Məzmuna keç

Arşın mal alan/Üçüncü məclis

Vikimənbə saytından
İkinci məclis Arşın mal alan. Üçüncü məclis
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü məclis


S o l t a n b ә y i n evində vaqe olur. G ü l ç ö h r ә təkcə oturub oxuyur. Musiqi çalınır.

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.

M u s i q i

G ü l ç ö h r ә

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,
Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə)

M u s i q i

Der idim səbr eyləyim olsam cəmalından cüda.

M u s i q i

Der idim səbr eyləyim olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Ah … aman-aman … aman-aman!
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!…

M u s i q i

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.

M u s i q i

Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda.
Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə)

M u s i q i

Tirə oldu ruzigarım zülfü xalindən cüda.

M u s i q i

Tirə oldu ruzigarım zülfü xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Ah aman, aman, aman, aman!

M u s i q i

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə)
Yar gəl, yar gəl, yar gəl, yar gəl!…

M u s i q i

Üzünü örtüb ağlayır.

A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən?
G ü l ç ö h r ә. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır, şükür allaha.
G ü l ç ö h r ә. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən.
A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən. Eyzən fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır…. Ay qız, bəlkə bir adama bənd olubsan, hə?
G ü l ç ö h r ә. (Hərəkət edir). Kimə bənd olacağam….
A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə bənd olubsan?
G ü l ç ö h r ә. Gədə nə üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan…. Nədir-nədir bir qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl qoymaram; o hara, mən hara….
G ü l ç ö h r ә. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır. (Ağlamsınır və əlləri ilə üzünü örtür.)
A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara, bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun. İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar.
G ü l ç ö h r ә. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyәcəyəm.

G ü l ç ö h r ә n i aparır, gedirlər.

S o l t a n b ә y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə bəxt yoxdur…. Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm…. Mən bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xanla aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir…. Amma xalasını alardım və bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım…. Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq saldı. Qoymadı işimizi görək…. Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu…. (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə çağıracaqdır ki, ay qız Telli, gəl üstümü basdır. (Soltan bəyin səsi gəlir: "Ay qız Telli, gəl üstümü basdır"). Çor, zəhrimar…. (Mülayim) Gəlirəm, gəlirəm. (Gedir.)A s y a (daxil olub, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir: bilmirəm hayandan gəldi çıxdı bura arşın malsatan…. Yenə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi…. (Pənçərəyə tərəf baxır). O kimdir bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah lap bəy balasına oxşayır. Bax adam bənd olanda da beləsinə ola. Görəsən bu bizə niyə gəlir, xeyir xəbər ola. Gəlir, gəlir, düz bizə gəlir, qoy gəlsin qaçmayacağam. Gəldi….

Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya əli ilə üzünü gizlətmək istəyir.

S ü l e y m a n. Soltan bəy evdədirmi?
A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.)
S ü l e y m a n (tək). Yəqin ki, Soltan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkəllah, Əsgər! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən belə bilmədim ki, Soltan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük səhv eləmişəm. Gərək bu qızı mən alaydım. Halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyəm. (Fikir). Yoxsa, bəlkə elə gəlmişkən, elə özüm üçün istəyim?… Yox, bu yoldaşlıq haqqında namərdlik olar. Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir, necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana. Adam gərəkdir dostluqda düz ola. Nə eləmək? Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir.

S o l t a n b ә y daxil olur.

S o l t a n b ә y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş görək nə var, nə yox? (Əl-ələ verib, otururlar).
S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər şey öz yerində sazdır.
S o l t a n b ә y. Çox gözəl, indi söylə daha nə var, nə yox?
S ü l e y m a n. Bəy, bilirsən bu dünyanın işi elə belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola…. Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri….
S o l t a n b ә y. O kimdir?
S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.
S o l t a n b ә y. Hə, yaxşı tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi.
S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də şükür allaha, yaxşı varı, malı. Alveri də çox böyük tərəqqidədir.
S o l t a n b ә y. Yaxşı, Əsgər nə deyir?
S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.
S o l t a n b ә y. Balam, mənim qızım uşaqdır ki….
S ü l e y m a n. Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır, bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar.
S o l t a n b ә y. San orasını doğru deyirsən; həqiqət tacir tayfası mənim xoşuma gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellər ilə mənim işim olmaz. Və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən görməmişəm. Hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi vaxt yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. O barədə təvəqqe edirəm ki, mənə etibar edib, sözümə inanasan. Hərgah allah eləməmiş Əsgər pis adam olsaydı, mən sənin qızını ona istərdimmi?
S o l t a n b ә y. Elə isə, allah xeyir versin, razıyam….
S ü l e y m a n (əl tutur). Allah xeyir versin, allah hər ikisini xoşbəxt eləsin. Oğul-uşaq sahibi olsunlar.
S o l t a n b ә y. (durur). İndi buyur də, buyur, gedək o biri otağa çaydan-zaddan içək, söhbətimizi də orada edək. (Durub, o biri otağa keçirlər.)
A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə də görməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım, (Əyilib qapının deşiyindən baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla). Nə qayırım? Gülçöhrə gədənin birinə bənd olanda, mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki, hələ Gülçöhrəni də ötərəm…. (Aşiqanə). Of, həqiqət, adamın adama gözü düşəndə əhvalı necə pərişan olur! (Oxuyur).

