Məzmuna keç

Anası haqqında

Vikimənbə saytından
Anası haqqında
Müəllif: Xaqani Şirvani


Ey Xaqani, bu dünyada hər zaman,
Anan vermiş zəhmətilə sənə can.

Su, çörəyin qıt olsa da atmadın, -
Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,
Kömək aldın allahdan nə anandan.

Sən oturdun kölgə kimi ananın
Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq
Ana yurdu vücuduna aşiyan?

Nə vaxtadək, İsa kimi atasız, -
Ana ilə tanısınlar səni? Qan!

Bir dəfə də Xzır kimi yoxa çıx,
Bəsdir oldun ananla həmxaniman!

Sən qiymətli bir dürrsən, nədəndir
Oldun ana astanasından pünhan?

Sən ağıllı övladsansa dilə gəl,
Ana kimi özünü danla bir an.

Hər nə etsən ana haqqın unutma,
Bil, anandır sənə edər can qurban.

Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözüb, sən ol mehriban.

Qorx o gündən, bir gün səni tək qoyub,
Əbədilik anan köçər dünyadan.