Anlamadı nədir sevinc-kədər, ey Şaban ayı

Vikimənbə saytından
Anlamadı nədir sevinc-kədər, ey Şaban ayı! (1993)
Müəllif: RAUF CAVAD

Gəldi Rəcəb getdi, bitdi günlər, ey Şaban ayı!
Bu dünyada ömür oldu hədər, ey Şaban ayı!

Əfsus ki, çərxi fələk eylədi tərsinə dövran,
Həyatımız döndü-oldu betər, ey Şaban ayı!

Hakim kəsilmədi eybəcər istəyinə insan,
Neməti zay qıldı hər gün səhər, ey Şaban ayı!

Verdi acığı o kəski, yox idi üzdə arı,
Fəqət var idi malı nə qədər, ey Şaban ayı!

Bölüşüb-paylaşmadı sevinci kədəri heyvan,
Anlamadı nədir sevinc-kədər, ey Şaban ayı!

Çoxdur günahkar lakin heç alan yoxdur boynuna,
Yeyir-içir, dili-ağzı zəhər, ey Şaban ayı!

Məgər oyanmazmı yuxudan dünən yatan qafil!?
Cahilin yuxusu, nəfsi xətər, ey Şaban ayı!

Ayılmaz o kimsə, bugün olubsa şeytan əgər,
Bir gün qozbeli qəbir düzəldər, ey Şaban ayı!

Dəxi bezdi kəlmələr də söyləməkdən nöqsanı,
Yəni, şeytan da imana gələr, ey Şaban ayı!?

Ümid edib Allah göndərib peyğəmbər, din-quran,
Bəlkə insan Həqqi görüb sevər, ey Şaban ayı!

Həqiqət aşikar, görmək istərsə kimsə əgər,
Eyləsə nəfsə təmaşə, görər, ey Şaban ayı!

Rauf açır sirri, çün zühur eyləmiş sirr rəngi,
Gəl-gör səni kim anlar ey Dilbər! Ey Şaban ayı!