M u s i q i

Gözəlim, yar gözəlim.

M u s i q i

Bir sözüm var, gözəlim.

M u s i q i

Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)

M u s i q i

Aşiq oldum sənə mən.

M u s i q i

Etmədin lütfü kərəm.

M u s i q i

Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2dəfə)

M u s i q i

Yanıram eşq oduna,
Yetmədin fəryadına.
Bu yazıq yarına hərdən
Bir nəzər sal, gözəlim. (2 dəfə)

M u s i q i

Gözəlim, yar gözəlim….

Oynayır, sonra gedir.

T e l l i (çıxır). Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov…. Daha həlak elədi məni. Belə şorgöz kişi olmaz. Vallah bir allah bəndəsi olsaydı, mənicə alardı, canımı qurtarardı. Amma hanı bir elə allah bəndəsi! (Deyən kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini yetirdi. (Gedib qapını açır, Vəli daxil olur).
V ә l i. Soltan bəyin evi buradır?
T e l l i. Hə, buradır, nə işin var?
V ә l i. Sizdə bir nəfər qonaq varmı?
T e l l i. Hə, var, necә?
V ә l i. Daha nə üçün acığın tutur?
T e l l i. Acığım nə üçün tutsun, sən kimsən?
V ә l i. Mən kilimçi. (Kənara). Amma əcəb qızdır, yəqin bu qulluqçudur.
T e l l i. Kilimçi nədir?
V ә l i. Bir əvvəlcə de görüm sən kimsən?
T e l l i. Mən bu evin qulluqçusuyam.
V ә l i. Mən də o evin nökəriyəm.
T e l l i. Hansı evin?
V ә l i. Belə o evin, o….
T e l l i. Buy, elə bil gədə dəli olubdur.
V ә l i. Dəli niyə oluram, maralım!
T e l l i. Mən maral deyiləm.
V ә l i. Belə məndən ötrü maralsan, bu canım sənə peşkəş. Belə, belə … belə…. (Oxuyur).

M u s i q i

Qoy xanımı bəy aparıb
Tezlik ilə toy eləsin. (2 dəfə)
Sənidəcə mən alaram, (2 dəfə)
Mən də bir bəy olaram.

T e l l i. Pulun var?
V ә l i. Var, var.
T e l l i. Pulun var, gələrəm!
V ә l i. Bilirəm, gələrsən!
Tel l i. Belə, belə yarımsan!
V ә l i. Belə, belə canımsan!

M u s i q i. Oynayırlar.

T e l l i.

Mən gedərəm ol kəsə ki, (2 dəfə)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dəfə)
Dərdi, qəmi az olsun.
Pulun var?

V ә l i. Var, var.

M u s i q i. Oynayırlar.

İ k i s i b i r y e r d ә.

Qoy xanımı bəy aparıb,
Tezlik ilə toy eləsin. (2 dəfə)

V ә l i. Sənidəcə, mən alaram.
T e l l i. Mənidəcə sən alarsan.
V ә l i. Mən də bir bəy olaram. (2 dəfə)
T e l l i. Sən də bir bəy olarsan. (Tək). Pulun var?
V ә l i. Var, var.

M u s i q i. Oynayırlar.

T e l l i (xoşuna gəlir). Əşi tez ol, sözünü de görüm nə istəyirsən?
V ә l i. Səni istəyirəm, səni. Bildinmi?
T e l l i. Buy, əcəb işə düşdüm.
V ә l i. Gözümün, işığı, get, o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Əcəb qızdır. Vallah, qoy ağam qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür).

S ü l e y m a n və S o l t a n b ә y çıxırlar.

S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Soltan bəyә). Bəy, hələlik xudahafiz.
S o l t a n b ә y. Xudahafiz, salamat ol. (Gedirlər. Soltan bəy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm nə olur…. Bəli, dünyanın işi belədir…. Bir vaxt var idi biz də cavan idik…. İndi….

Q ı z l a r gəlirlər.

S o l t a n b ә y. Hə, oturun görüm. Ay qız Gülçöhrə, nə üçün belə bikef görünürsən? Nə olub ki, naxoş deyilsən ki?
G ü l ç ö h r ә. Xeyr ata, yaxşıyam.
S o l t a n b ә y. Çox gözəl, qızım, bilirsən nə var?
G ü l ç ö h r ә. Xeyr, ata.
S o l t a n b ә y. Bəs elə isə bil: səni ərə verirəm.

