Məzmuna keç

Aqşin Hacızadə poeziyası

Vikimənbə saytından
Aqşin Hacızadə poeziyası (2009)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Dünya" qəzeti, №30-31. 25 dekabr 2009-cu il.


Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.

Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.

Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur:

Dərd sarıdan bəxtəvərəm, ay ellər,
Dərdimin şahıdı Göyçə həsrəti.
Yurd-yuva oduynan, yanan qəlbimin,
Amanı-ahıdı Göyçə həsrəti.

...Öldürsə həsrəti öldürəcəkdir,
Ömrümə yağıdı Göyçə həsrəti.

Aqşin Hacızadənin şeirləri belə də olmalıdı axı. Hər bir övlad ən azı atasına oxşamalı, ən azı atasının yolunu getməlidir. Onu da qeyd edim ki, atası Sərraf Şiruyə nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında tanınmış görkəmli şairlərdəndir. Bax beləcə Aqşin də gendən gəlmə istedadı ilə sözə-şeirə vurğun oldu. Aqşini müasiri olan başqa şairlərdən çox güclü və məhsuldar bir şair hesab etmək olar. Onun elə günü yoxdur ki, şeir yazmamış olsun. Hətta o, şeir yazmadığı gün özünü narahat hiss edir.

Aqşin Hacızadə nəzmin bütün növlərində şeirlər yazır. Onun qələmindən həmişə fərqli, yeni fikirlər yaranır. Yeni sözlərlə bərabər o çox vaxt şeirlərində dialektlərdən və arxaik sözlərdən də istifadə edir və belə sözləri qoruyub gələcək nəsillərə çatdırır.

Şeirlərindəki emosionallığa və novatorluğa görə bir oxucu kimi mən onun şeirlərinə vurğun olmuşam. O, nə yazıbsa, nə deyibsə ürəkdən yazıb, ürəkdən deyib. Aqşin Hacızadə daha çox Göyçə ədəbi mühitindən bir yazar kimi qidalanıb. Əksər şeirləri Göyçə həsrətli, Qarabağ fəryadlı, el-oba yanğılıdı:

Füzuli virandı, izi qalmayıb,
Ağdamın adı var, özü qalmayıb.
Yaram var sinəmdə, yox, sağalmayıb,
Xocalım inləyir, Şuşam can verir,
Vətən oğullara silahlan deyir.

yaxud

Kaş ki, düşə yenə ora güzarım,
Sağalaydı Göyçə adlı azarım.
Taleyimi, qismətimi yazarım,
Yaza idi göyçəyinə Göyçənin.

Aqşinəm, anıram xəyalım çaşır,
Gecə-gündüz o dağları dolaşır.
Dastan da yaraşır, söz də yaraşır,
Hər daşına, çiçəyinə Göyçənin.

Aqşin Hacızadə yaradıcılığında vətənpərvərlik şeirləri ilə yanaşı tənqidi şeirləri də çox maraq doğurucudur. O şeirləri oxuyan oxucu özündə bir narahatçılıq duymaya bilmir:

...Bir bəzəkdi əzəl gündən cahana,
Azadlıq gərəkdir Azərbaycana.
Həqiqəti ədaləti boğana,
Qoy nifrət eyləyək, nifrət ver bizə.

Qoy gizli qalmasın, açılsın bu sirr,
Cəzasız qalıbdı, kimdir, müqəssir?
Vətənim yaralı, yurdlarım əsir,
Ayağa durmağa qeyrət ver bizə.

Atılsın döyüşə elin qoçağı,
Söndürə bilməsin yad bu ocağı.
Qoruya bilməsək Ana torpağı,
Töhmət ver ömürlük, zillət ver bizə.

Aqşinin yaratdığı poeziya nümunələri arasında nəzirələrinə də nəzər yetirməmək olmur. Telman Hüseynin “Düşəndən bəri” adlı məşhur qoşmasına yazılmış şeirə diqqət yetirək:

Koroğlu doğulmur Həmzələr çoxdu,
İgidlik eyləyən dəlilər yoxdu.
Qıratdan Düratdan heç xəbər yoxdu,
İlxıya yorğalar düşəndən bəri.

Bəzi şairlər, tənqidçilər, publisistlər şeirin qoşma üslubunda yazılmasına üstünlük vermirlər və qoşmanın köhnə və aşıq şeiri üslubu olduğunu vurğulayırlar. Ancaq mən özüm də araşdırılmayan, çap olunmayan yazarların yaradıcılığını araşdıran bir tədqiqatçı kimi deyə bilərəm ki, qoşma üslubunda şeir yazmaq daha çətindir. Çünki, qoşmada axıcılığı, ahəngi və qafiyələri gözləmək lazımdır. Şeirin texnikasına riayət etmək gərəkdi. Bu zaman fikrin, demək istəydiyin, yazmaq istədiyin sözün oxucuya çatdırılması çətinləşir. Bu baxımdan gərək söz ehtiyatın daha zəngin olsun ki, qoşma yaza biləsən. Qoşmada eyni zamanda rədif də düzgün seçilməlidir. Bu baxımdan Aqşin Hacızadə yaradıcılığında qoşma üstünlük təşkil etdiyindən deyə bilərəm ki, o sözün həqiqi mənasında mükəmməl şairdir.

Aqşin Hacızadə poeziyasında təcnislərin də xüsusi yeri və xüsusi çəkisi vardır. Tam əminliklə bildirim ki, onun kimi təcnis yazan şair yoxdur. Hətta şair təcnisdə öz sözünü, fikrini daha aydın deyə bilir, dərdlərini oxucuya daha da sadə şəkildə çatdıra bilir:

Nə zamandı həsrət düşüb araya,
Yetirin naməni İncimə məndən.
Alovlu, atəşli salamlarım var,
Gövhərimə məndən, incimə məndən.

Və yaxud,

Ay Aqşin, gələydi yar, sinə-sinə,
Duraydı üzbəüz yar, sinə-sinə.
Nişanə eyləyib yar sinəsinə,
İsmimi bildirən «A» yaza-yaza.

Əbədi və əzəli olan məhəbbət mövzusunda Aqşin Hacızadənin yazdığı şeirlərini oxuyarkən oxucu öz sevgi dünyasına qapanır. Şeirləri oxuyarkən elə sanırsan ki, şeiri elə sən özün yazmısan. Şeirlər o qədər ürəkdən yazılıb ki, ilk məhəbbət oxu daşa dəyənlərdə də yüksək əhval-ruhiyyə yaradır və qəlbini oxşayır.

Nə gözəl yaradıb Allahım səni,
Gözəllər şahısan buna söz olmaz.
Hərdən istəyirəm yazam tərifin,
Qorxuram səhv edəm, sözüm düz olmaz.

Yaxud,

Dilə gəlib acıq verir öl deyir,
Həsrətimdən yana-yana qal deyir,
Oğulsansa, Aqşin, məni al deyir,
O, gözdəki baxışa bax sən Allah.

Sonda şair Aqşin Hacızadəyə yeni-yeni yaradıcılıq uğurları və can sağlığı arzulayıram.

Xarici keçidlər

[redaktə]
  • Araz Yaquboğlu. "Aqşin Hacızadə poeziyası". "Dünya" qəzeti (az.). karabakhmedia.az. 2009. 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.