Arasında (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Arasında
Müəllif: Usta Abdulla
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Səhərdən sərvi boylunu
Gördüm bağlar arasında.
Tütünüm ərşə dayandı,
Yandım yağlar arasında,

Yandım yetirən olmadı,
Mətləb bitirən olmadı,
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında.

Eşqin firqətindən çaşdım,
Qəza tutdu mən dolaşdım,
Məcnun kimi dağdan aşdım,
Gəzdim dağlar arasında.

Abdullayam, dərdim çoxdu,
Məni sirab edən yoxdu.
Xəstə düşdüm dərman yoxdu,
Neçə sağlar arasında.