G ü l ç ö h r ә hərəkət edir. T e l l i şad olur. A s y a heyfsilənir.

A s y a (kənara). Heyf, oğlan əlimdən çıxdı.
G ü l ç ö h r ә. Ay qız, mənim nə vaxtımdır ki, ərə gedim?
S o l t a n b ә y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən. Hər bir şeyi bilirsən, anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pullu, həm mallı….
G ü l ç ö h r ә. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm.
S o l t a n b ә y (mülayim). Bax, axmaqlama. Mən elçiyə söz verdim getdi.
A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş.
G ü l ç ö h r ә. Yox ata, mən ərə getmək istəmirəm.
S o l t a n b ә y. Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən.
G ü l ç ö h r ә. Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən vur məni öldür, ərə vermə.
S o l t a n b ә y. Deyəsən, sən doğrudan danışırsan. (Bərkdən). Nə axmaq sözdür, necə yəni ərə getmək istəmirsən? Evdə qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ә (ağlayır). Mən ərə getmək istəmirəm.
S o l t a n b ә y (lap bərkdən). Sən allah qudurğan olma. Sənin nə haqqın var söz danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir.
A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as, indi ki, səni ərə verirlər, sənin borcun getməkdir. Daha burda artıq çek-çevir olmaz ki….
G ü l ç ö h r ә. Qoy atam məni öldürsün, amma ərə verməsin.
A s y a. Axı sənin danışmağa nə haqqın vardır.
S o l t a n b ә y. Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm ki, daha eləsin tapmazsan. Sən nə fikirdəsən?
G ü l ç ö h r ә. Sən o adama Asyanı ərə ver, qoy mən evdə qız qalım.
S o l t a n b ә y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə verəcәyəm. İndi səni istəyirlər, gərək əvvəl səni verim.
A s y a. Əlbəttə, elədir.
G ü l ç ö h r ә. Mən ərə getmək istəmirəm.
S o l t a n b ә y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulağından mıxlaram divara. (Gülçöhrə ağlayır…. Sükut. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra mülayim dillə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama ərə verirəm? Sən onu yəqin bil ki, belə oğlana gedəcәksən ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövləti çox. Bəs dəliyəm ki, səni pis yerə verim? Sən mənim gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından öpür). Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım.
S o l t a n b ә y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət elə, eləməsən allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür. Mən kişiyə söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən deyənə qulaq as.
G ü l ç ö h r ә. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim.

A s y a qorxusundan guya üzünü cırır, təәccüb edir.

S o l t a n b ә y (təәccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək.

A s y a qorxur. Musiqi.

G ü l ç ö h r ә. (Oxuyur).

Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)
Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə)
Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə)
Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)
Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə)

S o l t a n b ә y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa o xalası olandır?
G ü l ç ö h r ә. Mən getsəm, ona ərə gedərəm.
S o l t a n b ә y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın gədəsinə ərə gedəcәksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh! İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam deyiləm. Səni də öldürərəm, onu da öldürərəm!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın.
S o l t a n bəy (çığıra-çığıra). Öldürəcәyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur.
S o l t a n b ә y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm olun siz də burdan. (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzində qızımı istəyirmiş. Cəhənnəm olsun onun xalası da, istəmədik…. Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim, çıxsın getsin, yoxsa işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcәyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyәcəkdir. Mənim də hirsim tutar, vurub öldürərəm. Ay qız, Asya, Telli. Bura gəlin. (Asya və Telli daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə bir gədəyə aşiq olubdur. Ay qız get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör, sən allah. Qızın cürətinə bax. Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap xatadır bu qızın işi.

G ü l ç ö h r ә ilə T e l l i gəlirlər. G ü l ç ö h r ә yenə taxtın üstə yıxılır.

M u s i q i

A s y a və T e l l i.

Bəsdir bunca ahü zarın (2 dəfə)
Nəyə lazım bu fəryad (2 dəfə)
Layiqdirmi ola yarın, (2 dəfə)
Atan ola sənə yad! (2 dəfə)

G ü l ç ö h r ә.

Getmiş əldən ixtiyarım, (2 dəfə)
Kimsədən yox heç imdad.
Ağlar oldu böylə halım,
Necə qılmam mən fəryad?! (2 dəfə)

A s y a və T e l l i.

Heç yaraşmaz ah edəsən. (2 dəfə)
Gəl ol sən də biz tək şad. (2dəfə)
Səy qıl kim qala səndə (2 dəfə)
Xalq içində yaxşı ad. (2 dəfə)

M u s i q i

P ә r d ә