, nəvələriylə, qohumlarıyla ümumən həmkəndliləri ilə çox qürur duyardı. Fərəhlənər, sevinərdi.
8 noyabrda ilk Zəfər günü münasibətilə kəndimizdə tikilən “Vətən şəhidləri abidəsi”nin açılışına getmişdim. Adətim üzrə anamdan sonra onunla görüşməyə getdim. Nəvəsi Yusifin toyuna hazırlaşır, evdə, həyət-bacada təmir işləri görürdülər. Çox sevincli idi. Onu da vurğulayım ki, Qəriş xala toya, nişana, xeyir işə, şənliyə, bayrama çox bağlı, belə şeylərdə sevinə-sevinə ürəklə iştirak edən adam idi. Dekabr ayının 22-də olacaq toyu çox səbirsizliklə gözləyirmiş. Qız toyunda iştirak edib doyunca oynayıb şadlanıbmış. Hər gün evdə uşaqlara deyirmiş ki, toya neçə gün qaldı. Gəlinə illərlə saxladığı Nikolayın 10-luq qızıl klonunu hədiyyə edəcəkmiş. Deyirmiş ki, özüm asmaq istəyirəm gəlinin boynundan. Düz deyirmişlər ki, sən saydığını say, gör fələk nə sayır. Toya bir həftə qalmış təzyiqi yüksəlmiş, beyninə ağır dərəcəli qansızma olmuş və toya üç gün qalmış vəfat etdi. Bu xəbəri eşidəndə özlüyümdə düşündüm ki, onun təzyiqi çox güman ki, sevincindən qalxıb. Dekabrın 20-si onun dəfnində iştirak edərkən orda danışdılar ki, həddən artıq sevinir, toyu səbirsizliklə gözləyirmiş. İnsan nəvələrini nə qədər çox sevərmiş, ilahi. O onsuz da hamını çox istəyirdi. Statusumda da yazdığım kimi – “O hamının anası, hamının nənəsi, hamının xalası bir sözlə hamının doğması idi”. Bunu o özü qazanmışdı. Pandemiya olmasına baxmayaraq, onun izdihamlı dəfn olunması da dediklərimə əyani sübut idi. Bunu dəfn zamanı Bərdə Cümə məscidinin axundu Hacı Ramazan da qəbrinin başında çıxışı zamanı etiraf etdi.
Mən hesab edirdim ki, Qəriş xaladan sonra onun kimi bir qadın çətin ki ola və ya gələcəkdə doğula. Və dəfnə qədər də bir o qədər insan içində ona bənzəri gözümə dəymirdi. Dəfn sonrası maraqlı bir hal oldu. Dəfndən qayıdıb qapıya gələndən sonra gözlərim qarşısında sanki beş Qəriş xala gördüm. Onda dedim ki, bir daha Allah sənə rəhmət eləsin, Analar anası. Sən fani dünyanı tərk etsən də, yerində özün kimi beş ana qoyub getdin. Yerin cənnət olsun, Qəriş xala.
Qeyd: Gülavatın Şükür qızı Məhərrəmova Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 06.10.1978-ci il tarixli, 342-5632 nömrəli fərmanı ilə səkkiz uşaq doğub və tərbiyə etdiyi üçün 2-ci dərəcəli “Analıq şərəfi” ordeni ilə təltif olunmuşdur. (qızı Könül bu fərmandan sonra doğulmuşdu – A.Y.)