Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər

Vikimənbə saytından
Jump to navigation Jump to search
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
Müəllif: İzzəddin Həsənoğlu


Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
     
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
     
Başımdan getmədi hərgiz səninlən içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
     
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
     
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
     
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
     
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.