Arasında (Aşıq Mirzə Bilal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Arasında
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.65

   
Surətdə mələksən, xilqətdə insan,
Yoxdur bərabərin el arasında.
Bir ovçu öz ovun görərsə əgər,
Var qıya baxışın göz arasında.

Var qıya baxışın canlar dilinə,
Canımı qoymuşam can bədəninə,
Düşməmisən tülək tərlan əlinə,
Dağıda tükünü toz arasında.

Dağıda tükünü tökə çöllərə,
Dibaçə deyərlər hər məsəllərə,
Laçın kimi baş vurursan göllərə,
Sən də bir sonasan qaz arasında.

Sən də bir sonasan, göldə üzərsən,
Qıraq çıxıb qollarını süzərsən,
Tovuz kimi ikiyanlı gəzərsən,
Öldürdün məni sən naz arasında.

Öldürdün məni sən naz qaşları fil-fil,
Gözləri yasəmən, saçları sünbül,
Sənin təki bir gül, mən təki bülbül,
Yoxdur gülüstanda, yaz arasında.

Yoxdur gülüstanda tayın, yoldaşın,
Xuraman yerişin, qəh-qəh gülüşün,
Tanınır görəndə ceyran baxışın,
Var olsun daim min qız arasında.

Var olsun daim o şirin dillərin,
O şümşad qolların, gözəl əllərin,
Aşıq Bilal deyər, ağ məmələrin
Öləndə qəbrimi qaz arasında.