Anbardara xitab
Anbardara xitab Müəllif: Mirzə Əli Möcüz |
Xuda rəhm etdi, nazil oldu rəhmət:
Yağış yağdı, işıqlandı ziraət.
Yağış yağdı, yaşıl oldu çəmənlər,
Açıldı lalələr, xoş nəstərənlər.
Yumuşandı zəmin, ey cüt sürənlər,
Öküz etmir daxı yerdən şikayət.
Durun ey kövkəbi-bəxti yatanlar,
Durun, ey buğdaya arpa qatanlar,
Tökün göz yaşı, ey qəllə satanlar,
O qədri ki, gözüz olsun cərahət.
Dedim: Buğda alıb yığsan sarayə,
Qəmin artar bulut gəlsə həvayə,
Pulun çoxdur, apar ver qəndə, çayə,
Yağış yağsa ona vurmaz xəsarət.
Yağış məsrur edər əhli-dehatı,
Ucuzlatmaz fəqət çayı, nəbatı.
Ağırdır qəndü çayın maliyatı,
Ona nə səndə var, nə məndə taqət.
Yağış eylər yeri sirab, əmoğlu,
Ucuzlatmaz suyu mirab, əmoğlu,
Verər xeyri sənə bu ab, əmoğlu,
Əgər hər gün yağa beş-altı saət.
Verər su nırxına hacı tərəqqi,
Xuda verməz ona peyəmbər həqqi,
Sökər beynün mirabın dəqqə-dəqqi,
Misali ibni Sədi-bimürüvvət.
Baharın çox gilası var, xiyarı,
Uşaq sahibləri sevməz baharı.
Sabah uşqun başın qovzar yuxarı
Yetiş imdadə, ya şahi-vilayət!
Uşaq: var-yox nədir-bilməz; deyər: Al!
İlahi, olmayaydı kaş baqqal,
Əgər sən də olaydın, sahib ətfal
Yaratmazdın bu qədri nazü nemət.
Nə baqqalda var insaf, nə dərəndə,
Hucum eylər uşaq alça görəndə.
Palası sat və ya qaç get Mərəndə
Və ya keç abirudən ta qiyamət.
Qazandı yüz tümən biçarə Möcüz.
Dedilər: Al bir arvad, yatma yalqız.
Onu xərc etdi toyda, qaldı pulsuz,
Gəl, indi eylə baiskarə lənət!