Apardı könlümü məndən bu gün ol cənnətin huri
Görünüş
Apardı könlümü məndən bu gün ol cənnətin huri Müəllif: İmadəddin Nəsimi |
Apardı könlümü məndən bu gün ol cənnətin huri,
Götür pərdə camalından ki, sənsən eynimin nuri.
Bu gün yövmilhesab oldu üzün dövründə, ey məhru,
Məgər qopdu qiyamətlər, görə bilmən bu məzmuri.
Minacat eylərəm dünü gün sənin dövlətli kuyində,
Üzün nuri-təcəllidir, dəxi mən neylərəm Turi.
Saçın həblül-mətinindən, nə qəmdir boynuma taxsan,
Vəli me’raci-zülfündə asıldı, gör bu Mənsuri.
Fəraqü mövnəti-hicrin yıxıbdır könlümün şəhrin,
Nola bir gəz vüsalınla yapasan Beyti-mə’muri.
Şəha, lə’lin şərabından Nəsimi şoylə sərxoşdur,
Olubdur valehü heyran, diləməz abi-ənguri.